Nağıllar, hekayələr

Mina Rəşid. Məktəbə gedən kukla

Kuklam danışmır, mənə cavab vermir, amma çox ağıllıdır. Hirsli, kobud adamlardan kukla yaxşıdır, düşünürəm. Hələ altı yaşım olmamış atam dedi ki, sən böyümüsən, bir torba oyuncağımı kəndə, uşaqlara apardı.


Atamdan xəlvət toplanı götürüb gizlətdim. Nə yaxşı, elə eləmişəm. Mənim toplanım çox qəşəngdir. Oyuncaqlarımı başqasına verəndən sonra darıxdım. Bilmədim, nə edim, birdən ağlıma gəldi ki, özümə kuklalar tikim. İndi çoxlu kuklam var. Sizə kuklam haqqında maraqlı əhvalat danışmaq istəyirəm.


Mən hazırlığa gedəndə çantamda ağıllı kuklamı da özümlə aparmışdım. Anam bunu sonra gördü və gülümsədi. Anamın da oyuncaqlardan, kukladan xoşu gəlir. Deyir ki, oyuncaqlarla oynayan uşaqlar daha mehriban, daha ağıllı olurlar. Onların kiçik yaşlarından gözəl bir dünyası olur. Əksinə, oyuncaqla oynamayan uşaqlar hirsli olur, başqalarını sevmirlər. Bir dəfə də birinci sinifdə oxuyanda kuklamı məktəbə aparmışdım. Kuklama təzə don tikmişdim, onu müəllimə göstərdim. Kuklam müəllimin xoşuna gəldi.


Məncə, kuklam da məktəbə getdiyi üçün o gün çox sevinmişdi...