Nağıllar, hekayələr

Lev Tolstoy. Mükafat

Bir əkinçi torpağı şumlayanda çox qiymətli, nadir bir daş tapır. Tez aparıb krala vermək istəyir.

 

Saraya çatanda saray məmurlarından kralı necə görə biləcəyini, onunla görüşməyin necə mümkün olduğunu soruşur.

 

Onlardan biri əkinçidən soruşur:

 

– Kralı nə üçün görmək istəyirsən?

 

Əkinçi də qiymətli bir daş tapdığını və onu krala vermək istədiyini deyir.

 

Bunu eşidən saray məmuru:

 

– Yaxşı, – deyir, – səni kralın yanına aparacağam. Amma mənə söz ver ki, kral sənə nə bağışlasa, yarısı mənim olacaq!

 

– Olar, – deyə əkinçi razılaşır.

 

Bundan sonra saray məmuru əkinçini kralın yanına aparır.

 

Kral dəyərli daşı alandan sonra əkinçidən soruşur:

 

– Məndən mükafat olaraq nə istəyirsən?

 

Əkinçi deyir:

 

– Mənə əlli qamçı vurmağınızı istəyirəm. İstədiyim mükafat budur. Saraydakı məmurlardan biri ilə də razılaşmışıq. Alacağım mükafatın yarısını ona söz vermişəm. Buna görə də iyirmi beş qamçı mənə, iyirmi beş qamçı da ona vurmağınızı istəyirəm.

 

Bu sözləri eşidən kral ürəkdən gülür və əkinçiyə çoxlu mükafat, hədiyyələr verir. Həmin məmuru isə sarayından uzaqlaşdırır.