Təbiət

Yarasaqulaq tülkü

Yarasaqulaq tülkü və ya Böyükqulaq tülkü  itlər fəsiləsinin tülkü cinsindən olan yırtıcı məməli növüdür. Bu tülkünün adındakı "yarasa" ifadəsi, ehtimal ki, həmin bölgədə çox yayılmış və iri qulaqlara sahib olan Misir yarıqüzlü yarasasına istinad edir.

 

 

Yarasaqulaq tülkü, böyüklüyünə görə yalnız fennek tülküsünün (çöl tülküsü) qulaqlarından geri qalan diqqətçəkən qulaqları ilə yanaşı, diş quruluşu və qidalanma tərzi ilə də kəskin şəkildə fərqlənir.  Qidasının böyük bir hissəsini qarışqa yeyən termitlər təşkil edir və bu həşəratlar tülkünün su ehtiyacını da qarşılayır, çünki yarasaqulaq tülküsü sərbəst su mənbələrindən içməyə ehtiyac duymur. Termitlərlə qidalanmaqla, o, bu həşəratların populyasiyasına nəzarət edir və insan məskunlaşdığı bölgələrdə zərərvericilərə qarşı təbii nəzarətçi rolunu oynayır. Nadir hallarda isə meyvə, əqrəb yeyir, kiçik gəmiriciləri və quşları ovlayır. Peyin böcəkləri və termitlər böyük sayda iri dırnaqlı heyvanların rast gəlindiyi yerlərdə bol olur. Buna görə də Yarasaqulaq tülkülər, əsasən həşəratlarla bəslənmələrinə baxmayaraq, yenə də bu heyvanlardan asılıdırlar. Onlar böcəyin peyin kürəciyindən çıxmaq üçün yuxarıya doğru gəmirərkən çıxardığı cırmaqlama səslərini eşidərək yerini təyin edirlər. Bu zaman onlara uzunluğu 12 sm-ə çatan iri qulaqları kömək edir. 

 

Yarasaqulaq tülküsü böyük qulaqları sayəsində bədən temperaturunu tənzimləyə bilir.

 

Dişləri nisbətən kiçikdir, lakin əlavə olaraq dörddən səkkizə qədər azı dişi var. Yarasaqulaq tülkülər adətən özlərinin qazdıqları yuvalarda çoxalırlar. Onlar cüt-cüt yaşayırlar, lakin hər iki cinsdən olan "köməkçiləri" də daxil etməklə kiçik ailə qrupları da yarada bilərlər. İki dişi eyni vaxtda çoxaldıqda, balaların müştərək bəslənilməsi mümkündür. Tülkü balaları (adətən 2-dən 5-ə qədər) 60 günlük hamiləlikdən sonra doğulurlar. 4 aylıq yaşda yetkin fərdlərin ölçülərinə çatır və onlarla birlikdə ava çıxmağa başlayırlar. Bu zaman qrupların sayı 12 fərdə qədər ola bilər. Tülkülər adətən fərdi şəkildə qidalanırlar. Müxtəlif ailələrin yemlənmə sahələrinin bir-biri ilə kəsişdiyinə dair məlumatlar var. Qruplar arasındakı təmaslar dinc şəkildə qarışmaqdan tutmuş açıq aqressiyaya qədər dəyişir. Adətən iki və ya üç yuva bir-birindən bir neçə yüz metr məsafədə yerləşir; bu, yəqin ki, torpağın və ya bitki örtüyünün yerli əlverişliliyi ilə bağlıdır. Yaşayış sahələrinin ölçülərinin 0,5 ilə 3 kv. km arasında olduğu bildirilir. Populyasiya sıxlığı 1 kv. km-ə 10 fərdə çata bilər, lakin daha çox 0,5 ilə 3 fərd arasında olur.

 

Yarasaqulaq tülküsü bəzi yerlərdə xəz üçün ovlanır, lakin bu növə hər hansı böyük təhlükə mövcud deyil. Buna görə də, Beynəlxalq Təbiəti Mühafizə Birliyi onu “ən az narahatlıq doğuran növ” kimi qiymətləndirir.