Bu maraqlıdır!

Od və su arasında

Hər şey dəhşətli meşə yanğınından sonra başladı. Yanğının tüğyan etdiyi quraqlıq illərində yaşamaq üçün yer qalmamışdı. Alov meşədə nəhəng ağacları yandırıb külə döndərirdi.
 
Zəifləmiş və köməksiz Usos da həmin meşədə idi. O, Allahın qəzəbinə düçar olmuş və amansız təbii fəlakət qarşısında aciz duruma düşən insan kimi baş götürüb hara gəldi qaçırdı. Xilas olacağına inanmasa da, alovdan qurtulacağına ümid edirdi. Lakin bir anda Usosun bu ümidi də puça çıxdı. Onun qarşısını ucsuz-bucaqsız dəniz kəsmişdi, arxasından isə istisini nəfəsində hiss etdiyi alov yaxınlaşırdı. Əgər o, quş olsaydı uçardı, balıq olsydı üzərdi, lakin Usos adi bir insan idi və hələ ki, nə üzə, nə də uça bilmirdi. Bu zaman dənizin lap yaxınlığına qırılıb düşən quru bir ağac gördü. Usos son gücünü toplayaraq həmin ağacı suya tərəf itələdi və onun üstünə çıxaraq üzüb canını yanğından qurtara bildi.
 
Beləliklə, dünyada ilk gəmi və ilk gəmiçi meydana gəldi. Bu qədim Finikiya əfsanəsidir. Bu əfsanənin həqiqətə nə dərəcədə uyğun olması elə də vacib deyil. Lakin finikiyalıların uzaq dəniz səyahətlərinə çıxmağa yararlı olan iri taxta gəmilər düzəltdikləri şübhəsizdir.
 
Misirlilər gəmi düzəltməyi finikiyalılardan daha öncə öyrənmişdilər. Lakin onların ilk gəmiləri ağacdan deyildi. Piramidalar ölkəsində ağac hər zaman qıt olub. Buna görə də misirlilər ilk gəmiləri qamış və papirusdan hazırlayırdılar. Misir gəmiqayıranları bu bitkilərin uzun, nazik və quru gövdələrini qalın topa şəklində bağlayır, sonra isə bu topaları biri-birinə xüsusi üsulla bərkidərək qayığın gövdəsini qururdular. Gəminin ortasında isə sahibinin yeganə sığınacaq yeri olan koma – kayut tikirdilər. Bu gəmilərdə yelkən olmurdu, çünki güclü külək bu yüngül qayığı ilk həmlədə çevirə bilərdi.
 
Əlbəttə, belə papirus qayığında dənizlər arxasına səyahət edə bilməzsən. Misirlilər onlarla çox da uzaqlara üzmürdülər və Nil çayı boyu səfərlərdə, yüngül yüklərin daşınmasında, balıq və quş ovları zamanı istifadə edirdilər. Dəniz isə səbirsizliklə yaxınlıqda, nəhəng çayın sahillərində yaşayan kapitanlarını gözləyirdi.
 
Dəniz yaxınlıqda idi, özü də tək deyildi. Nil çayı Aralıq dənizinə tökülür, şərqdə isə Qırmızı dəniz yerləşir. Bu dənizi misirlilər “Nəhəng yaşıllıq” adlandırırdılar. Lakin onların qamışdan hazırladıqları ilk qayıqdan, dənizdə üzməyə imkan verən gəmini düzəltdikləri vaxtadək Nildən çox sular axmışdı. Axı uzaq səyahətlər üçün əsl gəmilər tikmək asan deyildi və bunu öyrənmək lazım idi.