Təbiət

İrukandji meduzası

Dünya okeanlarının gizlətdiyi saysız-hesabsız təhlükələr arasında biri var ki, öz görünməzliyi və ölümcüllüyü ilə xüsusilə seçilir. İrukandji meduzası (Carukia barnesi) — planetin ən zəhərli dəniz canlılarından biridir və onun mikroskopik ölçüsü insan üçün yaratdığı  təhlükə ilə tamamilə təzad təşkil edir.

 
İlkin olaraq İrukandji meduzasının yalnız Şimali Avstraliyanın sahil sularında, Böyük Sədd rifi bölgəsində yaşadığı güman edilirdi. Lakin sonrakı araşdırmalar onun Tayland, Filippin, Malayziya sahillərində, həmçinin Karib dənizində və hətta Florida sularında da olduğunu üzə çıxarıb.
 
Qutu meduzalar sinfinə aid olan İrukandji 2 santimetr diametrə malik kiçik bir növdür. Lakin onun 1 metrə qədər uzana bilən sancıcı qolları (bığcıqları) çox ağır zərbə vurmağa qadirdir.
 
Onun İrukandji sindromuna səbəb olan zəhəri sinir sistemini zədələyir, ağciyərləri və ürəyi iflic edə bilir. Avstraliya Muzeyinin məlumatına görə, meduzalar dörd bığcığını örtən xüsusi sancıcı hüceyrələrin köməyi ilə hücum edir və hədəfə zəhərlə dolu tikanlar fırladırlar. Onların zəhəri İrukandjinin potensial yırtıcılardan qorunma sistemidir.
 
İrukandji meduzasının zəhəri kobra zəhərindən 100 dəfə güclü, tarantula zəhərindən isə 1000 dəfə toksikdir.
 
 
Minimal ölçülərinə baxmayaraq, meduzanın bığcıqları eyni anda 5000-ə qədər sancma törədə bilər.
 
Qlobal iqlim dəyişikliyi ilə bağlı okean temperaturlarının yüksəlməsi bu meduzaların arealının daha mülayim enliklərə doğru genişlənməsinə şərait yaradır.
 
 
Avstraliyanın Kvinslend ştatında onların görünməsini proqnozlaşdıran və ictimaiyyəti təhlükə barədə xəbərdar edən xüsusi "meduza xidməti" fəaliyyət göstərir.
 
 
İrukandji və digər qutu meduzaları mərkəzi sinir sisteminə malik ən ibtidai canlılar arasında olsalar da, onların mürəkkəb davranışı və aktiv ov etmək bacarığı alimləri heyrətə gətirir.