Nağıllar, hekayələr

Şahlar Əsgərov. Düzgün qərar

Fikrimi söyləməmişdən əvvəl Molla Nəsrəddinin bir məşhur lətifəsini yada salmaq istəyirəm:


Günlərin birində Molla Nəsrəddinlə oğlu səfərə çıxırlar. Molla uşağı eşşəyə mindirir, özü isə piyada gedir. Qarşıdan gələn bir dəstə adam gileylənir:
-“Bu da indiki cavanlar. Heç böyüyə hörmət etmirlər. O boyda sağlam cavan eşşəyə minib, ancaq yazıq qoca piyada gedir”.


Bu sözdən utanan uşaq eşşəkdən düşür, molla isə, əksinə, eşşəyə minir.


Qarşıdan gələn başqa bir dəstə deyir: “Bunlara bir baxın! O boyda kişi eşşəyə minib, yazıq uşaq isə piyada gedir”. Bu sözdən sonra hər ikisi eşşəyə minir.


Qarşıdan gələn başqa bir dəstə: “Bura bax ey... İki-iki adam minib eşşəyə, yazıq heyvan nəfəs ala bilmir”, – deyir.

 

Camaatın sözün kəsmək üçün bu dəfə nə molla, nə də uşaq eşşəyə minir. Piyada yola düzəlirlər. Qarşıdan gələn digər dəstə deyir: “Bir bunlara baxın. Günün altında piyada gedirlər, atıla-atıla gedən eşşəyə minmirlər” və s.


Mollanın başına gələn bu hadisə bir çox cəhətdən diqqəti cəlb edir. Birincisi, mollanın özünün mükəmməl ideyası və iradəsi olmadığından başqaları­nın təsiri altında eşşəyə gah minir, gah da düşür. Molla hadisələrin subyekti yox, obyektinə çevrilir. Ən başlıca səbəb isə informasiya qıtlığıdır. Heç bir dəstənin özündən əvvəlki dəstənin rəyindən xəbəri yoxdur. Buna görə də səhv rəylərlə çıxış edirlər. Başqa sözlə, bir tərəfdən savadsızlıq, digər tərəfdən isə informasiya qıtlığı mollanı gülünc vəziyyətə salır.


Düzgün qərar qəbul etmənin texnologiyası haqqında fikirlərimi dəfələrlə söyləmişəm: istənilən hadisə ilə bağlı qəbul ediləcək qərarın xətası həmin hadisə ilə bağlı toplanan informasiyanın həcmindən asılıdır. Məlumat çox olarsa, xəta da az olar. Məlumat az olarsa, xəta çox olar. Məlumatın həcmi həm də düşünmə zamanından asılıdır, yəni çox düşünərkən çox məlumat toplanar və düzgün qərar qəbul edilər. Bu zaman səhv də az olar.