“Enerji” sözü yunan mənşəli “energia”dan əmələ gəlib “hərəkət, fəaliyyət” mənasını bildirir. Ətrafımıza göz gəzdirsək, onda görərik ki, çevrəmizdə daim nə isə baş verir: külək əsir, ağacların yarpaqları tərpəşir, insanlar gəzir, avtomobillər hərəkət edir, oğlanlar futbol oynayır, buludlar axır, təyyarələr uçur, bənnalar ev tikir, qaldırıcı kran yük qaldırır. Yəni ətrafımızdakı hər şey enerji sayəsində hərəkət edir. Hər bir iş də yalnız enerji sayəsində görülür. Təsadüfən demirlər ki, enerji cismin işgörmə qabiliyyətidir.
Enerji müxtəlif növ olur: mexaniki, istilik, elektrik, kimyəvi, cazibə, nüvə enerjisi. Enerji nağıl qəhrəmanları kimi bir şəkildən başqa şəklə düşür. Məsələn, hərəkət edən avtomobil dayananda onun mexaniki enerjisi istilik enerjisinə çevrilir. İnsanlar elektrik enerjisini başqa şəklə salan cihazlar düşünüb tapırlar. Məsələn, elektrik enerjisi elektrik lampasında istilik və işıq, elektrik çaydanında istilik, elektrik mühərrikində mexaniki enerjiyə çevrilir. Enerji heç nədən yaranmadığı kimi, izsiz də yoxa çıxmır. Yalnız bir şəkildən başqa şəklə keçir. Əsas təbiət qanunlarından biri də elə enerjinin saxlanması və çevrilməsi qanunudur.
Mexaniki enerji üzərində ətraflı dayanaq. Hərəkət edən bütün cisimlər – avtomobil, təyyarə, düşən və axan su və s. mexaniki enerjiyə malikdir. Hərəkət edən cismin enerjisini kinetik enerji (yunan mənşəli “kinetikos” sözündən olub, hərəkətə gətirən deməkdir) adlandırırlar. Cismin kütləsi və sürəti nə qədər çoxdursa, onun kinetik enerjisi bir o qədər güclüdür.
Yer üzərində qaldırılan cisimlər də mexaniki enerji daşıyıcısıdır. Belə cisimlərin enerjisi onların kütləsindən və qaldırmanın hündürlüyündən asılıdır və potensial (latın mənşəli “potentia” sözündən olub, güc deməkdir) enerjidir. Dartılmış və sıxılmış yaylar da potensial enerjilidir. Dartılma və sıxılma nə qədər çoxdursa, enerji bir o qədər böyükdür.
Yer kürəsində hər hansı enerjinin ilkin mənbəyi Günəşdir. Bunu sadə misal üzərində izah edək. Kömür yandıranda onun necə əmələ gəlməsi barədə düşünmürük. Amma bu yanacaq nə vaxtsa Yer kürəsində bitən və Günəş sayəsində qol-budaq atan ağaclardan yaranıb. Günəş-ağac-kömür “zənciri” vasitəsilə Günəş enerjisi kömürə keçib.