Xanım Mehdixanlı. Səbirsizlik
Biri vardı, biri yox idi. Uzaq keçmişdə ucqar bir kənddə kasıb bir odunçu ailəsi ilə bərabər yaşayırmış. Ömrü doğulub, böyüdüyü kənddə keçmiş, yaxınlığındakı meşədən yığdığı odunları satmaqla kiçik ailəsini zorla dolandırırmış.Odunçu və arvadının aman-zaman bir oğulları varmış.
Odunçu oğlu hələ 10- 11 yaşında olanda, əziyyət çəkməsinə qıymır, özü iri gövdəli ağacları doğrayıb əl arabasında daşıyıb satmaqla birtəhər dolanırdı. İstəyirdi ki, oğlu daha da böyüsün, qolu güclənsin, sonra atasına kömək etsin.
Günlərin bir günü yenə odunçu ovuc içi kimi yaxşı tanıdığı meşədə münasib ağac axtarırdı.
Kolların arasında iri gövdəli qoz ağacı tapdı. Odunçu sevindi və öz-özünə dedi: nə yaxşı oldu, qoz ağacının qiymətli oduncağı olur, bunu kömür etmək heyifdir, aparıb şəhərdə sənətkarlara sataram.
Kolları təmizləyib ağaca yaxınlaşdı. Baltanı qoz ağacının gövdəsinə vurmaq üçün qaldıranda qulağına qəribə səs gəldi. Əvvəl elə bildi qulağına səs düşüb, ətrafa diqqətlə baxdı, lakin heç kimi görmədi. Yenə də baltanı qaldıranda bu dəfə səs ucadan gəldi.
-Ey, odunçu, mənə qıyma!
Odunçu qorxdu.. Fikriləşdi bəlkə qulağıma səs düşüb.
Üçüncü dəfə səsi daha aydın eşitdi.
-Ey, odunçu, mənim qol-budağımı zərərli sarmaşıqlardan təmizləsən sənə hər il çoxlu məhsul verə bilərəm. Sən də məhsulumu satıb daha çox pul qazana bilərsən.
Odunçu bir qədər fikirə gedib ağacın müdrik məsləhətinə əməl etmək qərarına gəldi. Ağacın dörd tərəfini zərərli otlardan, kollardan təmizləyib evinə gəldi. Evdə yoldaşına meşədə rastlaşdığı qəribə hadisəni danışdı. Yoldaşı onun dediklərinə inanmadı. Sonra odunçunun ciddi olduğunu görüb qınadı. Bizə gündəlik pul lazımdır. Ağacın bəhər verməsini gözləyə bilmərik.
Lakin odunçu israrlı idi. Ağaca qulluq etdi, həmin ilin yayında çoxlu bəhər toplayıb satdı.
Üstəlik ağacın yeni cücərmiş budaqlarından ting gətirib həyətində əkdi. Tinglər yavaş-yavaş böyüyüb qollu-budaqlı ağac olub hər il çoxlu bəhər verdilər. Beləliklə odunçu səbirlə böyük bir qoz bağının sahibinə çevrildi. Məhsul artıqda köhnə peşəsindən əl çəkdi . Oğlu da artıq böyümüş bağı becərməkdə, məhsulu satmaqda atasına kömək edirdi.
Amma bir iş vardı ki, odunçunun oğlu atası kimi səbirli deyildi. O, tezliklə varlanmaq istəyirdi. Bir gün odunçu həmişəki kimi ona faydalı məsləhət vermiş, qocaman qoz ağacına qulluq etmək üçün meşəyə getmişdi. Evə bir qədər gec gəlmişdi. Həyətə daxil olanda bağındakı bütün ağacların yerinin bom-boş olduğunu görüb təəccübləndi. Demə oğlu qoz ağacının oduncağının qiymətli olduğunu bilib, dostları ilə əlbir olub bütün ağacları mişarlayıb baha qiymətə satıbmış. Odunçu bərk qəzəbləndi. Uzun illər səbirlə qulluq edib böyütdüyü ağacların məhv edilməsi onu sarsıtdı.
Oğlu ilə bərk mübahisə edir, tamahkar oğul isə atasını eşitmək belə istəmirdi. Əlindəki pul ilə lovğalanırdı.
Odunçu səbrin necə böyük nemət olduğunu, sərvət əldə etməkdə səbirli olmağın əsas olduğunu desə də, oğlu onu eşitmək belə istəmirdi.
Odunçunun tamahkar oğlu bir neçə ay əlindəki pulu sağ-sola xərclədikdən sonra nə qədər səbirsizlik etdiyini anlayıb çox peşman olur, amma artıq çox gec idi. Odunçunun tamahkar oğlu naəlac qalıb atasının çoxdan istifadə etmədiyi köhnə baltanı itiləyib kor-peşman meşəyə odun qırmağa yollanır. O bilirdi ki, bundan sonra yalnız meşədən qırdığı odun ilə dolanmalı olacaq.