Betül Yağsağan. Acgöz qartal
Keçmiş zamanlarda tülkü ilə qartal dost olmuşdular. Bir-birləri ilə yaxşı yola gedir, bir-birlərindən ayrı boğazlarından su da keçmirmiş.
Daha da doğmalaşmaq üçün axırda yuvalarını belə, bir-birinə yaxın tikmək qərarına gəlirlər. Odur ki, qartal uca bir çinarın başında, tülkü isə ağacın dibindəki kolluqda özünə yuva düzəltdi.
Aradan bir neçə həftə keçdi. Tülkü və qartalın balaları dünyaya gəldi. Günlərin bir günü tülkü balalarına yem tapmaq üçün ova çıxdı. Həmin gün qartal da balalarının qarnını doyurmaq üçün çox gəzib-dolaşmış, amma yuvaya əliboş qayıtmalı olmuşdu.
Odur ki, tülküdən icazə almadan onun balaları üçün gətirdiyi yemi götürüb öz balalarına yedirdi.
Ovdan qayıdan tülkü qartalın bu hərəkətini öyrənib çox məyus oldu.
Tülkünü sevən meşədəki digər heyvanlar da məsələdən hali olub ona kömək etmək istədilər. Amma… Qartalın yuvası o qədər yüksəkdə idi ki, heç kim ora çıxa bilmədi.
Aradan bir müddət keçdi. Qartal artıq ova getmir, tülkünün ovladıqlarını oğurlamaqla kifayətlənirdi.
Bir gün acgöz qartal gəzinti üçün meşəyə gələn insanların süfrəsinə hücum çəkdi. Manqaldan yenicə götürülən bir ət parçasını dimdiyinə alıb yuvasına doğru uçdu. Amma ət parçasının üzərindəki qığılcımları hiss etmədi.
Əti yuvasına qoyması ilə yuvanın alışıb yanması bir oldu. Qartal çaş-baş qaldı. Yanğının necə başladığının fərqinə varmadan balalarını tülkünün yuvasına daşıdı.
Tülkü qartaldan çox incisə də, balalarına qıymadı. Onları yuvasına qəbul etdi.
Bu hadisədən sonra qartal öz səhvini başa düşdü. Tülküdən üzr istədi. Yenidən canbir dost oldular. Birlikdə ov etdilər. Ovladıqlarını bir-birləri ilə paylaşmağa başladılar.
20.04.2026