Gülzar İbrahimova. Tərlan və Çirkanın nağılı
Bir şəhərdə, bir gözəl evdə Tərlan adlı bir oğlan yaşayırdı. Tərlan artıq böyümüşdü və ona görə də bağçaya gedirdi. O hətta 10-a qədər saymağı da bilirdi. İndi isə yazmağı öyrənirdi. Demək olar ki, «A» hərfini tanıyırdı. Həmişə anasının sözünə qulaq asır, oyuncaqlarla oynayandan sonra onları yerinə yığar, yeməyini səliqə ilə özü yeyər, ayaqlırını gölməçədə islatmaz, yaş eləməz, xəstələnməzdi. Ümumiyyətlə, çox ağıllı oğlan idi, amma...
Tərlanın xoşlamadığı, ürəyindən olmayan bir iş var idi. Yuyunmaq və dişlərini fırçalamaq. Hər səhər anası Tərlanı yuxudan oyadanda onu öpər və yuyunmağa göndərərdi. Bu gün də Tərlan yuyunmaq üçün hamam otağına keçib qapını arxadan bağladı. Həmişəki kimi su kranını açıq qoydu. Amma nə əlini, nə üzünü, nə də dişini yudu. Sonra kranı bağladı. Yeməyini yeyib bağçaya yollandı. Bağça evə yaxın olduğundan Tərlan bağçaya özü tək gedirdi. Anası hər gün eyvandan ona baxır, əl edirdi. Bu dəfə də belə oldu. Ana oğluna əl elədi və sonra evə girdi.
Elə hər şey də bundan sonra başladı. Həyətdə Tərlanın qarşısıına qara bir oğlan çıxdı. Çatan kimi «Dostum!» - deyib Tərlana əl uzatdı. Tərlan soruşdu:
- Sən kimsən?
Qara oğlan cavab verdi:
- Mənim adım Çirkandır. Həmişə çirkli olduğuma görə adımı belə qoyublar! Bax sən də yuyunmağı xoşlamırsan, elədir?
- Elədir!
Tərlan mızıldaya-mızıldaya cavab verdi. Çirkan güldü:
- Sən yuyunmağı xoşlamırsan, mənim də yuyunmaqdan zəhləm gedir. Yuyunmağı xoşlamayanlar hamısı bir-birləri ilə dost olmalıdırlar. Çünki bizimlə heç kəs dostluq eləmək istəmir, bizi heç kəs sevmir. Dostsuz yaşayanda isə adam darıxır!
Tərlan dedi:
- Mənim bağçada çoxlu dostlarım var. Anam da məni çox istəyir, amma istəyirsənsə, səninlə də dost ola bilərəm!
Çirkan sevindi:
- Onda əl ver! Tərlan əlini uzatdı. Çirkan bərkdən əlini Tərlanın əlinə vurdu. Çirkanın əli Tərlanın əlinə dəyən kimi əlləri qapqara oldu. Tərlan təəccüblə əllərinə baxdı, başını qaldıranda isə daha Çirkanı görmədi. Ətrafa baxıb tez bağçaya qaçdı ki, gecikməsin.
Uşaqlar bağçanın həyətində oynayırdılar. Tərlan onların yanına gələndə hamı təəccblə bir-birinə baxdı: «Görəsən kimdir bu qara oğlan, yəqin təzə uşaqdır?». «Bəlkə o zəncidir?».
Doğrudan da Tərlan Çirkanla dost olandan sonra qapqara olmuşdu. Tərlan qaça-qaça gəlib salam verdi və keçib skamyada oturmaq istəyəndə uşaqlar qoymadılar:
- Bu skamya bağça uşaqları üçündür, orda oturmaq olmaz!
Tərlan pərt oldu. Ayağa qalxıb dedi:
- Mən Tərlanam!
Uşaqlar inanmadılar:
- Yox, Tərlanın rəngi ağdır sən isə qapqarasan!
Tərlan kövrəldi, uşaqlardan küsüb evlərinə qayıtdı. Ana qapını açanda oğlunu tanımadı:
-Sən kimsən? Kimi axtarırsan?
Bunu eşidəndə həyəcandan Tərlanın səsi də dəyişdi:
- Ana? mənəm!
Ana söylədi:
- Səhv gəlmisən, oğlan, mənim oğlum heç vaxt sənin kimi çirkli ola bilməz!
Tərlan ağlamaqdan özünü güclə saxlayırdı. O, həyətə düşüb fikirli-fikirli yaxınlıqdakı parka getdi. Parkda isə lap dəhşətli bir hadisə baş verdi. Ağaclar onun yolunu elə kəsdilər ki, oğlan parka girə bilmədi. Birdən parkdan gələn musiqi səsi də kəsildi və musiqi yerinə reproduktordan kobud bir səs eşidildi:
- Diqqət, diqqət! Natəmiz, çirkli, əl-üzünü yumayan, dişlərini fırçalamayan uşaqların parka girişi qəti qadağandır!
Tərlan daha buna dözə bilmədi. Gözündən yanağına bir damla yaş düşdü. Üzündə göz yaşı düşən yer ağardı. Göydəki buludlar oğlanın bu halını görüb acıdılar. Yağışa dönüb yerə yağdılar. Tərlanın başına yağdılar. Oğlanın çirki getdi, rəngi ağardı. Həmin gündən Tərlan daha çirkli oğlan olmadı. Çirkanla dostluğ eləmədi. Bağçadakı dostları ilə barışdı. Yenə də anası hər səhər onu öpüb yuxudan oyatdı. Tərlan da hər səhər əl-üzünü tərtəmiz yudu, dişlərini tərtəmiz fırçaladı.