Süleyman Rəhimov. Günümüzün nağılı
Bir gün Xəzər sahilində şırhaşırla göyə qalxan ağ fəvvarənin qırağında, yamyaşıl qol-budağını ağ köpüklü hovuza sallayan salxım söyüdün altında, əlvan rəngli skamyada tək-tənha əyləşib fikrə getmişdim... Birdən gördüm budur bir ağ göyərçin qanad çala-çala gəlib qarşımdakı söyüdün budağına qondu. Mən fikrimdən ayrılıb zəndlə göyərçinə baxınca, göyərçin də oynaq gözlərini gəzdirə-gəzdirə mənə baxdı:
— Səhv etmirəmsə gərək ki, siz yazıçı Salman babasınız?
— Bəli, — deyə mən uşaqlıqdan aludə olub sevdiyim, bir zaman yedirib-içirib bəslədiyim göyərçini süzüb cavab verdim.
— Mən yazıçı Salman babayam.
— Onda yazıçı Salman baba söyləsin görüm, neçə-neçə ildən bəriyə mənim adımı öz qanadlarında gəzdirən «Göyərçin»in baş qəhrəmanı kimlərdir?
— Əlbəttə, birinci sırada baba-nəvə.
— Sübut... siz nə ilə sübut edə bilərsiniz?
— Əgər siz adınızı iftixarla öz qanadlarında daşıyan «Göyərçin»in bütün nüsxələrini ta əzəl günündən bu günəcən oxuya-oxuya vərəqləsəniz, onda görərsiniz, əsasən «Göyərçin»in baş qəhrəmanları ağsaçlı baba ilə günəş gözlü nəvədir.
— Niyə?... Bəyəmləri ağsaçlı baba ilə günəş gözlü nəvə göydən-zaddan gəliblər? Daha dünya üzündə baba-nəvədən savayı «Göyərçin» üçün baş qəhrəman yoxdur?
— Niyə yoxdur? — Mən səbrlə cavab verdim. — «Göyərçin»in səhifələrində «Nəvə və nənə», «Ana və bala», «Ata və oğul», nə qədər desən başqa nağıl və əfsanə, şeir və nəğmə tapmaq mümkündür.
Mənimlə danışmağa girişən, ara-sıra ətrafa göz gəzdirib salxım söyüdün yaşıl budağında öz yerini daha da bərkidən ağ göyərçin davam etdi:
— Bəs belə olan surətdə niyə də gərək «Göyərçin»in baş qəhrəmanları baba-nəvə olsun?
— Çünki «Göyərçin» məcmuəsinin gözəl, yaraşıqlı, şəkilli səhifələrində fəxri yer tutmaqda baba və nəvənin haqqı, əsası vardır.
— Necə haqqı, əsası? — Ağ göyərçin ağ tüklərini qabardıb ciddiləşdi. — Bəlkə, siz özünüz yazıçı baba olduğunuza görə tərəfgirlik edib, baba-nəvə tərəfində durursunuz?
Mən ağ əlimi ağ bığımın hər iki ucunda gəzdirə-gəzdirə gülümsündüm:
— Bəlkə də, belədir, göyçək göyərçin? Axı məcmuə öz qanadlarında sizin adınızı daşıyır. Necə deyərlər, ixtiyar sahibisiniz.
— Mən tərif yox, izahat istəyirəm.
— Demək, sizin tərif deyilən bəzək-düzəkli sözlərdən xoşunuz gəlmir?
— Gəlir, niyə gəlmir, — deyə Göyərçin kefinin kökəldiyini gizlədə bilmədi. — Mənim özümü nəinki bu gün, lap tarix boyu qədimdən bəriyə şairdən ədibə qədər az tərifləməyiblər. Nə qədər desən şənimə yazıb, musiqi qoşublar. Nağıllarda, dastanlarda məni dara düşənlərin dadına çatan xilaskar göstəriblər. Bir sözlə, olanı da, olmayanı da mənim adıma yazıblar.
— Ancaq siz indiyə qədər heç bir tərifnaməni üzüüstə geriyə qaytarmamısınız.
— Düzü... belə əhvalat yadıma düşmür.
— Onda məni baba-nəvə tərəfkeşliyində qınamayın.
Göyərçin mətləb üstünə gəldi:
— Sübut edin görüm niyə də gərək baba-nəvə «Göyərçin» üçün baş qəhrəman olsun?
— Mən ancaq öz mülahizəmi bildirdim, yoldaş Göyərçin.
— Buyurun, baba.
— Deyin görək baba-nəvəni ömründə savaşan, atlarını düz yerdən çıxarıb daşlığa, qayalığa sürən görmüsünüzmü?
— Görməmişəm.
— Mən bilən, bu dünya üzündə bu qəhrəmanların arasında dostluqdan savayı ixtilaf olmasın gərək.
— Sizcə, hikmət nədədir?
Göyərçinin inad etdiyini görüncə işin içindən çıxmaq üçün yenə də gülümsəyə-gülümsəyə cavab verdim:
— Məncə, getdikcə baba uşaqlaşır.
— Bəs nəvə?
— Nəvə boy atıb kişiləşir.
Söhbətimizin bu yerində anasını da götürüb Xəzər sahilinə məni axtarmağa gələn, artıq böyüyüb on yaşına yetişən məktəbli nəvəm Elxan məni görər-görməz yüyürə-yüyürə yanıma gəldi. «Göyərçin»in son nömrəsinin əlimdən sürüşüb köpüklü suya düşdüyünə də fikir vermədi. O, qolunun artan qüvvətini sınayırmış kimi məni hop götürmək, öz gələcəyinin aşıb-daşan qüdrəti ilə çağlayan fəvvarə qırağındakı salxım söyüdün başından da yuxarı atıb-tutmaq istədi.
Bu zaman biz baba-nəvənin günlər deyil, illər həsrəti kimi mehribanlıqla görüşdüyünü görən ağ Göyərçin qanad çala-çala bizi alqışladı. Dalğalar da köksü üstünə qanad açan «Göyərçin» məcmuəsini götürüb, «Göyərçin»dən bixəbər olan, uşaq dastanını vərəqləməyən başqa baba-nəvə üçün sovqat aparırdı...
16.07.2026