Mina Rəşid. Nərgiz
Günel çiçəkləri çox sevirdi. Çöl çiçəkləri ona ayrıca zövq verirdi. Saatlarla dayanıb balaca göy, sarı çiçəklərə baxardı. Axı o kənddə, gül-çiçəyin içində böyümüşdü. Həyət bağçalarına sanki bənövşədən xalı sərilmişdi. Bəlkə ona görə onun qəlbi bu cür naxış-naxış, gözəl duyğulara bələnmişdi. Müharibə onu doğmalarından, o bənövşə qoxulu bağçalarından ayırsa da, Günelin qəlbindəki o gözəl naxışları silə bilməmişdi.
...Neçə gündü ki, özünə nərgiz almaq istəyirdi. Amma buna imkanı çatmırdı. Bu gün Elmlər Akademiyası metrosunun qarşısındakı dayanacaqda balaca nərgiz topasının qiyməti gözlədiyindən aşağı olduğuna sevindi. Elə sevindi ki, bir yox, üç topa nərgiz aldı. Onların ikisini yolüstü bacısının qızlarına bağışladı, birini də əzizləyə-əzizləyə avtobusa mindi. Avtobusda birdən əlil arabasında bir qadın gördü. Qarasaçlı qadın başını aşağı salmışdı. Ona elə gəldi ki, qadın öz aləmindədi, kimsəni görmür və eşitmirdi... Əlindəki bayaqdan əzizlədiyi nərgiz topasına baxdı, ürəyindən onu qadına bağışlamaq keçdi. Amma necə, bunu birdən-birə edə bilməzdi. Bu arzu getdikcə güclənməyə başladı, necə olur-olsun o qadının üzündə bircə anlıq da olsa bu balaca nərgiz topası ilə təbəssüm oyadacaqdı...
Günelin avtobusdan düşməyinə artıq iki dayanacaq qalmışdı. Növbəti dayanacaqda bir də baxdı ki, arabadakı qarasaçlı, öz aləmində olan qadın qapıya yaxınlaşır. Qapı açıldı, arabanın avtobusdan rahat enməsi üçün şərait yaratdılar. Elə o anda qarasaçlı qadın qucağında çəhrayıya çalan, işıqlı, sanki ona təbəssüm edən balaca nərgiz topasının qoxusunu duydu. Bu an yaxınlıqda əyləşən Günel təbəssümlə astaca söylədi:
- Bu Sizə hədiyyədir...
Günelin ürəyi hələ də quş kimi çırpınırdı, birdən gözü yerdə arabadakı qarasaçlı, o gözəl qadına sataşdı. Qadın gülümsəyir və ona əl edirdi. O da əlini yellədi və "Can!", dedi. Qadın onu eşitməsə də əlləri, gözləri ilə onlar sanki bircə anda qucaqlaşdılar.
Avtobus növbəti dayanacağa çatanda Günelin gözləri yaşla dolmuşdu...