Nağıllar, hekayələr

Qasım bəy Zakir. Tülkü və şir

Sizə keçmiş zamanlardan maraqlı bir əhvalatı danışım, siz də razı qalın.

 

Deyirlər, bir vaxtlar Çin dənizində bir ada var imiş. Bu ada yaşıllığa bürünmüş səfalı bir yer imiş. Görən deyərmiş ki, bura lap cənnətdir, yer üzündə bunun tay-bərabəri başqa bir yer yoxdur.

 

Ada qurdun da, quşun da, növbənöv yırtıcıların da oylağı, məskəni imiş. Buranın sakinləri rahat, dərdsiz-qəmsiz ömür sürürmüşlər.

 

Günlərin bir günü təsadüfən bir şirin güzarı bura düşür və bu gözəl məkanda məskən salır. Ancaq şirin gəlişi ilə digər heyvanların rahatlığı pozulur. Şir onlara göz verir, işıq vermir. Hər gün üçünü-dördünü tutub yeyir.

 

Bir gün şirin əlindən zərər gələn heyvanlar yığışıb məsləhətləşir ki, nə edək, başımıza nə çarə qılaq? Çox götür-qoydan sonra, nəhayət, belə bir fikrə gəlirlər:

 

— Bizim şirlə nə söz, nə də pəncə güləşdirməyə gücümüz çatar. Ya gərək isti yuvamızı qoyub çıxaq gedək, ya da ki şirlə bir dil tapıb dinc yaşayaq. Hər gün şirin qorxusundan neçə dəfə ölüb-dirilirik; səksəkədən əriyib çöpə dönmüşük.

 

Çox mübahisədən, çək-çevirdən sonra axır razılığa gəlirlər ki, tülküyə üz tutsunlar, bu işi ancaq o bacarar. Deyirlər:

 

— Ay kələkbaz tülkü, adada yaşayan bütün heyvanların adından sənə bir təklifimiz var. Sən gərək bu təklifi bəyənəsən. Dədə-babadan şirlərlə birevli kimisiniz. Onlar dara düşən kimi ya gizlin, ya aşkar sizinlə məsləhətləşərlər. Bizə rəhm elə, özümüz sənə göndərərik, sən də yeyib rahat yatarsan.

 

Tülkü deyilənlərə qulaq asandan sonra deyir:

 

— Söz yox ki, mən öz canımı əsirgəmərəm. Ancaq bütün günü özündən danışan, qürurlənən o boşboğazlar var ha, bəs onlar hanı? Dar gündə bizi qoyub hara qaçıblar? “Güclü” ayı, “qürurlu” donuz, “yırtıcı” canavar, “məğrur” çaqqal niyə meydanda yoxdur? Yaxşı gündə “mənəm-mənəm” deyənlər, başqasına macal verməyib ovunu göydə qapıb yeyənlər hanı?! Heç onların əlinə yağlı ov düşəndə məni yada salmırdılar! İndi yaman gündə çəkilib durublar qıraqda. İstəyirlər ki, bir hiylə ilə canlarını qurtarsınlar. Mən zavallı tülkü niyə kimlərinsə güdazına getməliyəm? Bəs bilmirlər ki, şir o ağır pəncəsini başıma endirsə, xəmir olub yerə yapışaram. Eşitməmisiniz ki: “Güclü nə bilir duz-çörək haqqı?!”

 

Bilirsiniz nə var? Göndərin o qoluzorluları, səsi meşəni başına götürənləri, qoy təklifinizi şirə çatdırsın, üstəlik, ondan da sizə xəbər gətirsin.

 

Hamı bir ağızdan deyir:

 

— Ay tülkü qardaş, sən Allah, belə sözlər danışma. Bilirsən ki, elçiyə zaval yoxdur. Düz deyirsən, yaxşı gündə biz boşboğazlıq edirik, boynumuzu uzadıb, sinəmizi qabardıb gəzirik özümüz üçün. Ancaq biz gedə bilmirik. Bilirsən niyə? Harada idi bizdə o ədəb-ərkan, şirin dil, xoşqıllıq və ürək ki şirə nəsə söyləyək?! Danışmağa dilimiz var ki, gedib şirlə də danışaq? Belə deyirlər, bir ağaca ki törpü çəkilmədi, o ağacdan nə qapı çıxar, nə darvaza, nə də ki körpü. Amma sən hər elmdə mahirsən. Ağılda, fərasətdə hamıdan üstünsən. Hansı müşkül işə əl atsan, göz yumub-açanacan o iş öz həllini tapar.

 

Bilirik, sənin yanında günahımız çoxdur, xəcalətliyik. Boynumuz qıldan da incədir. Gəl sən bizi bağışla!.. Keçmişi unut. Necə deyərlər, olan olub, keçən keçib. Əgər sən bu işə bir çarə etməsən, gərək ya hamımız yurdumuzu tərk edək, ya da hər gün qorxudan ölək.

 

Çox dil töküb çox danışırlar, axır ki, tülkünü razı salırlar. Tülkü birbaş şirin hüzuruna yollanır. Gəlib heyvanların sözünü şirə çatdırır, təklifini edir.

 

Şir bundan çox məmnun qalır. Sən demə, özü də nə vaxtdan bəri belə bir təklif gözləyirmiş. Razılaşırlar. Tülkü bu şad xəbəri heyvanlara çatdırandan sonra onlar rahat nəfəs almağa başlayırlar.

 

Razılaşmaya görə hər gün bir dəstədən gözəgəlimli, kök bir heyvanı seçib şirə göndərirlər. Bir müddət bu minvalla dolanırlar. Ta ki sıra gəlib tülküyə çatana qədər. Bir axşam bayquş xəbər gətirir ki, bəs indi sırada olan tülkülərdir. Aranızdan şirə layiq yağlı bir tülkünü seçib ona göndərin.

 

Tülkülərin çox ağıllı, müdrik, qocaman bir başçısı var imiş. Xəbəri eşidən kimi dostlarını, doğmalarını ətrafına yığıb deyir:

 

— Əziz dostlar, doğmalar, sizi bilmirəm, mənə bu təklif çox ar gəlir. Bütün yer üzü hiyləgərliyimizdən, kələyimizdən danışır, gecə-gündüz bizə ölüm arzulayır. Az qala Günəş də, Ay da bizi görəndə qara çadrasını üzünə çəkir. Div bizim əksimizi suda görəndə qaçıb gözdən itir. Biz yarım saat ac qalanda qırqovul, turac bilmir ki, başını hara soxsun. Hər hiylədə əlimiz var. İndi nə deyirsiniz, bu ad-sanla şirə şikar olub adımızı batıraq?! Allah şahiddir ki, mən qətiyyən ölümdən qorxmuram. Belə yaşamaqdansa ölüm yaxşıdır. Ancaq nahaqdan zorba bir şirə qurban getmək adımıza heç yaraşmır. Əgər biz buna bir çarə tapmasaq, ömür boyu utanc yaramız sağalmayacaq, göyür-göyür göynəyəcək.

 

Bütün tülkülər ağıllı, müdrik başçıları ilə razılaşır, ona tərif yağdırırlar: “Səndə bu ağıl, bu fərasət olmasaydı, biz özümüzə özgə diyarı məskən edərdik. İxtiyar da sənindir, asayiş də. Bir tədbir gör.”

 

Bəli, tülkülər işin bütün məsuliyyətini dəstə başçılarının üstünə atıb aradan çıxırlar. Qoca tülkü isə sübhə kimi yatmır. Yatağında elə hey o yana-bu yana dönüb düşünür ki, nə etsin, necə tədbir töksün ki, tülkü qardaşları ziyansız sovuşsun bu xətadan.

 

Səhər olur, Ay gizlənir, Gün doğur. Şirin nahar vaxtı gəlib çatır. Amma nə qədər gözləyir, yeməyi gəlib çıxmır. Səbri-qərarı kəsilir. Bir də görür ki, budur, tülkü yavaş-yavaş, yıxıla-dura gəlir. Şirin hüzuruna çatan kimi kömək istəyir:

 

— Ey adamızın şahı, bizə rəhmin gəlsin. Bir ölkənin iki şahı olmaz. Şikarınızı gətirəndə yolda başqa bir şirə rast gəldim. Nə qədər dedim ki, bu bizim şahımızın şikarıdır, sən kimsən ki, sənə qismət ola?! O mənim öyüd-nəsihətimə qulaq vermədi. Ovu parçalayıb sənin də ünvanına söyüşlər yağdırdı. Hələ bu azmış kimi, məni də parçalamaq istədi. Kol-kosa ilişə-ilişə, gizlənə-gizlənə gəlmişəm. Bundan sonra bütün ixtiyar sənindir. Gör nə edirsən?

 

Şir bunları eşitcək cin atına minir. Tülküyə deyir:

 

— Tez məni o şirin olduğu yerə apar!

 

Hə, şirlə tülkü getməyində olsun, sizə nədən xəbər verim, deməli, günlərdən birində tülkü su ilə dolu dərin bir quyuya rast gəlibmiş. Quyu o qədər dərin idi ki, fil düşsəydi, içində ilim-ilim itərdi. Tülkü zarıya-zarıya şiri həmin quyunun ətrafına gətirir. Quyuya çataçatda deyir:

 

— Mən daha bundan o yana gedə bilmirəm. Məni belinə al, şirin yanına çatanda üstünə cum, məni də tulla onun üstünə. Heç olmasa, sənə bir köməyim dəysin.

 

Axmaq şir də tülkünün dediyi kimi edir, onu belinə alır. Quyunun başına çatar-çatmaz tülkü özünü kənara atır. Şir də suda öz əksini görüb elə bilir ki, bunun şikarını yeyən elə bu heybətli şirdir. Qəzəbindən bağıra-bağıra özünü quyuya “düşmən”inin üstünə atır və boğulub ölür. Beləliklə, çoxbilmiş tülkü şirin qəzəbindən özü də xilas olur, adadakı başqa heyvanlar da. Bundan sonra onlar əvvəlki kimi o gözəl məkanda şad-xürrəm yaşayırlar.

 

Belə hekayələr dünyada çoxdur. Bəli, kim ki xalqa zülm edər, onun sonu fəlakətlə bitər. Kim ki intiqam atəşi ilə yanar, tədbirsiz iş görər, onun sonu da bax bu şir kimi olar. Kim ki məsləhətsiz iş görər, heç vaxt uğur qazanmaz. Kim ki düşməni kiçik, zəif görər, həmin o düşmən onu bəlaya düçar edər.