Bayatılar

Qara kəl asta gedər (Holavarlar)

Qara kəl asta gedər,
Dolanar, dosta gedər.
Ay qaranlıq gecədə,
Astabaasta gedər.


Qara kəlim, gündə mən,
Kölgədə sən, gündə mən.
Sən yat qaya dibində,
Doy qaralım gündə mən.


Dağ döşündə yatana,
Gün gedər ay batana.
Qara kəlim qarğıyar
Kotan macı tutana.


Bu saya yaxşı saya,
Həm çeşməyə, həm çaya,
Həm ülkərə, həm aya.
Həm yoxsula, həm bəyə.
Bu saya kimdən qaldı,
Adəm atadan qaldı.

 

Əbrişim, telli quzu,

Qonurdu onun gözü,
Biri gəlinin olsun,
Biri çobanın payı.
Üzün ağ olsun, çoban,
Canin sağ olsun, çoban.


Göydəki göy buludlar
Yorğanıdır çobanın.
Yastı-yastı təpələr
Yastığıdır çobanın.
Yumru-yumru qayalar
Yumruğudur çobanın.
Əlindaki dayanak
Qalxanıdır çobanın.
Yanındakı boz köpək
Yoldaşıdır çobanın.
Ağzı qara canavar
Düşmənidir çobanın.