Lev Tolstoy. Kral və köynək
Günlərin bir günü kral xəstələnir.
– Məni sağaldan adama torpaqlarımın yarısını bağışlayaram, – deyir.
Ölkənin bütün alimləri, təbibləri bir yerə yığışıb kralı necə sağaldacaqlarını düşünməyə başlayırlar.
Amma heç biri çarə tapmır. Onlardan birinin ağlına belə bir fikir gəlir:
– Xoşbəxt bir adam tapsanız, onun köynəyini alın. Köynəyi krala geyindirin, kral o zaman sağalacaq.
Kral bütün adamlarını çöllərə salır ki, o xoşbəxt adamı tapsınlar.
Adamlar hər yerə gedirlər, amma heç cür xoşbəxt bir adam tapmırlar. Heç kim həyatından razı deyildi. Biri çox varlıdırsa, qocalmağa başlamışdı, ondan şikayətlənirdi. Biri sağlam və gəncdirsə, pulu yox idi. Biri həm varlı, həm də sağlamdırsa, onun da pis xasiyyətli bir arvadı var idi. Bəzən də uşaqları pis əxlaqlı olurdu. Göründüyü kimi, hamının şikayətləndiyi bir dərdi var idi.
Bu günlərdə bir gecə kralın oğlu kiçik bir daxmanın qabağından keçərkən içəridən səs eşidir. İçəridə kimsə belə deyirdi:
– İlahi, sənə şükür olsun. İşlərimi bitirdim, yeməyimi yedim. İndi yıxılıb yata bilərəm! Başqa nə istəyə bilərəm ki Səndən?!.
Kralın oğlu bunu eşidib sevinclə saraya qayıdır.
Tez adamlarına əmr edib deyir:
– Filan evə gedin, o adamın köynəyini alıb gəlin. Köynəyini aldıqları üçün də tapşırır ki, həmin adama istədiyi qədər pul versinlər.
Adamlar deyilən evə gedirlər. İçəri girirlər, daxmadakı adamın köynəyini istəyəcəklər ki, bir də nə görsələr, yaxşıdır? Xoşbəxt adam o qədər kasıb idi ki, geyinməyə köynəyi belə yox idi…
08.05.2026