Acığı tutmaq
ACIĞI TUTMAQ
Xoşuna gəlməmək, qəzəblənmək, hirslənmək, qeyzlənmək.
İfadə «acıq» sözünün semantik dəyişməsi ilə bağlı meydana çıxmışdır.
Əslində, bu frazeoloji ifadə insan orqanizmi — konkret olaraq qədim dövrlərdə «acıq» adlandırılmış ciyərlərlə bağlıdır. Sadəcə dilin tarixi inkişafı prosesində bu söz tədricən konkretlikdən çıxaraq ümumiləşmiş, getdikcə məcazi məna almaqla məlum ifadənin yaranmasına gətirib çıxarmışdır.
Mövcud mənbələrə görə, qədim dövrlərdə «acıq» sözü vahid məna daşıyaraq insan orqanizmində konkret orqanların — ağciyər və qaraciyərin adını bildirmişdi. Sonralar bu söz həmin orqanların funksiyaları ilə bağlı insanda yaranan ruhi-psixi halları da (hiddət, kədər, əsəb, qəzəb, qeyz və s.) ifadə etməyə başlamışdır. Beləliklə, «acığı tutmaq», əslində, ciyərlərdə gedən prosesi və ya onlara hansısa formada təsir göstərməyi bildirmək məqsədilə işlənmişdir.
Elmi təbabət də təsdiq edir ki, insanın ciyərində baş verən hər hansı ciddi fizioloji dəyişiklik orqanizmin digər üzvlərinin funksiyasının (dodaqların çatlaması, gözlərin hədsiz qızarması, nəfəs daralması, tıncıxma və s.) da müəyyən dərəcədə dəyişməsinə səbəb olur. Bütün bunlar müasir dövrdə «acığı tutmaq» ilə əlaqələndirilir.
19.10.2026