Nən nağılı. İki qardaş və pəhləvan
İki qardaş, iki insan var idi. Biri varlı idi, o biri yoxsul. Yoxsul qardaşın bir köhnə çumu var idi, bir də qoca anası. Varlı qardaşın isə doqquz min maralı var idi, bu doqquz min maralı doqquz çoban otarırdı, özləri də doqquz çumda yaşayırdılar. Hə, bir də bu qardaşın bərli-bəzəkli iri bir çumu var idi ki, burada onun doqquz arvadı qalırdı. Yoxsul qardaşın isə arvadı yox idi.
Günlərin bir günü yoxsul qardaş durub gəldi varlı qardaşın yanına, yeməyə bir şey istədi. Yoxsul qardaşın yeməyə heç nəyi qalmamışdı. Varlı qardaş ona dedi:
— Əlindən rahatlığım yoxdur. Məni lap təngə gətirdin! Görəsən, nə vaxt sənin özünün yeməyə bir şeyin olacaq? Gözümə görünmə, rədd ol bu qapıdan.
Yoxsul qardaş qayıdıb gəldi evinə. Ac-acına, ana-bala yıxılıb yatdılar. Səhər yoxsul qardaş durub getdi ova. Acqarına necə ov eləmək olar? Uzağa getmək üçün bədəndə güc yox, yaxında da ki heyvan. Şikarsız, əli ətəyindən uzun qayıdıb gəldi çumuna. Ertəsi gün də yenə ovsuz qayıtdı. Üçüncü gün də eləcə…
Bir gün yoxsul qardaşın anası buzlu çaya su gətirməyə getdi. Gördü ki, çayın o biri sahilində bir pəhləvan dayanıb. Pəhləvan da qarını gördü. Özünün yekə xizəyində bir-iki addım atıb çayın bu tərəfinə gəldi. Xəbər aldı:
— Ay nənə, nə edirsən?
Qarı cavab verdi:
— Su aparmağa gəlmişəm. Oğlum ovdan qayıdıb gələcək, bari heç olmasa, qarnını qaynar suyla qızdırsın. Çoxdandır ki, heç bir şey yemirik. Onun ovda əli gətirmir.
Pəhləvan fikrə getdi. Sonra da qəflətən əlini yarığın içinə saldı. Əlini çıxaranda hər barmağında yekə bir balıq vardı. Balıqlar onun barmaqlarına ilişib qalmışdı. Pəhləvan balıqları qarın üstə silkələdi. Qarıya dedi:
— Budur, bax, götür, bişir, özün də ye, oğluna da yedir. Oğluna de ki, balığı mən necə tuturamsa, o da qoy elə tutsun.
Pəhləvan qarı ilə sağollaşıb çayın o biri sahilinə getdi. İki addımda orada oldu. Qarı balığı bişirdi. Oğlu ovdan qayıdıb gəldi. Yenə əliboş gəlmişdi. Qarı oğluna dedi:
— Bax gör, mən necə yağlı balıq bişirmişəm. Çoxdandır ki, yemirdik, indi doyunca yeyərik.
Oğlu mat qaldı:
— Ay ana, bu iri balıqları haradan almısan?
Ana pəhləvanla görüşdüyü barədə oğluna danışdı. Səhər oğlu durub getdi çay qırağına. Əlini saldı yarığa, pəhləvanın elədiyi kimi, dərhal hiss etdi ki, qolu aşağı dartılır. Oğlan çox çətinliklə əlini dartıb sudan çıxardı: hər barmağına yekə bir balıq ilişmişdi. Ana-bala başladılar kefikök, damağı çağ yaşamağa. Günlərin bir günü oğlu dedi:
— Ana can, sən balığı bişir, mən də durub pəhləvana qonaq gedim.
Oğlan xizəyin izi ilə çayın o biri sahilinə getdi. Bir xeyli gedəndən sonra nəhəng bir çum gördü. Çumun yanındaca dayandı. Xizəkləri çıxarıb keçdi içəri. Çumun bir tərəfində pəhləvan yuxuya getmişdi. Arvadı da böyründə oturmuşdu. Çumun o biri başında daş qoca kişi ilə daş qarı ağızlarını aralayıb oturmuşdular. Pəhləvanın arvadı qonağı görüb başladı ərini oyatmağa. Əri yuxudan oyanmırdı. Bu vaxt pəhləvanın arvadı bıçağın sapı ilə ərinin başına vurdu. Pəhləvan yerindən dik qalxdı. Yoxsulu görcək dedi:
— Yaxşı eləmisən ki, mənə qonaq gəlmisən.
Sonra ətrafına göz gəzdirib çağırdı:
— Xizəklərim, kəmərim, kəməndim, haradasınız?
Dərhal xizəklər pəhləvanın yanına gəldi, sürünə-sürünə kəmər və kəmənd gəlib çıxdı, kəmər pəhləvanın belinə dolandı, kəmənd də əlinə sarındı. Pəhləvan xizəyin üstə durdu, xizəklər özləri pəhləvanı daş qocalara tərəf apardılar. Pəhləvan daş qocanın ağzından girib daş qarının ağzından çıxdı. Pəhləvan qoltuğunda yağlı, cavan dişi maral tutmuşdu. O, cəmdəyi döşəməyə atdı, bıçağını da yuxarı tulladı. Bıçaq bir göz qırpımında maralın dərisini soydu, əti tikə-tikə doğradı. Tikələr bir-birinin ardınca içində qaynar su olan qazana tullandılar. Ət bişdi, pəhləvan dedi:
— Qonağım, buyur!
Yoxsul bir neçə yağlı tikə yedi, tez doydu, dedi:
— Sağ ol! Hiss edirəm ki, qollarımın gücü artdı, ayaqlarımın taqəti, gümrahlığı çoxaldı.
Pəhləvan qızını çağırıb dedi:
— Mən də gözəl qızımı sənə verirəm. Onunla birlikdə bir sehrli kisə də verirəm. Kisədəki sizin var-dövlətinizdir. Ancaq bunu yalnız öz çumunuzda aça bilərsiz. Əgər səbir edib dözməsən, kisəni vaxtından əvvəl açmış olsan, bax onda sənin dolanışığın əvvəlkindən də ağır keçəcək.
Yoxsul qardaş qızı da götürüb geri — öz çumuna yollandı. Yoxsul kisəni aparırdı, ancaq kisə elə bil boş idi, içində heç nə yox idi. Fikrindən keçirirdi: “Onun içində dövlət nə gəzir?”
Onlar çaydan keçirdilər. Bu vaxt birdən buzun altından səs eşidildi, ucadan mahnı oxuyurdular. Mahnını dəniz əcinnələri oxuyurdular:
Ayaq saxla, ay kasıb!
Heybən boşdur, ay yazıq!
İpini aç bir görək,
Heybəyə baxmaq gərək.
Özün baxıb görsənə —
İçində yoxdur heç nə.
Ancaq yoxsul əcinnələrin sözünə qulaq asmadı, kisənin ağzını açıb baxmadı. Qızla birlikdə gəlib çıxdılar evə. Lakin bu vaxt yoxsul kisənin ağzını açdı. Kisənin içindən bir yığın mozalan çıxdı. Bacadan çölə uçdular. Yoxsul qardaş qızla, anası ilə birlikdə cəld çumdan bayıra qaçdılar.
Bu nədir belə? Çumun dörd bir tərəfində o qədər maral vardı ki, saymaqla qurtarmaz! Bu, pəhləvanın mozalanları idi, dönüb hamısı maral olmuşdu. İndi tundrada ondan varlı adam yox idi.
Varlı qardaş dərhal qaçıb gəldi kiçik qardaşın yanına:
— Qardaş, bir danış görək, necə oldu ki, birdən-birə belə varlandın?
Kiçik qardaş necə olmuşdusa, hamısını başdan-ayağaçan danışdı. Böyük qardaş o dəqiqə durub qaçdı buzlu çaya. Əlini saldı çapılmış yarığa, bir xeyli durub gözlədi, sonra əlini çəkdi. Əşi, balıq nə gəzir? Böyük qardaş xizəyin üstə durub pəhləvanın yanına qaçdı. Pəhləvan böyük qardaşın da qabağına yağlı maral cəmdəyi qoydu. Böyük qardaş o qədər yedi ki, cəmdəyin hamısını qurtardı.
— Vay, vay, lap çox yedim, yaman ağırlaşmışam, yerimdən heç qalxa bilmirəm. Sənin yanında yatacağam.
Pəhləvan ona dedi:
— Mən səni yatmağa dəvət eləməmişəm. Get, öz çumunda yat!
Böyük qardaş dedi:
— Yaxşı, çıxıb gedərəm. Ancaq sən öz qızını mənə ver, alım onu. Bir də o ecazkar kisəni ver mənə.
Pəhləvan dedi:
— Qızımı sənə vermərəm, onsuz da sənin doqquz arvadın var. Kisəni isə verərəm, götür.
Pəhləvan cılız, üzdən tamam boş görünən kisəni böyük qardaşa verdi. Varlı qardaş kisəni göydə qapdı, özünü güclə çəkə-çəkə evinə yollandı.
Çayın tən ortasında buzun altından səs eşidildi. Oxuyan sudakı əcinnələr idi:
Yetirdikcə uğurun
Uçubdur başdan ağlın.
Tələşmə, varlı lələ,
Öz heybən boşdur elə!
İpini aç bir görək.
Heybəyə baxmaq gərək.
Özün baxıb görsənə —
İçində yoxdur heç nə!
Varlı fikrə getdi: “Bu kisə, doğrudan da, lap yüngüldür, birdən boş olar a! Orda maral-zad nə gəzir?” Varlı kisənin ağzını açıb içinə baxdı. Kisənin içindən vızıltı ilə bir yığın mozalan çıxdı, birbaş varlının çumuna uçdu. Varlı sevindi: “Mozalanların hamısı dönüb maral olacaq!” Odur ki tələsik onların dalınca cumdu. Əcinnələr qəhqəhə çəkib gülüşdü:
Piy bağlamış varlının
Halına bir baxın siz.
Qurdların caynağında
Qalıb indi bu fərsiz.
Varlı qaçıb gəldi öz çumuna. Gördü ki, marallarının hamısı kəsilib. Bu, mozalanların işi idi, canavara çevrilib varlı qardaşın marallarını parçalayıblar.
Həmin vaxtdan kiçik qardaş varlandı, böyük qardaş isə yoxsullaşdı. Ancaq kiçik qardaş böyük qardaşına yardım edir, onu naümid qoymur, qardaşının etdiyi kimi, onu qapıdan qovmurdu.
Bu da sizin nağılınız, vəssalam.
21.10.2026