Meşə simfoniyası
Yaz gələndə atam tez-tez yaxın dostları ilə təbiət qoynuna çıxırdı. Onlar tilov, fotoaparat, çadır və başqa lazımi əşyaları yığıb maşınlarla yola düzəlir, iki-üç gün səyahətdə olurdular. Mən həmişə atamın qayıtmasını səbirsizliklə gözləyirdim. Çünki o heç vaxt belə səfərlərdən əliboş qayıtmırdı. Zənbillərlə dolu göbələk, balıq, müxtəlif otlar, güllər gətirirdi.
Mən atamın təbiət qoynunda dostları ilə çəkdirdiyi şəkillərə baxdıqca onlara həsəd aparırdım. Düşünürdüm ki, kaş mən də tez böyüyəydim, atam məni özü ilə səyahətə aparaydı. Hərdən ehmalca onun yanında bu haqda söz salırdım. O isə zarafatla qolumdan yapışıb əzələlərimi yoxlayır və deyirdi:
- Təbiətdə yaşamaq fiziki güc tələb edir. Bütün günü ayaq üstə işləməli olursan.
Yemək tapmaq, odun daşımaq, ocaq qalamaq, çadır qurmaq elə də asan deyil. Sən hələ bir az da əzələ yığmalısan. Cırtdan deyilsən ki, sənin odun şələni biz daşıyaq.
Bu sözlərdən sonra mən gündə idman edirdim. Hər dəfə də güzgü qarşısında dayanıb əzələlərimə baxırdım. Mənə elə gəlirdi ki, onlar getdikcə böyüyür. Ancaq atam nədənsə bunu hiss etmirdi. Hərdən o, evdə olanda mən köynəyimi çıxarıb əzələlərimi şişirdərək otaqda gəzişirdim. Atam isə gözucu mənə baxıb gülümsünürdü.
Nəhayət, bir gün, deyəsən, atam mənim böyüdüyümü hiss etdi. Axşam səfər çantasını yığışdırarkən dedi:
- Gəl kömək elə. Sabah bizimlə gedəcəksən.
Mənim sevincimin həddi-hüdudu yox idi...
...Biz meşənin içi ilə maşın yolu qurtarana qədər getdik. Burada kiçik bir tala var idi. Atamgil çadırları bu talada qurmağı qərara aldılar. Biz yükləri boşaltmağa başladıq.
Meşə füsunkar idi. Ağacların yarpaqları yavaşca xışıldayır, quşlar cəh-cəh vurur, yaxından axan çayın şırıltısı eşidilirdi. Mənim atama çoxlu sualım var idi: "Bərkdən səsi gələn o quşun adı nədir? Bu meşədə hansı heyvanlar var? Burada ilan olurmu? Çay uzaqdadırmı?.." Amma heç nə soruşmadım. Böyüklər ətrafa fikir vermədən sanki gündəlik işlərini görürdülər. Mən də mane olmaq istəməyib onlara qoşuldum.
Axşamayaxın işləməkdən, ora-bura qaçmaqdan ayaqlarım və qollarım ağrıyırdı. Həsrətlə çadırda uzanacağım anı gözləyirdim. Birdən-birə göyün üzünü qara buludlar aldı, meşəyə qaranlıq çökdü. Qatı zülməti yalnız ildırım öz parlaq işığı ilə arabir yarırdı. Bir azdan yağış başladı və hərə öz çadırına çəkildi...
Gecənin bir vaxtı atam ildırım səsinə yuxudan oyanıb mənə baxdı:
- Sən niyə yatmırsan? - deyə yavaşca soruşdu.
- Mən qorxuram, ata. Gör necə ildırım çaxır!.. Külək də vıyıldayır... Ağaclar elə cırıldayır ki, adamı vahimə basır. Yağışın səsi də bir tərəfdən... Elə bil kimsə çadırı döyür.
- Nə danışırsan, oğlum?! Bütün bunlar təbiətin simfoniyasıdır. Bu musiqini duymaq üçün həmin səsləri başqa cür dinləməlisən.
- Başqa cür, necə? - deyə təəccüblə soruşdum.
- Bir diqqətlə qulaq as! İldırım sanki səma təbilləridir. Ağaclar böyük skripkalar kimi çalır. Külək min cür səslə oxuyur. Yağış öz simlərini göydən yerəcən uzatmış nəhəng arfaya bənzəyir. Otlar da bu qəribə konsertə valeh olaraq xışıldayır. Bütün bunlardan isə mənim sənə dediyim təbiət simfoniyası yaranır.
Mən meşənin sehrli simfoniyasını heyranlıqla dinləyərək yavaş-yavaş yuxuya getdim
26.05.2026