Nəriman Süleymanov. Tamah
İsti yay günlərinin birində yekə bir hindtoyuğu balaca bir çəyirtkəyə rast gəldi.
— Aha, — dedi. — Yaxşı əlimə düşmüsən. Mən səni göydə axtarırdım, yerdə tapdım.
— Mən sənin nəyinə lazimam? — deyə çəyirtkə yazıq-yazıq soruşdu. Hindtoyuğu saqqalını tərpədib möhkəm güldü:
— Axmaq! Gör bir nə danışırsan?! Axı, mən səni yeyəcəyəm!..
Çəyirtkə otların arasına girdi. Nazik ayaqlarını dincəldirib qulaqlarını qaşıdı. Elə bil eşitdiklərinə inanmaq istəmirdi.
— Sənə nə pislik etmişəm? Nə üçün məni…
— Sus! Sarsaq! — deyə hindtoyuğu ona acıqlandı və tutmaq üçün burnunu otların arasına soxdu.
Çəyirtkə qabağa atıldı. Hindtoyuğu da onun ardınca cumdu. Çəyirtkə bir də tullandı. İndi lap uzağa düşdü. Hindtoyuğu yenə də onun ardınca qaçdı.
Çəyirtkə qaçır, hindtoyuğu onu qovurdu. Əl çəkmək istəmirdi. Nəhayət, yorulub dayandı. Töyşüyə-töyşüyə yan-yörəsinə boylandı, heyrətindən gözləri kəlləsinə çıxdı. Sıx kol-kosluq, qaranlıq idi. Bura hara idi? O hara gəlib çıxmışdı? Birdən yan-yörədən qəribə səslər eşitdi.
— Viğ-viğ… uuu…
— Bunlar nə idi? Yəqin ki, belə yerdə tülkü, çaqqal, canavar, hətta ayı da olardı.
— Aman! — deyə hindtoyuğu göz yaşı axıtmağa başladı.
O, tamahının ucundan kol-kosluqda döyükə-döyükə qalmışdı.
01.06.2026