Təbiət

Kumkvat (kinkan) bitkisi

Yapon portağalı, qızıl portağal, fortunella, əfsanəvi naringi, kinkan, yapon heyvası və s. – bütün bu adlar bir bitkinin müxtəlif adlarıdır. Bu kumkvat bitkisidir. Kumkvat sözü çin dilindən tərcümədə «qam qvat» - qızıl portağal deməkdir. Onun faydalı xüsusiyyətləri hələ indi Avropalılar tərəfindən aşkarlanmaqdadır. Kumkvat sitruslara aid olub zahirən miniatür portağala bənzəyir. Bu bitkinin maraqlı özəllikləri var: onun qabığı şirin, ləti isə turşdur. Kumkvatın vətəni cənub-şərqi Çin hesab edilir. O, elə buradan da digər Asiya ölkələrinə, buradan Yaponiyaya, daha sonra isə ABŞ-ın cənubuna geniş şəkildə yayılmışdır. Kumkvatın bəzi sitrus bitkiləri ilə bir çox təbii və süni hibridləri də vardır: kalamondin (naringi+kumkvat), laymkvat (layma+kumkvat) və s. Kumkvatdan dekorativ bitki kimi bonsayların düzəldilməsində də istifadə edilir. Qədimdə bu bitkini müdriklərin qidası hesab edirdilər.

 

 

 Kumkvat çox da hündür olmayan həmişəyaşıl kol bitkisidir. Avropada onu yapon portağalı adlandırırlar. Əsasən Çin, Cənub-Şərqi Asiya, Yaponiya, Yaxın Şərq, Cənubi Avropa və ABŞ-da yetişdirilir. Əsasən iyul-avqust aylarında çiçəkləyir, çiçəkləmə 5-7 gün davam edir. 2-3 həftədən sonra bitki təkrar çiçəkləyə bilər. Onun çiçəkləri ikicinslidir, tozlanması çarpaz gedir, lakin öz-özünə də tozlanma mümkündür. Meyvələri dekabr-yanvar aylarında yetişir. Kumkvatın meyvəsi digər sitruslar arasında ölçücə ən kiçik olanıdır (uzunluğu 4 sm-dən artıq olmur). Meyvəsinin forması uzunsovdur. Parlaq narıncı rəngli meyvələri çox gözəl, xoş ətirə və qeyri-adi dada malikdir.


Otaq şəraitində kumkvat 1,5 metr hündürlüyə qədər qalxa bilir. Bitkinin bu hündürlüyə çatması üçün onu çox iri konteynerə yerləşdirmək lazımdır. Kinkanın bütün sortları, hətta turş naringi ilə olan sortu da otaq şəraitinə yaxşı öyrəşə bilir. Əsasən otaq şəraitində kumkvatın Marumi, Naqami, Meyva və İndio Mandarinkvat (Indio Mandarinquat) sortları yetişdirilir. Kumkvatın bu sortları soyuğadavamlıdırlar, hətta 10-12 dərəcə temperaturda yaşaya bilirlər. Otaq şəraitində kumkvatın böyümə periodu aprelin sonu mayın əvvəli başlayır, 30-50 gün davam edir. Digər sitruslardan fərqli olaraq otaq şəraitində bir qədər yaşlı kumkvatın 1, cavan kumkvatın isə 2 böyümə periodu olur.


Kumkvatın tərkibinə A, B qrupu, C, E və P vitaminləri, pektin və mineral maddələr (kalsium, mis, sink, kalium, dəmir, natrium, fosfor), efir yağları və s. daxildir. Bitkinin tərkibində göbələk əleyhinə təsir edən furakumarin maddəsi də vardır.


 Kumkvat orqanizmin immun müqavimətini bərpa edir, soyuqdəymədən, respirator virus infeksiyalarından qoruyur, xəstəliktörədən bakteriya və göbələkləri məhv edir. Mədə-bağırsaq sisteminin fəaliyyətini normallaşdırır. Qurudulmuş halda istifadə edildikdə mədə və onikibarmaq bağırsağın xora xəstəliyinin qarşısını alır. Faydalı bitki və tərkibində külli miqdarda efir yağlarının olmasına baxmayaraq onun 100 qramının energetik dəyəri cəmi 65 kkal-dir. Buna görə də bu miniatür portağalı əsl diyetik qida hesab etmək olar.


Kumkvat artrit, artroz və xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır, arterial təzyiqi və ürək ritmini stabilləşdirir, əzələ və bağ aparatını möhkəmləndirir, toxumaların regenerasiyasını sürətləndirir, şəkərli diabetin yaranma riskini azaldır, depresiyya əleyhinə müsbət təsir göstərir, xroniki stresdən qoruyur, sinir gərginliyini azaldır, orqanizmi şlak və toksinlərdən təmizləyir. Çin təbibləri quru və xroniki öskürək zamanı kumkvatdan hazırlanmış cövhəri balla qarışdırıb istifadə edirdilər.