Coşqun Xəliloğlu. Babamın məsləhəti
Babam mühəndisdir. Hər gün işdən gəlib, şam eləyəndən sonra və istirahət günləri onu kitab oxuyan, yazı yazan görürəm. Babam mənim üçün də maraqlı kitablar alır. Həmişə deyir ki, çox oxu, faydasını görəcəksən. Mən də dərslərimi hazırlayandan sonra kitab oxuyuram.
Bir dəfə babamdan soruşdum:
-Baba, işdən sonra kitab oxuyursan, yorulmursan?
O, gülümsünərək:
-Yox. Kitab oxuyanda yorğunluğum çıxır, - cavab verdi.
-Bəs kitab oxuyanda nə yazırsan?
-Üçüncü sinfi bitirib yay tətilinə buraxılmışdıq. Sadiq müəllim bizə tətildə oxumaq üçün kitabların siyahısını vermişdi. Həftədə bir dəfə kənd kitabxanasına gedir, oxuduğum kitabları qaytarıb, yenisini götürürdüm. Kitabxanaçı Nisə xanım oxuyub qaytardığım kitabın məzmununu soruşur və mən də cavab verirdim. Bir gün oxuduğum sonuncu kitab haqqında sual verdi, cavab verə bilməyəndə Nisə xanım dedi:
-Deməli, kitabı oxumamısan.
-Oxumuşam, – dedim.
-Bəs niyə cavab verə bilmirsən?- deyə kitabın 55-ci səhifəsini açdı. Mənə verdiyi sualın cavabı orada yazılmışdı. Əlavə olaraq karandaşla kiçik qeyd etmişdi. ”Buradan sual verəcəyəm”.
Doğrusu, kitabın səhifələrini ardıcıl oxumamışdım, ordan-burdan nəzərdən keçirtmişdim. İstəyirdim ki, sinif yoldaşlarımın arasında ən çox kitab oxuyan mən olum. Utandığımdan qıpqırmızı oldum. Kitabxanaçı bunu görüb, dedi:
-Ceyhun, eybi yoxdur, bundan sonra apardığın kitabı ordan-burdan yox, tam oxu. Həm də diqqətli ol. Bir də ki, əsərin adını, qısa məzmununu, müəllifini, nəşriyyatı, nəşr tarixini, xoşuna gələn cümlələri qeyd elə. Bu, sənə kitabı daha yaxşı qavramaqda kömək edəcək.
Bundan sonra həm kitabları diqqətlə oxudum, həm də kitabxanaçının məsləhətinə əməl elədim.
-Baba, mən də kitab oxuyanda qeydlər etməliyəm?
-Əlbəttə, mənim balam. Qeydlər aparanda daha diqqətli olursan, kitabın məzmunu hafizəndə yaxşı qalır, gələcəkdə lazım olanda bu qeydlərə baxa bilirsən.
Babamın söhbətindən sonra mən də kitabları düşünə-düşünə, qeydlər edərək oxuyuram.