Mina Rəşid. Vasvası, pinti və virusun nağılı
Dünyanın dərdi azmış kimi, bu yandan da virus – Covid-19 adlı bəla gəlib onu bürüdü. İndi sizə kimdən deyim, dünyanın dərdini daha da artıran, aləmi bir-birinə vuran iki tip eybəcərdən. Onlardan birinin adı Vasvası, o biri isə tayı-bərabəri olmayan Pintidi.
Bu virusun gəlişi ilə ən çox əl-ayağa düşən Vasvası oldu. O nələr elədi, nələr… Az qala evinin damını-daşını yuyub-üfləyib yenidən yerinə qoysun. Evdə uşaqlar nəzarətə alındılar, tərpənmək icazəli oldu. Arvad isə, onun işi hamıdan çətin oldu, karantində üzünə bütün qapıların bağlandığı vaxtda dərddən az qaldı havalanıb göyə uçsun. Belə çətin anlarda bir görün necə dəhşətli hadisə baş verdi. Belə ki, Vasvasının evinə Pinti qonaq gəldi. Pinti sanki bir yel kimi bircə göz qırpımında evə daxil oldu. Vasvası gördü, iş işdən keçib artıq. Qışqırıq saldı, ay haray, qoymayın, indi ürəyim partlayacaq! Pinti düz bir aydı onlardan qaçıb gedəni. Vasvası hələ də evi təmizləməkdə davam edir, amma ürəyi rahat olmur ki, olmur. Bütün bunları izləyən Covid-19 həddini aşan Vasvasıya baxaraq öz-özünə dedi:
-Ay yazıq, vallah, sən məndən betər virussan. Sənin o qara, kif basmış ürəyini əlli litr bahalı şampunla da yusan, təmizlənməz...
Sonra da Pintiyə nəzər saldı. Gördü Pinti də həddini aşıb. Yerdən, ayaq altından şirnini götürüb körpə uşağa verir. Virus yenə özündən çıxdı və öz-özünə deyinməyə başladı:
- Ay bədbəxt, özün cəhənnəm, o körpəni niyə zəhərləyirsən? Məndən qorxmursanmı gəlib yapışam boğazından, gözün kəllənə çıxa? Maskan hanı, ay başıboş? Dərin beş qəpiyə dəyməz, yüz manatı haradan alıb cərimə ödəyəcəksən? Sənə bu geniş dünya yaraşmır, deyəsən, heç kimi saymırsan. Di öl, sənə belə yaxşıdı. Qoy həyat onun qədrini bilənlərin olsun...
Virus sonra dönüb Vasvasının yanına gəldi. O baxıb nə görsə, yaxşıdı?
Evdə hamı – uşaqlar da, anaları da qan ağlayır, əllərini göyə açıb yalvarırlar ki, ey uca Yaradan, Sən özün bizi bu zalımdan qurtar.
Virus:
- Bu da sənin payın, canını heç nəylə məndən qurtara bilməyəcəksən. Virus elə virusa yaraşır,-dedi.
Beləcə Covid-19 həm də xeyirxahlığı ilə yadda qaldı. Onun sayəsində bir külfətin canı beləcə əziyyətdən qurtardı...
Bütün bu olanlara tamaşa edən qoca Dünya öz-özünə pıçıldadı:
- Bax gördünüzmü mənim bir günahımın olmadığını! Üstümə şər atmaqdan qurtarın artıq, yoxsa Covid-19 kimi başınıza çox bəlalar gələcək.