Qasım bəy Zakir. Tərlanlar və elçilər
Keçmiş əyyamlarda Yəmən şahına davamlı hədiyyələr göndərən bir Herat hakimi var idi. Bir gün Herat hakimi yenə Yəmənə – şaha xüsusi dəbdəbə ilə hazırlanmış hədiyyələr göndərmək istəyir. Bu hədiyyələrin arasında şahlara layiq çox gözəl tərlanlar da olur.
Tərlanları qızıl boyunbağılarla elə bəzəyir ki, gözəlliyi göz oxşayır, boyunbağılar da mirvarilər və par-par parıldayan daş-qaşla süslənir. Xülasə, bu quşlar qaranlıqda elə bərq vururlar ki, görənlərin gözləri qamaşır. Herat hakimi bütün hədiyyələri qablaşdırandan sonra quşları təzə gəlin kimi bəzətdirib nökər-naibə tapşırır ki:
– Mən sübh namazına duranacan Yəmənə çatmış olun. Özünüz də gözlərinizi dörd açıb bu quşları yaxşı qoruyun! Onların başından bir tük əskik olsa, ya qanadları sallansa, ya da qartala yem olsalar, özünüzdən küsün. Şəhərə qayıdan kimi hamınızı dara çəkdirərəm. Arvad-uşağınız da başsız qalar.
Herat hakimi sözünü bitirən saat elçiləri Yəmənə üz tuturlar. Az gedirlər, çox gedirlər, bir də baxıb görürlər ki, quşların bədəni üzülüb. Elçiləri kədər bürüyür. Bilmirlər nə etsinlər. Onlardan biri deyir:
– Bu quşlar, yəqin ki, acdırlar. Gəlsənə onlara çörək verək.
Elçilər çörəyi ovub quşların dimdiyinə sarı tuturlar, amma quşlar yemirlər. Belə olan halda tərlanlara yola götürdükləri halvadan, kişmişdən, qovurmadan, bişmiş küftədən, dolmadan verirlər. Amma tərlanlar yemirlər ki, yemirlər. Çarəsiz qalan elçilər yığışıb məsləhətləşib belə qərara gəlirlər ki, quşların zılına baxsınlar. Onda bilinəcək ki, bu heyvanlar nə yeyib, nə içirlər. Baxıb görürlər ki, zıl ağ rəngdədir. Elə bilirlər ki, quşlar qatıq içirlər. Tez atlarını obaya sürüb qatıqsatanın yanına gəlirlər. Üç eyməyə üç qazan qatığı boşaldıb gətirirlər. İndi də elçiləri fikir alır ki, qatığı tərlanlara necə içirsinlər. Deyirlər:
– Qatığı quşlara əllə içirmək olmaz, dimdiklərinə sürtməklə də doymazlar. Yaxşısı budur ki, quşları salaq eymənin içinə, ürəkləri nə qədər istəyirsə, o qədər də yesinlər. Saraya çatanda eymənin ağzını açarıq, çölə çıxarlar.
Dedikləri kimi də edirlər. Quşları eymənin içinə salıb ağzını möhkəm-möhkəm bağlayırlar.
Özləri də rahatca yola düşürlər. Gecə-gündüz dincəlməyib söhbət edə-edə gedirlər. Sözarası bir-birinə təsəlli də verirlər: “Yəmən şahı bu hədiyyələri görəndə gör bizə nə xələtlər verib necə qayığımıza qalacaq”.
Az gedirlər, çox gedirlər, nəhayət, gəlib saraya çatırlar. Mehter elçiləri görən kimi tövləni açıb atları içəri salır. Elçiləri də şahın hüzuruna aparırlar. Şahın hüzuruna daxil olanda görürlər ki, bütün saray əhli qonaqları gözləyir. Herat hakiminin şaha yazdığı qızıldan toxunan parçaya bükülmüş naməni götürüb vəzirə uzadırlar. Vəzir naməni şaha aparır. Şah naməni açıb oxuyur. Namədə bütün hədiyyələr adbaad qeyd olunmuşdu. Şah tərlanların adını görəndə maraq onu boğur, ardını oxumadan cəld əmr verir:
– Burada yazılıb ki, hədiyyə göndərilən tərlanlar heç bir quşa tay olmayan, misli-bərabəri görünməmiş tərlanlardır. Elə söz düşmüşkən dərhal tərlanları gətirin. Baxıb zövq alaq. Əgər, həqiqətən də, şaha layiq bir hədiyyədirsə, onda bilin ki, xərac işiniz həll olundu.
Elçilər nökər-naiblə xurcunları gətirirlər hüzura. Bir qüvvətli, qoluzorlu adam xurcunları sevincək çiyninə alıb gətirir. Elə bilir ki, bu gözəl hədiyyəyə görə şah ona da bəxşiş verəcək. Elə ki xurcunların ağzı açılır, hamının gözü bərələ qalır. Xurcundan təpədən-dırnağa qatığa bulanmış quşlar çıxır. Bu quşların nəinki dimdiyi, gözü, heç başı da seçilmir. Tamamilə tanınmaz vəziyyətə düşən tərlanları görən saray əhli təəccüb içində donub-qalır. Şah isə qəzəbindən şirə dönür. O saat əmr verir ki, yarıtmaz elçiləri dara çəksinlər. Lakin şahın çox ağıllı və xətrini istədiyi müdrik əyanları ondan izin istəyib deyirlər:
– Ey bu taxt-tacın sahibi! Doğrudan da, elçilər bu quşları belə eybəcər hala saldıqlarına görə ən ağır cəzaya layiqdirlər. Ancaq bir məsəldir, deyirlər: “Elçiyə zaval yoxdur”. Gəl sən bunları öldürmə, amma ölümdən də betər et. Bunların əl-qollarına, bədənlərinə yaxşıca qatıq sürtək. Qalan qatığı da tökək başlarına. Sonra da bir eybəcər uzunqulağın üstünə tərsinə mindirək. Carçı da düşsün önlərinə. Uzunqulaq yol getdikcə carçı aləmə car çəksin ki, yarıtmaz günahkarları bax belə cəzalandırarlar!
Bu tədbir şahın çox xoşuna gəlir. Deyir:
– Əhsən sənə, vəziri-əzəm, çox əhsən!
Bəli, dedikləri kimi də edirlər. Qatıq sürtülmüş elçiləri uzunqulağa tərsinə mindirib şəhərə çıxarırlar. Şəhər əhli də səhlənkar, yarıtmaz elçilərin cəzasını öz gözləri ilə görmüş olur.
Nahaq demirlər ki, səbirsiz hökmdar çox peşman olar. Ağıllı adamların sözünə qulaq asmayanlar da böyürə-böyürə qalar.
Bu əhvalat Herat şəhərində baş versə də, əslində, bütün hakimlərə aiddir. O adamlara etimad et ki, əvvəl imtahanından keçsinlər, sonra onlara əmr verib iş tapşır. Yoxsa onların da axırı əlləri, qolları ağa batmış, özləri də bir yekəqarına bənzəyən bu elçilərin halına dönəcək. Ona görə də əvvəl insanları sınamaq lazımdır. Hər kəsin işinə, fərasətinə bələd olmaq vacibdir. Belə bir məsələ də var:
“Eşşəkdən at hünəri umma. İtdən də ov aparmağı istəmə”.
Nə isə… Sözü çox uzatmayım, uzun söhbət dinləyəni bezdirər. Sözüm burada başa çatdı. Siz sağ, mən salamat.
23.07.2026