Psixoloq: Solaxaylığın uşağın inkişafına və formalaşmasına mənfi təsiri yoxdur
Adətən gündəlik həyatda sol əldən istifadə edənləri solaxay adlandırırlar. Əslində isə solaxaylıq və soləllilik anlayışları eyni deyil. Solaxaylıq daha geniş şəkildə özünü bütün cüt orqanlarda göstərir. Solaxay həm də solayaqlı, solqulaqlı və solgözlü olur, lakin bunu 5 yaşdan sonra müəyyən etmək mümkündür.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.
Psixoloqun dediyinə görə, aparıcı gözü müəyyən etmək üçün kağız vərəqi boru şəklində burulur və uşaq onun vasitəsilə baxır: “Həmin vaxt uşaq baxmaq üçün borunu hansı gözünə tutursa, o da əsas sayılır. Əsas qulağı tapmaq üçün stolun üstünə saat qoyulur, onun səsinin uşağın hansı qulağı ilə dinləməsinə fikir verilir. Əli müəyyən etmək isə daha asandır. Bundan ötrü uşağın hansı əllə qaşıq tutmağına, şəkil çəkməyinə, top atmasına diqqət yetirmək lazımdır. Həmin sınaq və yoxlamaların məqsədini uşağa hiss etdirmək lazım deyil. Uşağın solaxay olduğu müəyyən ediləndən sonra onda maraqlı keyfiyyətlər üzə çıxa bilər. Onların geniş fantaziya, hissiyyat, musiqi duyumu və yaxşı yaddaşı olur. Bundan başqa, solaxaylar istənilən məkanda asanlıqla istiqamətlənir, orijinal və obrazlı düşüncələri ilə fərqlənirlər. Onlarda həmin keyfiyyətlərə cavab verən beynin sağ yarımkürəsi inkişaf edir. Sağvərdişlilərdə inkişaf etmiş sol yarımkürə isə riyazi bacarıqlar, məntiqi düşüncə və yazıb-oxumaq texnikasına görə cavabdehlik daşıyır.
Valideynləri narahat edən məsələlərdən biri də övladlarının sol əli ilə yazı yazması, sol əlini istifadə etməsi və ümumiyətlə, uşağın solaxay olmasıdır. Hətta bəzi valideynlər övladlarını sol əli ilə deyil, sağ əli yazı yazmağa məcbur etdiyini bildirirlər. Bu, doğru üsul deyil. Həmin hal uşaqların psixologiyasına, psixoemosional vəziyyətinə mənfi təsir göstərir. Sağ əllə hərəkət etmək solaxaylar üçün əsl stres və əzablı işdir. Məktəbə gedən solaxay uşağın problemi əlindəki qələmi soldan sağa keçirmək istəyəndə başlayır. Əslində, buna çalışmaq qətiyyən düzgün deyil. Əks halda uşaqda nevroz, diqqətsizlik, yaddaşın zəifləməsi və yazı yazarkən problemlər yarana bilər”.
Y.Əsgərova daha sonra deyib: “Solaxaylıq anormallıq deyil, təbii bir haldır, sadəcə belə desək, fərqlilikdir: “Solaxaylığın uşağın inkişafına, şəxsiyyət kimi formalaşmasına heç bir mənfi təsiri yoxdur. Dünya praktikasına nəzər salsaq, alim və elm sahəsində tanınmış şəxsiyyətlər arasında solaxay olanlar da var. İlk növbədə, onu nəzərə almaq lazımdır ki, hər bir fərd özünəməxsusdur. İnsan beyni iki yarımkürədən ibarətdir. Bunlar sağ və sol yarımkürələr adlanır. Beyninin sağ yarımkürəsi aktiv olan insanlar daha çox solaxay olurlar. Əksinə, sol yarımkürəsi aktiv olan insanlar isə sağ əllərindən daha çox istifadə edirlər. Alimlərin fikrincə, beynin sağ yarımkürəsi informasiyanı daha tez mənimsəyir və buna görə solaxaylar informasiyanı tez və düzgün qəbul edir, xüsusi istedada malik olurlar. Psixoloqların hesablamalarına görə, solaxaylar arasında istedadlılar 20 faiz, sağvərdişlilərdə 5 faizdir”.
Psixoloq, həmçinin onu da qeyd edib ki, disleksiyası, yəni öyrənmə çətinliyi olan uşaqlar çox zaman solaxay olurlar: “Solaxay uşaqlarda bu kimi yanaşı çətinliklər yoxdursa, narahat olmaq lazım deyil, burada anormal heç nə yoxdur: “Ancaq paralel olaraq disleksiya da mövcuddursa, bu zaman mütləq bir psixoloq dəstəyi alınmalıdır. Bunun üçün xüsusi hazırlanmış proqramlar var və onun vasitəsilə altı ay ərzində müəyyən irəliləyiş əldə etmək mümkündür. Ancaq disleksiya ilə solaxaylığı qarışdırmaq olmaz. Hər solaxay uşaqda disleksiya, yəni öyrənmə çətinliyi olduğunu düşünmək düzgün deyil. Uşağın fərqli xüsusiyyətlərini özünəinam hissini aşağı salmaq üçün yox, əksinə, yüksəltmək üçün istifadə etmək lazımdır”, - deyə psixoloq fikrini yekunlaşdırıb.
27.11.2025