Gelati
Gürcüstanın qədim tarixi, dini, mədəni abidələrindən biri də orta əsrlərə aid olan Gelati məbədidir. O məbəd ki, Azərbaycan mədəniyyətinin nümunələrindən olan və bir növ incisi hesab edilən Gəncə qapısı məhz burada saxlanılır.
AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri məbəddə olub, bu abidənin milli-mənəvi, tarixi əhəmiyyəti, burada saxlanılan digər mədəniyyət abidələrinin vəziyyəti ilə maraqlanıb.
Məbədə giriş pulsuz olsa da, son iki-üç il ərzində burada baş vermiş yanğınlar, tavanlardan su sızması ilə əlaqədar aparılan təmir-bərpa işləri səbəbindən çəkilişə icazə verilmir.
Bələdçi isə müvafiq qonorar müqabilində bildiklərini söyləməkdən çəkinmir.
Bildirilir ki, Gürcüstanın Qərbində, Kutaisi şəhəri yaxınlığında yerləşən monastır 1106-cı ildə Kral IV David tərəfindən əsası qoyulmuş memarlıq incisidir. Gürcüstanın “Qızıl dövrü”nün mədəni və elmi mərkəzi olan bu kompleks 1994-cü ildən UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib. Kompleksdə qədim freskalar və mozaikalar qorunur.
Gelati monastırı Kutaisi-Qaenati Yeparxiyasına məxsusdur.
Hündür yerdə inşa edilmiş məbəddən ətraf ərazini və uzaq Raça-Leçxumi dağlarının gözəl mənzərəsini görmək olur. Ümumilikdə, monastır XII əsrə aid böyük Məryəm Ananın Miladı Kilsəsindən və XIII əsrə aid digər iki kilsədən ibarətdir. Yaxınlıqda zəng qülləsi, akademiya, bir neçə köməkçi bina və iki darvaza tağı da var.
Gürcüstanda monastırlar adətən yerləşdikləri yerin və ya qurucularının adı ilə adlandırılır. Gelati isə xüsusi bir haldır. Bələdçinin sözlərinə görə, heç kim “gelati” sözünün dəqiq mənasını bilmir. Amma ən inandırıcı nəzəriyyəyə görə, bu söz “doğum və ya dünyaya gəlmə” anlamını verən “genphlia” yunan sözündən götürülüb. Çünki kafedralın əsas kilsəsi müqəddəs Məryəmin doğum gününə həsr olunub. Bu söz monastırın erkən adı olan Gaenatinin yaranmasına səbəb olub.
Kilsələrdən başqa, monastır özündən daha məşhur olan qapıları ilə öyünür. Kral Qurucu David öz vəsiyyətinə uyğun olaraq qapıların tağının altına basdırılıb və onların şöhrəti də bundan sonra başlayıb. Rəvayətə görə, insanlar monastıra məzar daşına ayaq basaraq girməli idilər. Lakin bu gün bu darvazalardan artıq keçid kimi istifadə edilmir və faktiki olaraq məqbərəyə çevrilib.
Məbədi gəzərkən daxil olduğun əsas qapıdan bir qədər irəlidə və solda, məzar daşından yuxarıda dəmir darvaza asılıb. Bu, monastırın ikinci əlamətdar yeri olan Gəncə darvazasıdır.
Qeyd edək ki, müəyyən bir hissəsinin eroziyaya uğramasına baxmayaraq darvaza olduqca təvazökar görünür. Kobud şəkildə metal təbəqələrdən haşiyələnmiş darvazanın üzərində ərəb əlifbası ilə bir yazı həkk olunub: “Rəhman və Rəhmli Allahın adı ilə! Böyük Rəbbimiz və Hökmdarımız Seyyid Şavur I ibn Əl-Fəzl - Allah ona uzun müddət hakimiyyət nəsib etsin — Qazi Əbül Fərəc Məhəmməd ibn Abdullahın — Allah ona uğur nəsib etsin — xeyir-duası ilə bu qapını tikməyi bizə əmr etdi. Dəmirçi İbrahim ibn Osman Ənqaveyhin işi. Hicrətin beşinci, əllinci və dörd yüzüncü ili (1063)”.
Bu gün Gelati kompleksi unikal freskaları, eləcə də Qafqazın ən zəngin Bizans üslublu mozaikaları ilə tanınır. 2023-cü ilin əvvəlində məbəddə yanğın baş vermiş, nəticədə abidənin bir neçə hissəsinə ciddi ziyan dəymişdi.
Gürcüstan hökuməti məbədin bərpası üçün xaricdən mütəxəssislər cəlb edib. Baş nazir İrakli Kobaxidze Gelati monastırının divar rəsmləri və mozaikalarının konservasiya proqramlarının həyata keçirilməsi ilə bağlı tədbirdə çıxışı zamanı bildirib ki, Gelatinin zəngin tarixi və bəşəri əhəmiyyəti bu ən dəyərli mirası qorumağımız və gələcək nəsillərə saxlamağımız üçün hər birimizin üzərinə çox böyük məsuliyyət qoyur. Onun sözlərinə görə, Gelati əsrlər boyunca Gürcüstan xalqının mənəviyyatının və mədəniyyətinin ən mühüm mərkəzi olub və qalmaqdadır.
Məlumat üçün bildirək ki, məbəddə ilk təmir-bərpa işlərinə 2008-ci ildə başlanılmışdı. Lakin Gürcüstanda hakimiyyət dəyişikliyindən sonra bərpa işləri dayandırılıb və 2014-cü ildən yenidən davam etdirilib. Həmin ildən də bərpa prosesində daim fasilələr yaranıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi