Nağıllar, hekayələr

Xanım Mehdixanlı. Vəfasız parabüzənin nağılı

Gözəl bir yaz günlərinin birində balaca parabüzən gözünü dünyaya açanda ilk gördüyü parlaq gün işığı oldu.
-Oh! Necə də gözəldir. Qanad açıb kənardan qoynunda bu gözəl dünyaya göz açdığı çiçəyə heyanlıqla bir xeyli tamaşa etdi. Belə gözəl çiçəyin qoynuda doğulduğu üçün çox sevinib şad oldu. Parabüzənin heyran olduğu çiçək gənc qızların sevərək dərib tellərinə çələng hördükləri bənövşə idi.


O gündən başlayaraq hara uçsa da, axşamlar geri qayıdıb bənövşənin zərif ləçəklərində şirin yuxuya dalardı. Bu minvalla bir neçə həftə keçdi.


Bir yaz səhəri çəmənin seyrinə çıxan parabüzən lalə çiçəklərini görüb onların zərifliyinə heyran qaldı. Əvvəl özünə bənzəyən çiçəkləri onu çaşdırdı.
- Bunlar da mənim kimi qırmızı və qara xallıdır. Bu ki lap möcüzədir. Heyrət içində bir neçə gün lalələrin başına dolandı ətraflarından əl çəkmədi.


Bir dəfə daha uzağa uçaraq yolu bir kənddən keçdi.
- Ay aman! Burada nə qədər bir-birindən əlvan güllər, çiçəklər var—deyə düşündü.


Yaşıl rənglə boyanmış hasarın yanından ötərkən yasəmənin ətri onu bihuş etdi. Belə bihuşedici ətirdə çiçəyə ilk dəfə idi rast gəlirdi. Yasəmənin ətrafında may böcəkləri uçuşur, vızıldaşırdılar.


Parabüzən düşündü Yasəmən daha ətirli olduğu üçün ətrafında bu qədər böcəklər var.


Parabüzən də yeni tapdığı yasəmənin ətrafından bir müddət əl çəkmədi. Gündüzlər başına dolanıb axşamlar qoynunda yuxuladı.


Bir müddətdən sonra parabüzən darıxmağa başladı kənddə olan digər həyətləri seyr etməyə başladı. İki mərtəbəli evi olan böyük bir bağçadakı zərif çiçəklər necə də gözəl idi. Qərənfil adlanan güllərin bir neçə gün qonağı oldu. Ta o vaxta qədər ki, yaxınlığdakı bağçadakı duyduğu ətri onu həmin səmtə uçmağa vadar etdi. İlk dəfə gördüyü bu xoş ətirli çiçəklər nərgiz güllər idi. Bir neçə günü ətirsiz qərənfilin qonağı olduğuna peşman oldu. Nərgizin ətrindən bihuş olan parabüzən bir neçə gün həmin bağçanı tərk etmədi.

Günəşli bir yaz səhəri əlvan kəpənəklərin sıx toplaşdığını görüb həmin səmtə qanad çaldı.

Ay aman! Heyrətdən bir anlıq donub qaldı. Bunlar necə güldür? Al qırmızı, çəhrayı, ağ, sarı rəngdə həm ətri həmdə füsünkar gözəlliyinə göz qırpmadan tamaşa etdi.


Özünə sual etdi: Necə olur bir gül həm bu qədər ətirli, həm də olduqca gözəl ola bilər? Sürətlə qızılgüllərə yaxınlaşdı. Qəfildən zərif qanadlarına toxunan neştər kimi tikan qanadını zədələdi.

 
Parbüzən yaralı qanadının ağrısından qıvrılaraq torpağa düşdü. Nə qədər qaldığını bilmədi.


Özünə gələndə belə gözəlliyin iti tikanı olduğuna heyifsiləndi. Bu cür tikan nəyə lazımdır?


Əvvəlki çiçəklərdə heç yox idi. Parabüzən qərara gəldi ki, güllərin ən yaxşısını axtarıb tapsın.


Həm gözəl görünüşlü olsun, həm də ətirli, amma tikanı olmasın. Bu məqsədlə zanbağın, inciçiçəyinin, nilufərin, çobanyastığının, süsənin qonağı oldu. Hər gün yeni gül axtarışında olarkən payızın gəldiyini hiss etmədi. Bir-bir çiçəklərin solduğunu gördü. Bu zaman doğma bənövşəni xatırladı və onu axtarmaq qərarına gəlir.


Nəhayət, onu incik, küskün halda tapır. Bənövşə ondan küsmüşdü. Parabüzən nə qədər onun başına dolansa da, incik bənövşə başını qaldrıb parabüzənə baxmadı.

 

Ondan sonra boynubükük bənövşənin qəmgin görkəmi insanları kədərləndirdiyinə görə onu parklardan, bağlardan uzaqlaşdırdılar. O vaxtdan bənövşə çöllərdə tək məskən saldı və bir daha heç bir böcəyin şirin nəğməsini dinləmədi, onlara inanmadı.


Vəfasız parabüzən isə payızın ilk günlərindən yurdsuz-yuvasız olduğundan küləklərə davam gətirmədi. Payızın dəli küləkləri onu uzaqlara apardı və harada düşüb qaldığından bir kimsənin xəbəri belə olmadı.


Göydən isə həmişə nağılların sonunda olduğu kimi üç alma düşdü; biri böynubükük bənövşənin, biri gülləri sevənlərin , biri də vəfasız parabüzən nağılına qulaq asanların.