Nağıllar, hekayələr

Ülkər Nurullayeva. Ananın məsləhəti

Kərim telefonla danışırdı:
- Hə, nə olsun ki?! Axı bu kimə maraqlıdır?..
Bilmirəm...
 
Anası gülləri sulayır, arabir oğluna baxırdı. Kərim nədənsə narazı idi. O, telefonun dəstəyini yerə qoyub dedi:
- Eh, həmişə lovğalanır.
 
Anası soruşdu:
- Oğlum, kimlə danışırdın? Kimdir lovğalanan?
- Kəmalədir, sinif yoldaşım. Həftəsonu Solmazın ad günüdür. Bütün sinif uşaqlarını dəvət edib. Kəmalə də deyir ki, ad günü üçün rəqs hazırlayıb. Axı Kəmalə rəqs dərnəyinə gedir. Bilmirəm, bu kimə maraqlıdır? Rəqs edə bilirsən, lap yaxşı.
 
Daha bunu hamıya göstərib lovğalanmaq nəyə lazımdır?
Anası Kərimə dedi:
- Məgər bacarıqlarını yoldaşlarına nümayiş etdirmək lovğalıqdır? Buna bölüşmək, özünü təqdim etmək desək, lap yaxşı olar. Hər kəsin yaxşı bacardığı bir iş var. Məsələn, sən də futbol topu ilə maraqlı hərəkətlər göstərirsən. Düşünürəm ki, Solmaz üçün də xoş olar.
 
Kərim anasını dinləyir, nə haqdasa düşünürdü.
 
Bazar günü Kərim aldığı hədiyyəni götürüb ad gününə getdi. Axşam evə çox şən qayıtdı:
 
- Ana, bilirsən ad günü necə maraqlı keçdi?!
 
Sinfimizdə nə qədər istedadlı uşaqlar var imiş.
Kəmalə rəqs etdi, Aydın tarda, Sabir nağarada ifa etdi. Demə, Gülərin gözəl səsi var imiş. Sədaqət müəllim dedi ki, gələn ay məktəbdə istedadlar yarışması təşkil edəcək. Hamımız həyəcanlıyıq.
 
Bütün məktəb bizi tanıyacaq.
Sonra anasını qucaqlayıb dedi:
- Çox sağ ol, ana.