Donuz kalmarı
“Helicocranchia pfefferi” və ya “donuz kalmarı” adlanan, dərin okean sularının bu sevimli canlısı, zooloqlar arasında “Svinhed”(yəni “donuz başı”) kimi də tanınır. Kalmar adını, donuza bənzəyən xarici görünüşünə görə alıb.
Sualtı topa bənzəyən bu canlı haqqında az məlumat var, çünki hələ çox az öyrənilib. 10 sm uzunluğa sahib olan Donuz kalmarının gövdəsi demək olar ki, tamamilə şəffafdır, yalnız bəzi bölgələrdə yüngül piqmentasiyalar var. Bu möcüzəvi kalmarın üzündə açıq şəkildə görünən burun, əslində dəniz və okean sakinlərinin çoxunun sahib olduğu xüsusi bir işıqlandırıcı orqan olan fotofordur. Bu cür fotofora donuz kalmarının gözlərinin altında da rast gəlinir.
Bu sevimli canlı bütün iqlim zonalarında, yüz metr dərinlikdə yaşayır və suyun səthinə demək olar ki qalxmır. Daha çox Atlantik və Sakit okean sularında rast gəlmək mümkündür.
Donuz kalmarı tələsən canlı deyil, suda çox yavaş hərəkət edir, bunu da xüsusi bir şəkildə edir.
Kalmar yuvarlaq formanı və "üzünün" razı ifadəsini, hər dəfə hərəkət etməsinə səbəb olan “suyu bədənindən süzmə (keçirmə) mexanizmasına görə alır”.
05.02.2021