
Biri var idi, biri yox idi, Hans adlı mərhəmətli bir gənc var idi. O, daxmasında tək-tənha yaşayır və səhərdən axşamacan bağçada çalışırdı.
Hansın dostları çox idi. Amma onların içində ən sadiqi dəyirmançı Hyuq idi. Doğrudan da, Hyuq Hansa o qədər bağlanmışdı ki, bağçasının yanından qucaq dolusu çiçək dərməmiş keçməzdi. Hər dəfə də deyərdi:
– Dost dostdan heç nəyi əsirgəməz.
Hans da onun sözlərini təsdiqləyər və dostunun belə nəcib niyyətli olması ilə fəxr edərdi.
Varlı dəyirmançının bunların əvəzində kasıb Hansa bir çöp də verməməsi qonşulara qəribə gələrdi. Amma Hans bu haqda düşünüb başını ağrıtmazdı.
Hans yaz, yay, payız aylarında özünü xoşbəxt sayardı. Qışda isə soyuqdan, aclıqdan əziyyət çəkərdi. İlin bu vaxtı dəyirmançı onu yada salmırdı. Evdə bu barədə söhbət düşəndə dəyirmançı deyirdi:
– Qar əriməyincə Hansın yanına getməyin xeyri yoxdur. Axı bu çətin vəziyyətində onun öz dərdi özünə bəsdir. Belə hallarda adamı tək buraxmaq lazımdır. Hər halda, əsl dost bu cür hərəkət etməlidir. Hansın yanına yazda gedəcəyəm ki, o mənə bir səbət novruzgülü verə bilsin.
Bir dəfə Hyuqun kiçik oğlu atasından soruşdu:
– Bəs biz Balaca Hansı evimizə çağıra bilmərik? Əgər onun vəziyyəti ağırdırsa, yeməyə heç nəyi yoxdursa, mən sıyığımın yarısını ona verərəm.
– Nə axmaq uşaqsan! – deyə dəyirmançı qışqırdı. – Sənin məktəbə getməyinin xeyri yoxdur. Deyəsən, orada heç nə öyrənmirsən. Hans bizə gəlib isti ocağımızı, dadlı yeməklərimizi görsə, paxıllığı tutar. Paxıllıq isə adamları korlayır. Hansın paxıl olmasına yol verə bilmərəm. Onun ən yaxın dostu olduğumdan həmişə ona nəzarət etməli, yolunu azmağa qoymamalıyam. Bundan başqa, əgər Hans gəlib məndən borc un istəsə, vermərəm. Un başqadır, dostluq isə tamam başqa. Onları qarışdırmaq olmaz.
Dəyirmançının arvadı dedi:
– Gözəl danışdın.
– Camaatın çoxu yaxşı işlər görür, amma yaxşı danışmağı bacaran çox azdır.
Hyuq Hansın yanına bir də novruzgülləri açanda getdi. Mehribanlıqla salamlaşdı:
– Hans, necəsən? Qışı necə keçirmisən?
– Sabahın xeyir! Halımı xəbər aldığın üçün minnətdaram. Şikayətlənmək istəmirəm, amma, düzü, bu qışı çox əziyyət çəkmişəm.
– Hans, bu qış tez-tez səni xatırlayır və vəziyyətin barədə düşünürdük.
– Çox məmnunam. Qorxurdum, məni unudasınız.
– Heç dostu da unutmaq olar? Dostluqdan gözəl şey yoxdur. Deyəsən, sən həyatın incəliklərini başa düşmürsən. Yeri gəlmişkən, sənin çox gözəl güllərin var.
– Doğrudan da, qəşəngdirlər. Onları bazara aparıb satacağam. Sonra da həmin pula əl arabamı və gümüş düymələrimi geri alacağam. Qışda çörək almağa pulum olmayıb, məcburən satmışam.
– Öz arabamı sənə verərəm. Düzdür, bir tərəfi sınıb, təkərlərinin də milləri xarabdır.
– Çox sağ ol, dostum, – deyə Hans sevindi.
– Bilirəm ki, həddindən artıq əliaçıqlıq edirəm. Çoxu əl arabamı sənə verdiyim üçün mənə axmaq deyəcək, amma mən hamı kimi ola bilmərəm. Zənnimcə, dostluğun mahiyyəti alicənablıqdır. Əl arabamı sənə verdiyim üçün, əminəm ki, əvəzində mənə bir qədər gül verəcəksən. Elə bilirəm ki, səbəti ağzınacan doldurarsan.
Hansın kefi bir az pozuldu. Səbət çox iri idi. Onu ağzınacan doldursa, satmağa gülü qalmayacaqdı. Belə olduqda isə ehtiyacdan satdığı gümüş düymələrini geri ala bilməyəcəkdi. Amma Hans: “Dostumun xətrinə dəyməkdənsə, qoy heç gümüş düymələrim olmasın”, – deyə düşünüb səbəti güllə doldurdu.
Ertəsi gün Hans dəyirmançının onu harayladığını eşitdi. Tez hasara doğru qaçdı. Dəyirmançı arabasında böyük un kisəsi dayanıb onu gözləyirdi:
– Hans, unu bazara aparıb mənim üçün satmazsan ki?
– Gərək məni bağışlayasan. Çox işim var: gülləri suvarmalı, alaqlarını təmizləməliyəm.
– Əl arabamı sənə verəcəyimi nəzərə alsaq, sözümü yerə salmağın dostluqdan deyil.
Hans dostunun xətrinə dəyməsin deyə kisəni çiyninə alıb bazara sarı getdi. Unu bazarda satıb axşam düşənə qədər evə qayıtdı. Qızmar günəş altında ağır kisə daşıdığı üçün xeyli yoruldu. Özünü güclə yatağa çatdırdı.
Ertəsi gün dəyirmançı pullarının dalınca gələndə Hans yatağından qalxa bilməmişdi.
– Yaman tənbəlsən, Hans. Mən sənə əl arabamı verəcəyəm. Buna görə də gərək möhkəm çalışasan. Tənbəllik böyük günahdır. Dostumun tənbəl olmasını istəmərəm.
– Məni bağışla, elə yorulmuşam ki, yatağımda uzanıb quşların nəğməsini dinləmək istədim. Bilirsən, quşların nəğməsini dinlədikdən sonra həmişə əla işləyirəm.
– Lap yaxşı, onda dəyirmana gəlib anbarımın damını təmir edərsən.
Zavallı Hans iki gün idi ki, güllərinə su vermirdi. Amma dostunun sözünü də yerə salmaq istəmirdi.
Hans günbatana qədər Hyuqun anbarının damını təmir etdi. Axşam yorğunluqdan ayaqlarını sürüyə-sürüyə evinə gəldi. Solmuş güllərinə baxıb kədərləndi. Son vaxtlar onlara qulluq etməyə vaxtı qalmırdı.
Bir axşam Hansın qapısı bərkdən döyüldü. Hans qapını açanda Hyuq kandarda dayanmışdı. Bir əlində lampa, digərində əsa tutmuşdu. O, həyəcanla dedi:
– Hans, mənə böyük bədbəxtlik üz verib. Oğlum yıxılıb, möhkəm əzilib. Həkim lazımdır. Hava da çox pisdir. Bəlkə, həkimin dalınca sən gedəsən? Bilirsən ki, əl arabamı sənə verəcəyəm. Ona görə də, təbii ki, bunun əvəzində mənim üçün bir şey etməlisən.
– Əlbəttə, bu dəqiqə gedərəm. Ancaq lampanı mənə ver. Gecədir, göz gözü görmür.
– Bağışla, dostum, bu mənim təzə lampamdır. Sınacağından ehtiyat edirəm.
.jpg)
Bayırda tufan qopmuşdu. Elə qaranlıq idi ki, Hans ayağının altını güclə seçirdi. O, üç saat yol gedəndən sonra həkimin evinə çatdı. Həkimi məsələdən xəbərdar etdi. Həkim atına minərək iri lampasını götürüb yola düşdü. Tufan getdikcə şiddətlənirdi. Hans nə yolu seçir, nə də atla ayaqlaşa bilirdi. Axırda o, yolu azıb torf bataqlığına düşdü. Zavallı Hans bataqlıqdan canını qurtara bilmədi.
Balaca Hansın dəfninə bütün kənd camaatı gəlmişdi. Dəyirmançı isə hamıdan çox canfəşanlıq edirdi.
– Bu mənim üçün ağır itkidir. Demək olar ki, ona öz arabamı vermişdim. Əlbəttə, çalışacağam ki, daha heç kimə yaxşılıq etməyim. Yoxsa sonra əziyyətini çəkirsən.
04.02.2026