
Böyük tənəffüsdə uşaqlar ciddi bir xəbəri müzakirə edirdilər: onların sinif yoldaşı Ceyhun sehrbazla görüşmüşdü. İnanmırsınız? Onda qulaq asın.
Bazar günü idi. Ceyhun narazı halda velosipedini yola tərəf aparır, öz-özünə fikirləşirdi: "Heç bilmirəm, məndən daha nə istəyirlər? Dərslərimi oxumuşam, tapşırıqları yerinə yetirmişəm. Bəyəm bu, kifayət deyil?.."
Birdən skamyada oturan yaşlı bir qadın onu səslədi:
- Oğlum! Deyəsən, fikirləşirsən ki, oxuduqların "kifayətdir", eləmi?
Ceyhun təəccüblə qadına baxdı. O həmin sözləri bərkdən demədiyinə əmin idi. Bu qadın onu necə eşidə bilərdi? Buna baxmayaraq cavab verdi:
- Əlbəttə! Anam deyir ki, əlavə kitablar oxu. "Oxu, oxu!.." Nə qədər oxumaq olar?! Nə lazımdırsa, oxumuşam da!
- Yəni sən hesab edirsən ki, bu biliklər sənin üçün kifayətdir? - deyə qarı gülümsündü. - Nə deyim, ola bilər!
Qəribədir, yaşlı qadın başqaları kimi ona öyüd-nəsihət vermədi. Bu, Ceyhunun xoşuna gəldi.
- Deyəsən, velosiped sürməyə gedirsən? - qadın sözünə davam etdi.
Ceyhun başı ilə təsdiq etdi.
- Bəs bilirsən, ilk velosiped necə olub? - deyə qadın əlindəki kitabı göstərdi.
Ceyhunu maraq bürüdü: "Doğrudan, görəsən, necə olub?". O yaxınlaşıb kitaba nəzər saldı. Orada pedalsız velosiped şəkli gördü. Öz-özünə fikirləşdi: "Görəsən, bunu necə sürürdülər?"
- İstəyirsən, onu necə sürdüklərini sənə başa salım.
"Deyəsən, bu qadın sehrbazdır! Düşündüklərimi eşidir", - Ceyhun fikirləşdi.
-Təxminən 200 il bundan əvvəl alman ixtiraçısı Drays məhz belə bir velosiped düzəltmişdi. O, atları əvəz edə biləcək vasitə haqqında çox düşünmüşdü. Nəhayət, elə bir vasitə fikirləşib tapmışdı ki, insan özü onu sürə bilərdi.
Naməlum qadın yenə kitabdakı şəkli göstərib dedi:
- Sən pedalsız velosiped sürə bilərsən? Sadəcə, ayaqlarını yerə basaraq?
Ceyhun öz velosipedinə minib cəhd elədi. Xoşuna gəlmədi:
- Belə velosiped olar?!
- Əlbəttə, belə velosipedi sürmək adamı tez yorar, - yaşlı qadın dilləndi. - Hər dəfə ayağınla yerdən təkan almalısan. Həm də pedalsız sürətlə getmək olmur. Bu velosiped sənin "kifayət" saydığın biliklərə bənzəyir. Axı onu birtəhər sürmək olur. - Qadın Ceyhuna baxıb bic-bic gülümsədi.-Səncə, bu, "kifayət"dir?
Ceyhun qarının eyhamını başa düşdü. Bir qədər utancaq halda dedi:
- Yox, bu velosipedə pedal əlavə etmək yaxşı olardı.
-Yaxşı, onda gəl sənə ilk pedallı velosipedi göstərim.
Yaşlı qadın başqa bir şəkli göstərdi:
- Onu fransız Pyer Mişo icad edib. Görürsən, bunun pedalı var. Amma bu velosipedi kələ-kötür yolda sürmək böyük əziyyətdir. Ona görə ki, təkərlərdə rezin yoxdur. Yoldakı daşlar və çuxurlar velosiped sürəni çox narahat edir. Pedalları fırlatmaq da çətindir. Çünki onlar birbaşa qabaq təkərin oxuna quraşdırılıb. Davam edim, yoxsa "kifayətdir"?
Ceyhun başını yelləyib "hə" dedi. Onun üçün çox maraqlı idi.
-Yaxşı. Bax, bu, rezin təkərli velosipeddir. Onu penni fartinq adlandırırdılar. Gördüyün kimi, bu velosipedi yalnız böyük adamlar sürə bilərdilər. Çünki qabaq təkər çox böyük idi. Belə velosipeddə üzüaşağı düşmək də çox təhlükəlidir.
Bu məlumatlar o qədər maraqlı idi ki, Ceyhun gözünü kitabdan çəkə bilmirdi. Qadın sözünə davam etdi.
- İllər sonra Con Danlop hava ilə doldurulmuş rezin təkər hazırladı və velosipedi sürmək daha rahat oldu... Kifayətdir?
-Yox, maraqlıdır.
-Yaxşı, buna da bax. Sənin velosipedinə oxşayır? Onu İngiltərədə təxminən 150 il əvvəl Con Starli adlı bir mühəndis düzəldib.
- Düzdür, çox oxşayır.
- Hə, oğul, insanlar daha sonra yeni-yeni velosipedlər düzəltdilər. Yarış, turist velosipedləri meydana gəldi. Bu nəqliyyat növündən hətta taksi kimi də istifadə etməyə başladılar. Bəzi ölkələrdə velosipedlə sərnişinlər daşınır. Onlara velorikşa deyilir.
- Doğrudan? Bunu bilmirdim.
- Getdikcə velosipedin sürəti artdı, ona əyləc də qoydular. Görürsən, insanlar nələr yaradıblar? Hamı sənin kimi düşünsəydi, onda bütün dünya hələ də Draysın velosipedini sürərdi. İndi başa düşdünmü, nə üçün biliyə "kifayətdir" sözü yaramır?
- Bəli, anladım, - Ceyhun yavaş səslə cavab verdi.
O, utandığını gizlətməyə çalışırdı. Başını aşağı salıb yola tərəf bir neçə addım atdı. Birdən yadına düşdü ki, qadına təşəkkür etmədi. Geri çevrilib baxanda yerində donub qaldı: naməlum qadın yoxa çıxmışdı...
Ertəsi gün məktəbə gələndə Ceyhun yoldaşlarına "sehrbaz" haqqında danışdı.
- O hardan bildi ki, mən nə fikirləşirəm? - deyə Ceyhun həyəcanla danışırdı. Özü də velosipedlər haqqında o qədər çox şey bilirdi ki!
Uşaqlar maraqla Ceyhuna qulaq asırdılar. Amma Ceyhun da, yoldaşları da bilmirdilər ki, əsl "sehr" - bilikdir.
30.01.2026