Nağıllar, hekayələr

Əlimərdan Məmmədov. Turac

Gecə qalın qar yağmışdı. Çöllər və ağaclar ağ örtüyə bürünmüşdü. Səhər tezdən kənd uşaqları bağ və meşələrə getdilər ki, ağ turac və torağayları yemləsinlər. Soyuqdan donan varsa, gətirib evdə bəsləsinlər. Solmazın böyük qardaşı Nuru da uşaqlarla getdi. Bir neçə saatdan sonra Nuru evlərinə qayıtdı. Solmaz onun qabağına yüyürdü:


— Nuru, torağay tutdun? Nuru dedi:


— Solmaz, torağay yox, sənə turac tutmuşam. Turacı qoynundan çıxartdı.


— Ver mənə baxım!


— Qaçar, qoy qəfəsə salaq, yazıq lap donub, yazda buraxarıq, uçub gedər!

 

Onlar turacı qəfəsə saldılar. Hər gün ona dən və su verir, bəsləyirdilər. Turac dən yeyir, su içir, bikef-bikef qəfəsdə yatırdı.

 

O, yoldaşlarından ayrı düşdüyünə görə çox darıxırdı. Bahar gəlmiş, çöllər, ağaclar yaşıllaşmış. Qara xallı lalələr açmışdı. Bütün quşlar öz şirin bahar nəğmələrini oxuyurdu. Solmazın anası Nərgiz qəfəsi gətirib artırmanın sütunundan asdı.

 

Solmaz, Nuru və anaları turaca tamaşa edirdilər. Birdən evin qabağındakı yaşıl təpənin üstündə bir turac oxumağa başladı.


— Dit-di-di, dit-di-di.


Bunu eşidən kimi qəfəsdəki turac da ona cavab verdi:


— Dit-di-di, dit-di-di.

 

Solmaz soruşdu:


— Ana, onlar nə deyirlər?


Anası Solmazın saçlarını sığallaya-sığallaya dedi:


— Balaca qızım, o turac bu turacın yoldaşıdır. Nuru turacı tutub gətirəndən bəri çığıra-çığıra onu axtarır. İndi o deyir: «Har-da-san, har-da-san», bu da ona cavab verir: «Qə-fəs-də-yəm, qə-fəs-də-yəm». Solmaz, səni məndən, Nurudan ayırsalar, qala bilərsən?


— Yox, qala bilmərəm, — dedi və anasını qucaqladı.


— Bu da yoldaşlarından ayrı dura bilmir də.


— Ana, gəl turacı buraxaq.

 

Ana qəfəsi açıb, turacı buraxdı. Turac pırıltı ilə uçub yaşıl təpənin döşünə qondu, axtarıb yoldaşını tapdı.