Nağıllar, hekayələr

Dombra Nə Dedi. Qazax xalq nağılı

Keçmiş zamanlarda bir xan vardı. Xanın arvadı cavan ikən ölmüş, Hüseyn adında bir oğlu qalmışdı. Xanın dünyada sevdiyi yeganə adam oğlu igid Hüseyn idi.
 
İgid Hüseyn ova çıxmağı çox xoşlayırdı. Hüseyn hər dəfə ova gedəndə xan narahat olur, oğlu qayıdanda ona deyirdi:
– Bu təhlükəli işdən əl çək, bəsdir ova getdiyin.
 
Lakin igid Hüseyn atasının sözünə baxmırdı. Hüseyn bir dəfə meşədə qaban gördü. Qabanı tək başına ovlamaq istədi, heç kəsə heçnə demədi, xəlvətcə ova çıxdı.
 
Axşam düşdü. Xanın oğlu gəlib çıxmadı. Xan narahat oldu, ipək çadırından çıxdı, ayağını yerə döydü, ipəkdən hörülmüş qamçısını şaqqıldatdı, nökərləri xəbər gətirməyə göndərdi. Xan dedi:
– Hər kim pis xəbərlə gəlsə, boğazına qaynar qurğuşun tökdürəcəyəm!
 
Nökərlər atlandılar, çöllərə, dağlara səpələndilər. Hüseyni tapdılar. Hüseyn böyük bir ağacın altında sərələ qalmışdı, qaban onun sinəsini parça-parça eləmişdi.
 
Nökərlər ağlaşdılar. Həm cavana ürəkləri yandığından, həm də qorxudan ağlayırdılar. O yerlərdə Əli adında bir çoban yaşayırdı. Çobanın əlindən hərşey gəlirdi.
 
Nökərlər bu çobanın yanına gəldilər, ondan dərdlərinə çarə istədilər. Gecə yorğun nökərlər tonqalın qırağında yıxılıb yatdılar. Çoban yatmadı, başladı bıçaqla taxta yonmağa, musiqi aləti düzəltməyə. Səhər nökərlər incə, kədərli, həzin bir musiqi səsinə oyandılar. Çoban bardaş qurmuşdu, qucağında heç kəsin görmədiyi yeni musiqi aləti vardı. Alətə nazik tellər çəkilmişdi.
 
Tellərin altında taxta çanaqda bir dəyirmi deşik açılmışdı.
 
Çoban Əli nökərləri yanına saldı, xanın hüzuruna getdilər. Xan onları görən kimi Əlidən soruşdu:
– Hüseyndən xəbər gətirmisən?
– Bəli, xan!
Çoban barmaqlarını çalğı alətinin üstündə gəzdirdi. Tellər fəryad qopartdılar, ətrafı şikayət səsi bürüdü, səs ipək çadıra doldu.
 
Alətin telləri kömək diləyən adam kimi haray çəkdi.
 
Xan sıçrayıb yerindən durdu:
– Sən Hüseynin ölüm xəbərini gətirmisən? Pis xəbərlə gələnə kəsdiyim cəzadan xəbərin yoxdur?
Çoban dedi:
– Xan, mən sənə heç bir söz deməmişəm. Sənə bu xəbəri çaldığım alət çatdırıb, istəyirsən onu cəzalandır.
 
Xanın əmri ilə dombranı çobandan aldılar. Onun boğazına – çanağındakı yumru deşiyə qaynar qurğuşun tökdülər. Çoban Əli nökərləri ölümdən qurtardı.
Elə o vaxtdan dombra qazaxların sevimli çalğı aləti olub.