Təbiət

Nəsli kəsilməkdə olan Kaqu quşu

Kaqu (lat. Rhynochetos jubatus) — yalnız Yeni Kaledoniya adalar qrupunda yaşayan, Durnakimilər dəstəsinin kaqular (Rhynochetidae) fəsiləsinə aid uçmayan quş növüdür. Kaqu, təbii populyasiyası bu gün ümumilikdə 300 fərddən çox olmayan “Nəsli kəsilməkdə olan” növ statusuna malikdir.

 

Əsasən açıq boz rəngdə olan bu quş, tropik meşələrdə və ya sıx kolluqlarda rast gəlinir. Bu nadir quşların qida rasionunu əsasən qurdlar, ilbizlər və olduqca nadir hallarda kiçik kərtənkələlər və qurbağalar təşkil edir.

 

Xarici olaraq, kaqu, uzun qırmızı ayaqları və lələklərinin rənginə görə leyləyə bənzəyir (bu oxşarlığa görə Durnakimilər dəstəsinə aid edilmişdir). Bu quş yalnız yerdə həyat tərzi sürür, ümumiyyətlə qanadlarını "məqsədləri üçün" istifadə etmir, baxmayaraq ki, əlbəttə ki, meşə çalılarının arasından keçməsinə kömək edir və müxtəlif nümayişlərdə də istifadə olunur.

 

Kaqu təxminən bir ev toyuğunun ölçüsündədir və uzunluğu 55 sm, çəkisi isə 700 - 1100 qr arasındadır. Erkək və dişi fərd eyni rəngdədir. Quşun baş hissəsində uzun, lələklə örtülü pipiyi var. Bu pipik yalnız quş narahat olan vəziyyətdə yuxarı doğru qalxır.

 

Kaqu quşu əsasən gecələr fəaldır, gündüzlər isə sığınacaqda olmağa üstünlük verir.

 

Bu quşlar uzun illər davam edən cütlüklər təşkil edirlər və öz ərazilərini qoruyurlar. Kaqunun yuvası çox sadədir, torpağın üstündə bir dəstə yarpaqdan ibarətdir. Həm erkək, həm də dişi quş tərəfindən 33-37 gün ərzində növbə ilə inkübe edilən yalnız bir yumurta olur.

 

Ev şəraitində quşlar orta hesabla 30 il, təbiətdə isə ən azı 15 il yaşayırlar.

 

Hal-hazırda kaqu quşu yalnız adaların dağ meşələrində sağ qalıblar, düzənliklərdə isə ağacların kütləvi şəkildə kəsildiyi üçün yox olublar. Kaqu populyasiyasındakı kəskin azalmanın amillərindən biri də quşları ovlayan və ya yumurtalarıyla bəslənən insan tərəfindən gətirilən itlər, pişiklər, siçovullar və donuzlardır.

 

Kaqu nəsli kəsilməkdə olan bir növ kimi tanınır və "Nəsli kəsilməkdə olan vəhşi fauna və flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiya" (CITES) tərəfindən Qırmızı Kitabın siyahısına alınmışdır.