Nağıllar, hekayələr

Mina Rəşid. Xəyal gücü

Selcan adlı balaca bir qız anasıyla kasıb bir daxmada yaşayırdı. O, xəyallar qurmağı çox sevərdi. Məsələn, hərdən uçuq-sökük daxmalarını xəyalında yaraşıqlı bir evlə əvəz edirdi. Ətrafında hər şeyi dəyişərək özünə gözəl bir dünya qurmağı bacarırdı. Buna görə də heç bir ehtiyac onun məsum çöhrəsindəki işıqlı təbəssümə kölgə sala bilmirdi.


Bir gün Selcan yenə xəyal dünyasında harasa çıxıb getmişdi. Gözlərini açanda qarşısında gözəl, yaraşıqlı bir ev gördü. Qız çaş-baş qaldı. Axı bu evi o, xəyalında görmüşdü. Elə bu vaxt evdən bir səs eşidildi: "Kömək edin, kömək edin..."

Selcan evə yaxınlaşdı, qapını açıb içəri keçdi. Evin küncündə yıxılıb qalmış qoca qarı onu görəndə sevindi: "Əlini mənə ver, qalxım, gözəl balam. Nə yaxşı gəldin, səni Allah yetirdi..."

Qız nənənin ayağa qalxmasına kömək etdi, ona su gətirdi. Nənə ona təşəkkür edib kim olduğunu soruşdu. Selcan hər şeyi danışdı. Təkcə kasıb olduqlarını söyləmədi. Qadın ona şirin kökələr, dadlı meyvələr verib yola saldı.

 

Selcan sevinə-sevinə evlərinə gəldi və olanları anasına danışdı. Anası kimsəsiz nənəyə hər gün baş çəkməyi qərara aldı. Ana-bala hər gün gedib ona yardım edirdilər. Bir gün qarı öyrəndi ki, onlar uçuq daxmada yaşayırlar. O, bir vəsiyyətnamə yazdırdı. Bir neçə gündən sonra qarı dünyasını dəyişdi. Məlum oldu ki, nənə Selcanın xəyalında gəzdirdiyi o yaraşıqlı evi və bütün varidatını ona bağışlayıb...


Hə, balaca dostum, deyirlər, nəyi ürəkdən istəsən və ona can atsan, bir gün o arzuna çatarsan...