Molla ilə oğlu
Bir gün Molla Nəsrəddin oğlunu yanına salıb eşşəklə gedirmiş. Yoldan keçənlər deyirlər:
– Buna bax! O boyda kişi özü eşşəyə minib, uşağı piyada aparır.
Molla eşşəkdən düşüb uşağı mindirir. Yol qırağında oturanlar bunu görüb lağ eləyirlər:
– Ağsaqqal kişiyə bax! Oğlanı mindirib eşşəyə, özü piyada gedir.
Belə olanda Molla eşşəyə minib uşağı tərkinə alır. Yenə də yoldan ötənlər qulp qoyurlar:
– Sən bir bunlara bax! İki yekə adam bir cansız eşşəyə minib.
Molla əlacsız qalıb uşaqla birlikdə eşşəkdən düşür. Piyada getməyə başlayırlar. Bunu görən yolçular gülüşürlər:
– Bunlar nə ağılsız adamlardır. Yanlarında eşşək ola-ola ikisi də piyada gedir.
Axırda Mollanın əlacı kəsilir, eşşəyi dalına alıb deyir:
– Hamıya qulaq assan, gərək eşşəyi belinə alasan.
03.12.2025