Görkəmli şəxsiyyətlər

Təbrizli memar Əli

XV–XVI əsrlərdə güclənən Azərbaycan–Osmanlı münasibətlərində bütün istiqamətlərdə olduğu kimi, mədəni əlaqələrdə də inkişaf özünü göstərir.


Bu mədəni əlaqələrin möhkəmlənməsində adlı-sanlı azərbaycanlı şəxslərin: elm adamlarının, şairlərin, sənətkarların, memarların böyük xidmətləri olub. Bu şəxslərdən biri də Təbrizli Memar Əlidir.


Əsl adı Ələddin Əbdülkərim olan Memar Əlinin doğulduğu tarix dəqiq bilinməsə də, tarixi mənbələrdə onun Təbrizdə doğulduğu, təhsilini də bu şəhərdə aldığı göstərilir.


Sultan Səlim Çaldıran döyüşündən sonra təxminən 8 gün Təbrizdə qalmışdı.


Bu səfərdən qayıdarkən bir çox azərbaycanlı alim və sənətkarları özü ilə birlikdə Osmanlı dövlətinə aparmışdı. Xüsusi istedadına və bacarığına görə Memar Əliyə Sultan Səlim tərəfindən Osmanlı dövlətinin ilk baş memarı kimi önəmli bir vəzifə verilmiş, o, təxminən 23 ilə qədər baş memar kimi fəaliyyət göstərmişdir.


Memar Əli ilk dəfə olaraq klassik osmanlı memarlığı ilə İran üslubunu birləşdirərək, “toplu plan” adlandırılan memarlıq üslubunun əsasını qoyub.


Bu üsulun özəlliyi ondan ibarətdir ki, binanın böyüklüyü və tarazlığına görə sütun və ya dayaq hörgüləri olmadan geniş salonlu binaların inşa edilməsi mümkün olub. Məhz bundan sonra klassik osmanlı memarlıq əsərlərindən fərqlənən əzəmətli saraylar, çoxminarəli məscidlər və mədrəsə komplekslərinin tikilməsi gerçəkləşib və geniş yayılıb. Memar Əlinin ilk dəfə tətbiq etdiyi bu üsul daha sonralar məşhur osmanlı arxitektoru Memar Sinan tərəfindən inkişaf etdirilərək tətbiq edilib. Lakin bir çox tədqiqatçılar bu ardıcıllığı qarışdıraraq “toplu plan” memarlıq üslubunun ilk dəfə Memar Sinan tərəfindən istifadə olunduğunu deyirlər. Onlar Memar Əlinin inşa etdirdiyi bir çox abidələri səhvən Memar Sinana aid edirlər. Buna görə də, əslində, Memar Əli tərəfindən inşa edilən Gəbzə şəhərindəki Çoban Mustafa Paşa məscidi, İstanbulun Sultan Əhməd məscidi səmtindəki İbrahim Paşa sarayı Memar Sinanın əsərləri kimi tanınır. Halbuki Memar Sinan, sadəcə, bu binaları öz dövründə təmir edib.


Üslub və memarlıq xüsusiyyətlərinə görə Memar Əliyə aid edilən, lakin kitabəsi (“tarixi lövhə”si) olmayan Topqapı Sarayında Babüs-Salamlıq bölməsi, İstanbulda Sultan Səlim məscidi və öz vəsaiti ilə ərsəyə gətirdiyi Memar Əcəm məscidi kamil sənət nümunələridir.


Hərçənd ki onun ölüm tarixi ilə bağlı mənbələrdə açıq məlumat verilmir, ancaq öz vəsaiti hesabına tikdirdiyi Memar Əcəm məscidinin 20 mart 1537-ci il tarixli sənədindən onun hələ həyatda olduğu anlaşılır. Bu tarixdən sonra haqqında heç bir bilgi verilməməsi və 1538-ci ildə Memar Sinanın Osmanlı dövlətində baş memar olaraq işə başlaması belə bir qənaətə gəlməyə əsas verir ki, Memar Əli 1538-ci ildə vəfat edib.