Filarmoniya bağı
Filarmoniya bağı paytaxt sakinləri və qonaqların ən çox ziyarət etdiyi məkanlardandır. Bağın geniş ərazisi, yaşıl örtüyü, fəvvarələri, qəlboxşayan həzin musiqi sədaları buraya yolu düşən hər kəsi valeh edir.
Sahəsi 4,6 hektar olan bağ 1830-cu ildə Bakının komendantı R.R.Xoven tərəfindən salınıb. Komendant İrandan Bakıya gələn gəmiləri bir çuval qara torpaq müqabilində vergidən azad edib. Gəmiçilərin gətirdiyi münbit torpaqda əkilən bitkilər sahilyani ərazidə floranı zənginləşdirib və tədricən bağ "yaşıl ada"ya çevrilib.
İlk vaxtlar “Qorodskoy sad” - “Şəhər bağı” kimi tanınan ərazi, sonradan II Nikolayın qardaşı Mixailin adını daşıyıb. Lakin şəhər sakinləri onu nadir hallarda “Mixail bağı” adlandırıblar, onlar həmin ərazini daha çox “Qubernator bağı” kimi tanıyıblar. Qubernatorun evi bağla üzbəüz olub və o, hər gün eyvanda oturub çay içə-içə bağı seyr edirmiş. Bağın adı da elə buradan qaynaqlanıb.
Sovetlər dövründə ona “Pioner bağı” adı verilib. Qəzəlxan-şair Əliağa Vahidin büstü bağa qoyulandan sonra isə onu “Vahid bağı” da adlandırıblar. Son yenidənqurma və bərpa işlərindən sonra bağ ərazidə yerləşən Filarmoniyanın adı ilə tanınıb. Bu bağ bir çox kinofilmlərdə çəkilən müəyyən epizodların məkanı olub.
Prezident İlham Əliyev 2007-ci ilin mayında bağda abadlıq və yenidənqurma işlərinin aparılması ilə əlaqədar tapşırıqlar verib. Aparılan abadlıq işləri nəticəsində bağdakı fəvvarə, pavilyon və köşklər yenidən qurulub. Bağın özünəməxsus bitki örtüyü qorunub saxlanıb, yaşıllıq zolağının artırılmasına daha çox diqqət yetirilib. Burada nadir ağac növləri - palıd, sidr və göyrüş ağacları əkilib, yeni suvarma sistemi quraşdırılıb.
Bağda orijinal formada fəvvarə tikilib, həmçinin Bakıda ilk dəfə olaraq məhz burada klassik musiqi səsləndirilir. İstirahət və dincəlmək üçün özünəməxsus mənzərəsi olan bağa gələnlər arasında həm yerli sakinlər, həm də şəhərimizin qonaqları var.
24.10.2025