Hans Xristian Andersen. Kibritsatan qızcığaz
Yeni il gecəsi idi. Bayırda dəhşətli şaxta hökm sürürdü. Qar dayanmadan yağır, soyuq adamın kələyini kəsirdi. Çölə çıxanlar paltolarının yaxasını qaldırır, papaqlarını alınlarınacan aşağı salır, şərfləri ilə ağız-burunlarını örtür, yun şala bürünərək tez-tez yeriyirdilər. Kimisi evinə, kimisi əyləncə məkanına tələsirdi.
Uşaqlar isə hər şeydən uzaq, qayğısızca belədən-belə qaçır, qartopu oynayırdılar. Gecədən ən çox onlar zövq alırdılar. Sevinclə qəhqəhə çəkir, gülüb əylənirdilər.
Ancaq bir uşaq var idi ki, gəlib-gedənlər ona fikir vermədən, etinasızca yanından keçib uzaqlaşırdılar. O, balaca qız uşağı idi… Başıaçıq, yamaqlı paltarda, yoxsul bir qızcığaz… Şaxta üz-gözünü vurmuş, məsum uşaq siması gömgöy göyərmişdi.
Qızcığaz buz kimi bir daşın üstündə oturmuş, əlində tutduğu qutunun içinə kiçik kibrit qutularını düzmüşdü. Bəli, o, kibritsatan qız idi və bu gün bircə kiçik qutu belə sata bilməmişdi. Satıb bir-iki qəpik qazansaydı, durub evinə gedər, anasının bişirdiyi şorbadan isti-isti içərdi. Ancaq gedə bilmirdi, çünki anasına heç kibrit sata bilmədiyini deməkdən çəkinirdi. “Kibrit! Kibrit!” – deyə qışqırmasına baxmayaraq, bir nəfər də ona sarı dönüb baxmır, küçədən keçənlərin heç biri qıza əhəmiyyət vermirdi.
Heç olmasa, ayağında ayaqqabıları olsaydı… Düzü, evdən çıxanda ayaqlarına başmaq keçirmişdi, ancaq onların da bir köməyi dəyməmişdi. Anasının başmaqlarıydı deyə həm ayağına böyük, həm köhnə, həm də cırıq və yüngül idi. Hətta tez-tez ayağından çıxırdı, yazıq uşaq onları güclə sürüyürdü. Yolun bu üzündən o üzünə keçərkən sürüşə-sürüşə, sürətlə gedən iki maşın, necə oldusa, birdən onun üstünə gəlməyə başladı, həyəcanlanıb qaçmağa çalışan qızcığazın başmaqları ayağından çıxdı. Sonra nə qədər axtarsa da, bir tayını tapa bilmədi. Digər tayını isə bir yaramaz oğlan qapıb götürüldü, qaçarkən də “gələcəkdə uşağım olanda bu başmaqdan beşik düzəldəcəyəm” dedi. Qızcığaz oğlana nə qədər səslənsə də, yaramaz dinləməyib uzaqlaşdı. Odur ki, ayaqyalın, soyuqdan yarpaq kimi əsə-əsə bir qapının küncünə qısılaraq çılpaq ayaqlarını altına çəkib oturmuşdu.
Qızcığazın barmaqları artıq şaxtadan buz kimi soyumuş, ucları sızım-sızım sızıldayırdı.
Kibritsatan qız soyuqdan qorunmaq üçün divarın küncünə qısıldı. Axırda donmuş barmaqlarının ağrısına dözə bilməyib, qutulardan birini açıb kibrit çöpünü çıxardı. Barmaqları keyidiyindən kibrit çöpünü əlində güclə tuturdu. Əli titrəyə-titrəyə çöpü divara sürtdü. Kibrit birdən alovlandı: şirin, yumşaq, narıncı bir alov dili… Biçarə qız kibriti bir əlindən o biri əlinə keçirib barmaqlarını isitdi. Daxili də bir az qızdı. Sanki alovlanıb yanan bir ocağın yanında əyləşmişdi, əynində qalın yun jilet, ayaqlarında içi tüklü çəkmələr vardı. İsinmişdi, hətta tərləməyə başlamışdı. Ancaq birdən kibrit söndü… Bununla da o şirin xəyallar puç oldu. Qızcığazın barmaqları yenə donmağa başladı, bayaqkı sızıltı artıq əvvəlkindən də güclü ağrı verirdi.
Qız bir kibrit çöpü də götürüb yandırdı, ancaq bu dəmdə elə bir külək əsdi ki, yazıq uşaq kibrit sönməsin deyə, divara tərəf çevrilib digər əlini də alova sipər etdi. Şaxtadan güclə açılan gözlərini alova dikib uzun-uzadı baxarkən qarşısındakı divar elə bil əridi – arası açıldı və içərisi göründü. Orada geniş bir otaq var idi. Qar kimi bəmbəyaz süfrə salınmış masanın üzərində növbənöv, bir-birindən ləzzətli yeməklər düzülmüşdü. Masada gümüş şamdanlar yanır, otağı gün kimi işıqlandırırdı.
Qızcığaz gözlərini süfrənin ortasına qoyulmuş böyük bir tabağın içindəki nar kimi qıpqırmızı qızardılmış qaz ətinə dikmişdi. Ağzı sulandı, əlini yeməyə uzatdı. Ancaq kibrit yanıb qurtardı və barmağını yandırdı. Qızcığaz tez çöpü yerə atdı. Çöpün yerə atılması ilə gözləri önündə canlanan Yeni il süfrəsi silinib getdi, daş divar yenidən göründü.
Üçüncü kibrit çöpü daha dərin xəyallara apardı. Bir yay gecəsidir… Kibritsatan qızcığaz çöldə bir ağacın altında oturub ulduzlara baxır… Gecə olsa da, hava istidir. Altındakı torpaq gündüz günəş qızdırdığından ocaq kimi yanır. Kiçik qız bir an belə olsun, ulduzlardan gözünü çəkmir. Uzaqlarda gecə quşları ötür, qurbağalar quruldayırlar…
Elə bu vaxt anidən bir ulduz axdı, göy üzünə bir yay çəkərək uzaqlaşıb söndü. Qız öz-özünə dedi: “Biri də öldü”. Bir gün nənəsi ona bu cür söyləmişdi: “Hər ulduz düşəndə yer üzündə kimsə ölür”. Balaca qız nənəsini yenidən görmək üçün bir kibrit də çaxdı. Soyuqdan kələyi kəsilən qızcığaz düşünmək qabiliyyətini itirmişdi. O artıq küçənin ortasında olduğunu unutmuş, xülyalara qapılmışdı. Kibritin alovunda yenə nənəsini görür, onun səsini eşidirdi. Budur, nənəsi gəldi… Lopa-lopa yağan qarın arasından bir mələk kimi aşağıya endi… Yaxınlaşdı… yaxınlaşdı… Qollarını açıb nəvəsini bağrına basdı, qucağına alıb göylərə yüksəldi…
Ertəsi gün yoldan keçənlər bir evin kəndarında şaxtadan donub qalmış qızcığazın cansız bədənini tapdılar. Başı üstündə çoxlu boş kibrit qutusu var idi.
– Yazıq qız, isinmək üçün bütün kibritlərini yandırıb, – dedilər… Amma onun bu kibritlərin alovları arasında necə xəyallar qurduğundan xəbərsiz idilər.
15.07.2026