Nağıllar, hekayələr

Kamran Məmmədov. Yalançı "Xortdan"

1907-ci ildə Əbdürrəhim bəy Haqverdiyev Gəncədə yaşayırdı. Gəncə ziyalıları onu yaxşı tanıyırdılar. Ziyalılardan yazmaqla məşğul olanlar da vardı. Əli Nəzmi də bunlardan idi. Onlar öz yazdıqlarını Ə.Haqverdiyevə oxuyar, ondan məsləhətlər alardılar. Bir nəfər Ə.Haqverdiyevi lap təngə gətirmişdi. Bu “ziyalı” gecələri yatmır, ağlına gələn hərzələri yazıb adını da faciə qoyur və səhəri Ə.Haqverdiyevə oxuyurdu. Ə.Haqverdiyev də xasiyyətcə mülayim olduğu üçün özünə əziyyət verib qulaq asırdı. Bir gün yenə Ə.Haqverdiyev bağda oturmuşdu. Bir də gördü ki, həmin “dostu” əlində də “Molla Nəsrəddin” məcmuəsinin son nüsxəsi gəldi və salam verib onun yanında əyləşdi. O, həmişəkindən fərqli olaraq çox qürurlu görünürdü.

 

- Əbdürrəhim bəy, “Cəhənnəm məktubları”nı mütaliə edirsinizmi? - deyə “Molla Nəsrəddin” nüsxəsinin “Cəhənnəm məktubları” çap olunan səhifəsini göstərir.

 

- Əlbəttə, oxuyuram, - ədib cavab verdi.

 

Yəqin, xoşunuza gəlir?

 

- Niyə, pis deyil, yaxşıdır.

 

- Mən ölüm, Əbdürrəhim bəy, düz deyirsiniz?

 

- Necə bəyəm? Sizinlə zarafatım var?

 

- Deməli, mən çox xoşbəxtəm.

 

Ə.Haqverdiyevi maraq qarışıq təəccüb bürüdü.

 

- Təəccüblənməyin, Əbdürrəhim bəy, öz aramızda qalsın, heç kimə deməyin. “Cəhənnəm məktubları”nı mən yazıram. “Xortdan” da mənim gizli imzamdır.

 

- Çox gözəl. Amma, qardaşoğlu, hər bir yazdığın pyesi mənə oxuduğun halda, təəssüf ki, bunu oxumamısan. Gətir hekayənin mabədini oxuyaq, çox maraqlıdır.

 

- Yox, mirzə, düzü, bu onlardan deyil, bunu oxumaram...

 

- Doğrudan, oxumazsan?

 

Yox, qorxuram.

 

- Niyə? Nədən qorxursan, qardaşoğlu?

 

- Deyilənə görə, qələm sahibləri çırpışdıran olurlar.

 

- Elə isə, qulaq as, mən oxuyum, sən başa düş, - deyə Ə.Haqverdiyev əlini cibinə salıb bir dəftər çıxarır və “Cəhənnəm məktubları”nın mabədini oxumağa başlayır. “Cəhənnəm məktubları”nın “müəllifi” - yalançı “Xortdan” özünü itirir, “Mirzə, işim var”, - deyə əkilir və bir daha Ə.Haqverdiyevin gözünə görünmür.