Şeirlər

Rəsul Rza. Rənglər II

SARI
Dolu dənli sünbül dənizi.
Şikəst bir övlad anasının bənizi.
Payıza bürünmüş ağaclar.
Payını güclülər yemiş aclar.
Məhəbbətə ləkə salan
cingiltili metal.
Həyatdan ayrılmış xəyal.
Simlərin fəryadı.
Yol çəkən gözlər.
Qüdrətli nərgizlər.
Debüssinin "Kürən saçlar"ı.
Sallaqxana qapısından girən
qafıl öküzlər.
Ağıllı dəli.
İnsan əməli.
 
SAMAN SARISI
Anadan olduğu evin
çılpaq divarlarına həsrət.
Peşmanlıq qoxuyan həqiqət.
Qürubun şəfəqlərində
yaralı qəlbinə meydan oxuyan
Nazim Hikmət
və onun ağrılı məhəbbəti.
Bir xırmanı bir külfətə
bir doyumçun az olan
arpanın küləşi.
Qış günəşi.
Göy ətəyində bir an görünən
aypara.
Acı xatirələrin yadigarı;
dostlara, insanlara.
Gözə görünməyən,
yandıqca sönməyən,
yara!
Bir sim ki,
artıq gərək olmayacaq
soyumuş barmaqlara.
Günəşsiz sarmaşıqlar,
Mahnısını itirmiş aşıqlar.
Bir də saman sarısı!
Doyumsuz, böyük insanın
son eşqi, son ağrısı.
 
BƏNÖVŞƏYİ
Qış günlerində bahar qoxusu.
Şaxta qorxusu.
Hicran qorxusu.
Ağ qırovda
günəşin çimdikləri.
Ala gözlərin qəzəbi.
Qırılmış sim.
Boynuburuq yetim.
Göydə qatarlanan durna sefi.
Birdə
nənəmin
dolaşıq kələfi.
 
BADIMCANI
Əyyaş burnu.
İlk dərs günü.
Yanıqlı göz yaşına səbəb olan ləkə
ve körpə əllərinin naxışı.
Günəşli zanbaqlar.
Eyri üyrü qaytanla
göydən asılmış dağlar.
 
SÜRMƏYİ
Zəngin süfrənin yaraşığı
Ağır təzyiq altında sıxılıp
qatılaşmış mavi.
Dənizin qəzəbi. ,
Kalçada göllənmiş ilmələr.
Ehtiraslı öpüşün acı xatirəsi.
Gözlərin köbəsi.
Zulmün teb'esi.
Aylı gecədə
qarlı dağ təpəsi.
 
ÇƏHRAYI
Bülbülə atılan böhtanlar.
Ucuz səadət.
Qayğısız kənd
və onun təsvirini vermiş həpənd.
Arpa suyunun məzəsi.
Bayağı dostun təzəsi.
Cüt çarpayı örtüyü.
Yaralanmış qızıl qazın
havaya sovrulmuş tükü.
Ömər Xəyyam
və onun şərab küzəsi;
nadanlar təsəvvüründə.
Gündüzlə gecənin ayrıcna tökülmüş
şərab.
Riyakar çeşməyi.
Varağı çox, məzmunu az kitab.
Xoş ətirli yarpaqlar -
qızılgül tufanı.
İşdən, məhəbbətdən qızarmış
yanaqlar.
Həya.
Can qurtaran boya.
 
 
AL QIRMIZI
Unudulmaz mənzərə;
poladlaşan dəmir.
İnsan yuvasında
Prometeyin töhfəsi.
Dağlarda lalə gölleri.
Ovod və onun faciəsi.
Dalaşqan uşaq.
Qatil əlində bıçaq.
Yağışlı gündə silahlı üsyan.
Qəti döyüşdə xalqın qəzəbi.
Doğru sözün qısa məzmunu.
Zəfər bayraqlarının rəsmi keçidi.
Daxmalı, qazmalı kəndin
minarəli məscidi.
Bir də insan bəzəyi.
 
 
QIRMIZININ ÜMİD ÇALARI
Uzaq ulduzların yaxın yolu.
Bir də insan:
alnı açıq,
gözləri etibar dolu.
 
FİRUZƏYİ
Xatirələrdə qalmış məhəbbət ağrıları.
Dənizin yaraşığı.
Yaşıl abajurdan
mavi divara düşmüş
lampa işıgı.
Yoxsul qız barmaqlarının həsrəti.
Cəfər Cabbarlının Bakısı.
Dünyadakı gözlərdən
ancaq ikisi.
 
QIRMIZININ İNAM ÇALARI
 Dözüm.
Günəş içmiş üzüm.
Ümid yolu.
Geniş meydan- nəğmə dolu.
Güllələrin, vədələrin gücsüzlüyü.
Qəlbi səksəkəli atanın
İlk övladı.
İnsan adı.
Ölümün dadı.
İnsanlara məhəbbət.
Çılpaq həqiqət.
 
SUMAĞI
Nənəmin gəlinlik şalı.
Kabab qoxusu.
Döyüşdən çıxmış Qıratın nalı.
Gecənin tabutuna salınmış örtük.
Qəssab baltası altına düşmüş kötük
Dodaqlar, dırnaqlar.
Yaralı ov izində qar
 
İNNABI
İki nəfər
hərləndilər dağı dərəni,
yolu tapabilmədilər.
Gecə kəsmişdi bəndi bərəni.
Üfüqə sancılanda səhər,
yolu tapdı
iki nəfər.
 
QIRMIZI VƏ QARA
O gələndə ümid gedirdi.
Onu görüb yubandı.
Nəfəsi güzgünü belə
tərlətməyən xəstənin
damarına axanda
qan,
Ümid qayıtdı geri.
Adamlarm gözündə göründü.
Baxışında, üzündə göründü.
Buz nəfosli qaraltı
çəkildi qapıdan;
yavaş-peşman.
Dərindən nəfəs aldı insan.
 
QARA
Namərd düşmən.
Şüurdan gizlənmiş qorxu.
Əbədi ayrılığın ağrısı.
Yaşamaq üçün sürünənlərin çoxu.
(Şikəst olub sürünənlər xaric)
Ağ yalan.
Dodaqları yandıran ah.
Edam gününə açılan sabah.
Ləkəli sözlər.
Gözlərin alovu.
Saçlar, qaşlar.
Qaranəfəs olmuş ceyranın əti.
Birdə
bəzi insan niyyəti.
 
QARANIN DƏRD ÇALARI
Həsrətli gözlər.
Pərişan saçlar.
Titrək dodaqlar.
Sürət yolunda dəstəbaşı çolaqlar.
Söz eşidebilməyən qulaqlar.
Sındırılmış puçurlu budaqlar.
Nəğməsiz dağlar
Kör bulaqlar.
Ovsuz ovlaqlar.
Odsuz ocaqlar.
Yaşamalı ölülər.
Ölməli sağlar.
Dili âli məclislərdən qovulan,
qolları buxovlu olan,
qəbilələr, xalqlar.
 
ALA - BULA
İnsan ömrü.
Taleyin şıltaqları.
Ənənəçi mötəbərin otaqları.
Arzular, ümidlər.
Arxiv qəfəslərində dincələn
əlyazmaları.
Göylərin bulud yamağı.
Ağlı-qaralı donuz.
Xatirələrdə qalmış
tapşırıqlı yolumuz.
Əbədiyyətin geco-gündüz səhifələri.
Ala düşmüş insan üzü.
Güvə dəymiş dəri.
Uzunqunc corabların
kilkə yun kəlofləri.
Sevincin, kədərin,
inamın, ümidsizliyin
çeşidləri.
Zebr balası;
böyük olsun, kiçik olsun.
Xoşbəxtlərin sevinci,
bədbəxtlərin yası,
İnsan dünyası.
 
ƏL VURMAYIN,RƏNGLƏNİB!
Dodaqlara qonmuş təbəssüm.
Buqələmunlar.
Təcrübəli meymunlar.
Qara qatıq.
Ağ qurum.
Yeməli qum.
Məhəbbətin surraqatı.
Məqsədli alqışlar,
İnsan qəlbinin
boş olduğu anlar.
Fil görünən birələr.
Səməd Mənsur haqqında xatirələr.
Doğruya bənzəyən yalanlar.
Şalvarlı, köynəkli,
donlu, əlcəkli adamlar.
Hər cürə boya.
Toydan yasa,
yasdan toya
tələsən addımlar.