Əziz Sultan. Ağ quyruqlu meymun
Qayalığın arxa tərəfindəki meşənin dərinliyində bir meymun sürüsü yaşayırdı. Bir gün onların arasında ağ quyruqlu bir meymun balası dünyaya gəldi. Ağquyruq meymun qısa müddətdə bütün sürünün sevimlisinə çevrildi. Oyun oynayarkən nə istəsə, onu edirdilər. Yemək üçün nə diləsə, tapıb verirdilər. Yatmağa hansı ağacı seçsə, digərləri də ora gedirdilər.
Həddən artıq diqqət və sevgi görmək onun bəzi səhv düşüncələrə qapılmasına səbəb oldu. Belə ki, ağquyruq meymun özünün digərlərindən daha gözəl, daha yaraşıqlı olduğunu zənn etməyə başladı. Hətta bir müddət sonra digər meymunları bəyənmədi. İndi ağquyruq meymun tez-tez dostlarından uzaqlaşıb aralı gəzməyə can atırdı. Güzgüsü olmadığı üçün özündən xəbəri olmayan bu meymun digər meymunları çirkin, özünü isə yaraşıqlı sanırdı.
Bir gün ağquyruq meymun sürüdən gizlicə ayrıldı. İstəyirdi ki, özünə tay dost tapsın. Həm özü kimi gözəl, yaraşıqlı, həm də özü kimi ağıllı olsun. Meşəni xeyli gəzib-dolaşdıqdan sonra tutuquşuları gördü.
“Bunların quyruqları da mənimki kimi gözəldir”, – deyə fikirləşdi.
Tutuquşular hər gün hündür qayalığın kənarındakı tənha ağacın başına toplaşar, dayanmadan qaqqıldaşar, deyib-gülər, söhbət edib oynaşardılar. Ağquyruq meymun da onların arxasınca getdi və həmin ağacı özünə yuva etdi. Hər gün hündür budaqlarında o tərəf-bu tərəfə tullanaraq şən səslər çıxardı, özünü tutuquşulara sevdirməyə çalışdı. O, qəribə səslər çıxardıqca tutuquşuların gülüşə bənzəyən qaqqıltıları daha da çoxalırdı.
Meymun:
– U, uu, uuu!.. – deyə ahənglə qışqırır, tutuquşular da:
– Qa, qaa, qaa!.. – deyərək sanki nəqarəti xorla təkrarlayırdılar.
Ağquyruq düşündü ki, tutuquşular onun məlahətli səsinə valeh olur, yüksək qabiliyyətinə görə onu alqışlayırlar. Beləliklə, ağquyruq meymun yeni dostları ilə əyləncəli vaxt keçirməyə başladı. Halından məmnun olduğuna görə sürüsünün yanına qayıtmadı.
Günlərin bir günü ov axtaran xallı bəbir yolunu qayalıqdan salmışdı. Tənha ağacdan gələn çoxlu quş səsi onun iştahasını qabartdı. Kolluqların, çalların arasında gizlənə-gizlənə ağaca yaxınlaşdı. Uzun müddət səssiz və hərəkətsiz gözləyib götür-qoy etdi ki, o, ağaca dırmaşana qədər orada heç olmasa bir dənə tutuquşu qalar, ya yox?
Birdən ağacdan sallanan bir şey onun diqqətini çəkdi. Bu, meymun quyruğuna bənzəyirdi, amma ağ rəngdə idi. Gözlərini qırpmadan, heykəl kimi dayandı, bir müddət müşahidə apardı. Quyruq tez-tez tərpənir, sağa-sola yellənir, sanki xallı bəbirə gəl-gəl deyirdi. Xallı bəbir tərəddüd göstərdi. Bu ağacda əvvəllər heç meymun görməmişdi. Bir azdan ağquyruq tərəfdən çığırtılı gülüş səsini eşidəndə əmin oldu ki, həqiqətən də, ağacın üstündə meymun var. O bu fürsəti əldən verə bilməzdi.
Xallı bəbir var gücü ilə sürət yığıb hücuma keçdi. Ağaca çatmağına bir neçə addım qalanda yuxarı doğru sıçrayıb birbaşa ağacın gövdəsindən yapışdı. Ağac silkələndi. Qorxuya düşən tutuquşular uçub canlarını qurtarma təlaşına düşdülər. Bir neçəsi bir-birinə dəyərək səndələsə də, nəhayət, hamısı uçub ağacdan uzaqlaşdı. Artıq ağacın üstündə iki heyvan qalmışdı: aşağıdan yuxarı dırmaşan xallı bəbir və çığıra-çığıra bir budaqdan o birinə tullanmaqdan başqa qaçış yolu qalmayan ağquyruq meymun. Ağquyruq meymun yaxşı bilirdi ki, yerə düşsə, onun sürəti xallı bəbirdən qaçıb qurtulmaq üçün kifayət etməyəcək.
Ağquyruq meymun budaqdan budağa tullandıqca xallı bəbir onun dalınca gəlir, onu yorub əldən salmağa çalışırdı. Ağquyruq meymunun fəryadını meşənin kənarında oynayan digər meymun balaları eşitdi. Balaca meymunların imdad çağırışını eşidən digər meymunlar da yığışıb hamısı birlikdə sürü halında tənha ağaca tərəf qaçmağa başladı. Bəzilərinin əlində daş-kəsək, bəzilərində quru ağac budaqları var idi.
Meymunlar uzun əllərini qaldırıb endirir, ağızlarını bacardıqları qədər geniş açıb iri, iti dişlərini göstərərək qışqırışırdılar. Yüzlərlə meymunun hay-küylü hücumu xallı bəbiri vahiməyə saldı. Qaçmaqdan başqa qurtuluş yolu qalmamışdı. Meymunlar gəlib çatmadan ağacdan yerə tullandı, çalların arasında gözdən itdi.
Öz həmcinslərindən ayrılmaqla səhv iş tutduğunu başa düşən ağquyruq meymun cəld ağacdan enərək digər meymunların arasına qatıldı. Meymun sürüsü ağquyruğu dövrəyə alıb birlikdə meşəyə qayıtdı.
15.07.2026