Nigar Rəfibəyli. Vətən duyğuları
Bakıdan beş gün ayrılanda
yuxuma Xəzər girir.
Sarı qumlu sahillərdə çırpınan
gümüş telli ləpələr girir.
Abşeronun boz, yanıq çölləri
girir yuxularıma,
Anasıyçün ağlayan
körpə uşaq kimi ağlardım
qoysaydılar məni
öz ixtiyarıma.
Dənizdə boylu çinar kimi yüksələn
Tənha buruğun təklik
qəmini düşünürəm.
Eybi yoxdur, deyirəm,
çoxalarsız yaxın zamanda.
Təklik çətin olur
Həm şad gündə,
həm tufanda...
Alagözlü gəlin Göygölümü
düşünürəm.
Yuxularıma Hacıkəndin
palıd meşələri girir.
Gəncliyim Xaçbulaq yaylağında
sarı çiçək dərir.
Dağlarım, dərələrim, çöllərim var,
Salxım-salxım yasəmənim,
çəmən-çəmən güllərim var.
Zənginlərdən zənginəm,
Dalğalı bir dənizəm,
Buludsuz bir ənginəm.
Anam bircə qız gətirdi dünyaya
Lakin tək olmadım bircə an da.
Tək olmadım nə xoş gündə, nə tufanda.
Qardaşlarım var- yüz-yüz igid ürəkli qəhrəman.
Bacılarım var- saf diləkli, mehriban.
Ayağımın altında- neft ətirli torpağım,
Başımın üstündə ulduzlu göylərim.
Sularında doya-doya çimdiyim,
məxmər örtüklü Xəzərim.
Bir udum vətən suyuna,
Bir ovuc vətən torpağına
Həsrət olanları düşünürəm.
Vətəndən ayrı düşüb,
Qürbətdə qalanları düşünürəm.
Çətindir vətənsiz, elsiz olmaq,
Ağırdır nəğməsiz, dilsiz olmaq,
Doğma, şirin nəğmələrimi dəyişmərəm
bu dünyanın dövlətinə, malına.
Dəyişmərəm dost təbəssümünü
Dünyanın cah-cəlalına.
20.07.2026