Nağıllar, hekayələr

Nurlana İşıq. İnadkar Ayçil

Ayçil və Şahnaz sinif yoldaşı idi. Onlar həm də bir məhlədə qalırdılar. Hər gün bir - birlərinin evinə gedib - gəlirdilər. Bəzən danışmağa sözləri də olmurdu. Balkonda yan - yana oturub yoldan keçən maşınlara baxırdılar. Geyimləri də, bantları da çox vaxt eyni olurdu. Amma xasiyyətləri tamam fərqli idi. Bəlkə də, elə buna görə dostluq edə bilirdilər. Onlar yolu bəzən səssiz , bəzən də mübahisə edərək getməyi xoşlayırdılar. Buna görə də həmişə eyni vaxtda çıxırdılar evdən.


Qış gəlmişdi. Yeni ildən düz 19 gün keçmişdi. Məktəb tədbirə hazırlaşırdı. Şəhidlərin, qəhrəmanların anım günü idi. Müəllim hər uşağa iki qərənfil almağı tapşırmışdı. Gülləri xatirə stendinin qarşısına qoyub hərə öz şeirini səsləndirəcəkdi. Şeirləri intonasiya ilə demək üçün düz bir həftə məşq etmişdilər. 


 Qızlar evdən çıxanda aldıqları qərənfilləri sinələrinə tutmuşdular ki, şimaldan əsən xəzri güllərin başını qoparmasın. Onlar yol boyu ürəklərində şeirlərini təkrarlayırdılar. 


 Birdən Ayçil Şahnaza dedi:
-Bilirsən, güllərin ləçəkləri yeyilir.
-Bunu sənə kim dedi?
-Biologiya müəllimi. Lap çoxdan demişdi. Sən onda dərsə gəlməmişdin.
- Mən inanmıram. Əgər biz onları yesək, zəhərlənə bilərik. Bəlkə, müəllim başqa cür deyib, sən düzgün anlamamısan?


Ayçil papağını çıxarıb hirslə dedi:
-Niyə axı inanmırsan. Lap düzgün anlamışam. Mən bunu yoxlamaq üçün yazda alça, şaftalı çiçəklərini qoparıb yemişdim. Heç zəhərlənmədim. Bunu da yesəm,  zəhərlənmərəm.
Şahnaz:
-Zəhərlənərsən.
- Dedim ki, zəhərlənmərəm. Bax, -Ayçil qərənfillərin başını bir - bir qoparıb, ağzına apardı.


 Şahnaz heyrətlə ona baxdı. Heç nə demədi və yoluna davam etdi. Ayçil isə yolboyu soruşurdu:

- Gördün, heç bir qram da pis olmadım, görürsən, rəngim də qaçmadı…


Onlar məktəbə çatanda Şahnaz müəllimə yaxınlaşıb yolda baş verənləri danışdı. Ayçil əlində başsız zoğla kor- peşman başını aşağı sallayıb dayanmışdı. 


 Müəllim:

- Eh, inadkar keçi!- deyib uşaqları stendin qarşısına apardı. Onlar gətirdikləri gülləri məktəbin şagirdi olmuş sonra Vətən yolunda canından keçmiş əsgər büstünün önünə qoydular. Ayçil isə əlindəki qərənfil zoğlarını arxasında gizlətdi.