M.F.Axundov. "Hekayəti xırsi-quldurbasan" (I, II məclis)
Yəni təmsili-güzarişi-əcib ki, keyfiyyəti üç məclisdə bəyan olub itmamə yetir.
ƏFRADI-ƏHLİ-MƏCALİS
Divanbəyi. Vəli Xatun oğlu .
Kamalov – onun dilmancı. Oruc Nəsib oğlu .
Məşədi Qurban. Sona – Pərzadın qayınanası.
Tarverdi – onun oğlu. Koxa.
Pərzad – onun qardaşı qızı. Matvey – kazak.
Nəcəf. Frans Foxt – hafizi – canəvəran.
Namaz. Kərim – yasavul.
Zalxa – onun arvadı. Tərəkəmələr və kazaklar.
Bayram – cavan oğlan.
ƏVVƏLİMCİ MƏCLİS
Əvvəlimci məclis vaqe olur dərənin içində, bir böyük palıd ağacının dibində ki, Pərzad oturubdur daş üstündə, yanında qıvraq geyinmiş və yaraqlanmış Bayram gözün ona dikmiş.
Bayram. Axır ki, bu palıd ağacının dibində mənə müyəssər oldu ki, səninlə görüşüb, danışıb ürəyimi boşaldam. Niyə geri baxırsan?
P ə r z a d . Ay aman, qorxuram!
Bayram. Qorxma, mən səni çox əyləmənəm. Indi Pərzad, mənə de görüm, sən gedəcəksən Tarverdiyə, bu tata1 arvad olacaqsan, sonra
qızlar içində güvənəcəksən ki, guya sənin də ərin var?
P ə r z a d . Nə eləyim, əlimdən nə gəlir? Atam ölübdür, bir anam ilə qalmışam əmimin ixtiyarında; qardaşım yox, bir köməyim yox.
Əmim istərmi ki, məni özgəyə versin, atamdan qalan sürünü, ilxını özgəyə tapşırsın?
Bayram. Bəs məlum olur ki, əmin səni axtarmır, ancaq sənin sürün, ilxın axtarır. Onun üçün istir səni öz oğluna, o təcikə,2 o maymağa
verə ki, ömründə bir sərçə vurduğu, bir quzu oğurladığı yoxdur?
P ə r z a d . Neyləyim, yazını pozmaq olmaz. Həlbət mənim də qabağımda belə yazılmışmış ki, gərək mən təcik arvadı olaydım.
Bayram. Yəni nə dərddir? Təcikə arvad olmaqdansa, özünü bu gölə tulayıb boğulsan, yey deyilmi?
P ə r z a d . Əlbəttə, yüz qat boğulmağım Tarverdiyə arvad olmaqdan yeydir. Səndən çəkinirəm. Əgər sən rüsxət versən, bir gün bu dərd
ilə özümü sağ qoymanam!
Bayram. Allah eləməsin, söz gəlişi mən belə deyirəm. Sən olmayandan sonra dəxi mən niyə dünya üzündə gəzirəm? Sənin ölümünə
heç vaxt razı ola bilmənəm və Tarverdiyə də arvad olmağına tablaşmanam! Günü sabah bir güllə Tarverdinin böyrəyinə vurram,
sonra özümün də başıma hər nə gəlsə gəlsin.
P ə r z a d . Bəs elədə bir güllə də mənə vur, məni də öldür, səndən sonra mən dəxi niyə gərək dünyada sağ qalam!
Bayram. Sən nə üçün sağ qalmayasan? Sən sağ qalarsan, sonra barı bir başqa abırlı, vuran, yıxan oğlana gedərsən, heç olmasa tay-tuş
tənəsi çəkməzsən.
P ə r z a d . Ay Bayram, Allahı sevirsən, mənim ürəyimi Qana döndərmə!
Mənim öz dərdim özümə bəsdir. Əgər mən vuran-yıxan oğlana nəsib olsaydım, sənə nəsib olardım.
Bayram. Mənə nəsib olmağın öz əlindədir, əgər istəsən.
P ə r z a d . Necə öz əlimdədir?
Bayram. Belə ki, mənə izin ver, səni götürüm qaçım.
P ə r z a d . Hara?
Bayram. Qarabağa, Irəvana, başqa uzaq yerə.
P ə r z a d (bir az fikir edib). Xeyr, anam razı olmaz. Anamın gözünün ağı-qarası bir mənəm. Məni uzaq aparsan, anamın günü qara olar.
Bayram. Bəs qoy səni aparım mahalımızın o biri başına.
P ə r z a d . Eh, o boş işdir! Əmim dövlətli, zorlu kişidir. Bu yaxında heç vaxt məni sənin əlində qoymaz. Başına yüz min qalmaqal açar,
üstünə təqsir yıxar, divana salar, nə bilim, nə elər...
Bayram. Bəs necə gərək olsun? Sən gedəsən Tarverdiyə arvad olasan, mən də qıraqdan baxam?!
P ə r z a d . Bəs nə qayırım? Bir yol göstər, mən elə edim.
Bayram. Çox yaxşı, əgər mən bir hiylə qayıram ki, Tarverdi aradan çıxa, sən azad qalasan, ona razısanmı?
P ə r z a d . Bəşərti ki, Tarverdini öldürmək olmaya.
Bayram. Yaxşı öldürmək olmasın. Belə ola ki, Tarverdi burdan uzaqlaşa, özgə yerə düşə.
P ə r z a d . Yaxşı, buna mən razıyam.
Bayram. Bəs dur get Namaz arvadı Zalxanı bura göndər gəlsin, onunla danışım.
P ə r z a d . Bu saatda göndərrəm (getmək istəyir).
Bayram (onun əlini tutub). Bir dayan, söz deyirəm!
P ə r z a d . Nə deyirsən?
Bayram. A zalım, mənim ürəyim od tutub alışır. yanır, elə məni belə qoyub gedirsən?
P ə r z a d . Bəs necə eləyim?
Bayram. Barı ürəyimə bir az su səp get!
P ə r z a d . Odur, su qabağında çaydan axır, iç nə qədər istəyirsən.
Bayram. Mənim ürəyimin yanğısı su ilə sönən yanğıdır?
P ə r z a d . Bəs nə ilə sönər?
Bayram. Bir cüt öpüş ilə...
P ə r z a d (əlini dartır). Eh, bəsdir, sən allah hələ zarafat vaxtı deyil; qoy gedim, indi mənim dalımca gələn olar.
Bayram onun boynun qucaqlayıb bir cüt öpüş alır, buraxır. Pərzad tullana-tullana obaya qaçır.
Bayram (dalısınca). Zalxanı tez göndər, burda gözətləyirəm!
(Yalqız). Ax, Taverdi, Tarverdi! Güman edirsən ki, Pərzadı qoyacağam sənə gedə? Bu gədə qəribə axmaqdır! Bir fikir eləmir ki, axır nə hünərim
var mən Bayram ilə meydana girəm? Onun kimi ata bilmənəm, vura bilmənəm, iki atın arpasın bölə bilmənəm, adım bir qoçaqlıqda
söylənməyib, bir quldurluqda çəkilməyib, ömrümdə bir at oğurlamamışam, bir öküz qovmamışam, gecə vaxtı qorxudan alaçığın çətinindən
başımı dişqarı çıxara bilmənəm. Bu ürək ilə necə Bayram kimi adamın sevgilisinə göz dikirəm. Vallah, əgər Pərzad izin versə, bir gün
onu sağ qoymanam!
Bu halda Zalxa dalısı tərəfindən.
Za l x a . Salaməleyk, Bayram. Kimlə gap eyliyirsən?
Bayram (dalı çevrilib). A. Zalxa, sənsən? Kim ilə gap eyləyirəm?
Tarverdinin qarasınca söylənirəm.
Za l x a . Tarverdi sənə nə eləyibdir?
Bayram. Dəxi nə eyləyəcəkdir? Günümü qara edib, səbrü qərarımı kəsibdir; nə gündüz dincələ bilirəm, nə gecə yata bilirəm. Az
qalıb dəli-divanə olub Məcnun kimi dağa-daşa düşəm, Kərəm kimi alışam, yanam!
Za l x a . Axır niyə, nə səbəblə?
Bayram. O səbəblə ki, bu təcik, bu maymaq istir ki, Pərzada ər ola. Sən allah, Zalxa, doğru söylə, Pərzad kimi qız heç rəvadırmı ki,
belə təcikə gedə?
Za l x a . Kim deyir ki, Pərzad Tarverdiyə gedəcəkdir? Pərzadın ürəyin mən bilirəm. O səndən başqa bir adama ölsə də getməz. Tarverdi
onun gözündə çibincə də görükmür.
Bayram. Bundan nə hasil ki, Tarverdi onun gözünə çibincə də görükmür?
Amma çibin şirinə həris olan kimi, Tarverdi Pərzada hərisdir!
Bugün-sabahdır, atası Məşədi Qurban kəbinin kəsdirib ona verəcək.
Za l x a . Qızın könlü olmasa, necə onu ərə vermək olar?
Bayram. Eh, Zalxa, nə danışırsan? Allahı sevirsən, qız uşağının əlindən nə gələcək? Onun xahişinə kim baxacaq? Əvvəldən bir az
uf-tuf elər, sonra çarəsi kəsilər, tən qəzaya verər, ancaq mən ah-zar ilə dərdə giriftar qallam.
Za l x a . Bəs sənin fikrin nədir?
Bayram. Mənim fikrim budur ki, indidən başımın çarəsini görəm. Tarverdini aradan götürəm!
Za l x a . Yəni onu öldürəsən?
Bayram. Yox, ona Pərzad razı olmur, mən özüm də səlah görmürəm.
Öldürməkdən nə hasil? Mən özüm də qanlı-qaçaq ollam. Pərzad mənim əlimdən də çıxar.
Za l x a . Doğru deyirsən. Bəs necə Tarverdini aradan götürmək istirsən?
Bayram. Bax, mən necə onu aradan götürmək istirəm. O sizə çox gəlir, sənin kişin Namaz ilə çox gəzir. Əgər sən və Namaz mənə
kömək edib bir iş eləsəniz, özümün kürd atımı bağışlaram namaza və bir yanı buzovlu inək də sənə verrəm.
Za l x a . Doğrudan bir inək?
Bayram. Şəksiz, şübhəsiz!
Za l x a . Yanında da buzovu?!
Bayram. Bəli, buzovu ilə, inan ki, doğru deyirəm.
Za l x a . Biz nə gərək edək?
Bayram. Məsələn, Tarvedini bir bəhanə ilə evinizə çağırın, inandırın ki, Pərzad səndən ötrü biixtiyardır, amma sənə gəlməyə taytuşunun
tənəsindən qorxur; ondan ötrü ki, deyirlər, sən bir təcik və qorxaq adamsan. Hamı bilir ki, sənin əlindən heç bir iş gəlməz; bir
oğurluqda, bir quldurluqda, bir qoçaqlıqda adın çəkilməyibdir. Atmağın məlum deyil, vurmağın məlum deyil. Hansı qız sənin kimi oğlanı
sevər? Sən də bir hünər göstər, bir adam soy, pul gətir, parça gətir, ya bir at oğurla, ya bir mal oğurla, desinlər ki, filankəs də bu hünərin
sahibidir. Ondan sonra qız da öyünsün ki, sənin kimi əri var. Tarverdi axmaqdır, bu sözlərin hamısına inanacaq, sarsaqlıq edib özün salacaq
xata-balaya, Pərzad qalacaq mənə.
Za l x a . Vallah, yaxşı fikir edibsən! Sənin kimi oğlandan ötrü gərək çalışam.
Bayram. Dürüsət anladınmı dediyim sözləri?
Za l x a . Xatircəm ol!
Bayram. Sonra hər nə olsa, mənə bildirərsən?
Za l x a . Gedib divanbəyinə xəbər verəcəksən?
Bayram. Yox, çuğulluq peşəsinin üstümə götürmənəm. İş özü öz başına açılar. Ancaq mən istərəm xəbərdar olam, ürəyim bir az toxtiya.
Za l x a . Çox yaxşı, sonra hər nə olsa, sənə bildirrəm. İndi gedirəm, işim var, mal gələn vaxtdır.
Bayram. Get, al bu yaylıq da sənə peşkəş olsun.
Za l x a . Ba, nə yaxşı yaylıqdır! Içindəki nədir?
Bayram. Içindəki kişmişdir; onu da ver uşaqlarına.
Za l x a . A kişi, oğul sənin kimi olmaq gərək! Sənin qadan dəysin Tarverdinin böyrəyinə! Ömrümdə onun əlindən mən bir çürük alma da
almamışam. Sağlıq ilə qal, muradına yetiş! (Gedir).
Bayram (dalısınca). Vədini unutmayasan!
Zalxa (geri dönüb). Sən də bir inək demisən, sən də unutma!
Bayram. Bəli, bir südlü, cins inək ki, misli olmaya!
Za l x a . Yanında da buzovu!
Bayram. Əlbəttə, buzov ilə!
Za l x a . A kişi, sənin kimi qoçaq oğlanı sevməmək olurmu? Sağlıq ilə qal, şahbazım!
Bayram. Get, xoş gəldin! Allah, indi nə qayırım? Gedim dərədə barı ovdan-zaddan axtarım, bir az fikrimi dağıdam.
Bəzi-tamaşaxana təğyir tapıb, Namazın evinin surəti bərpa olur. Namaz və Zalxa.
Namaz. Sən deyirsən ki, bu işdən ötrü Bayram özünün kürd atını mənə bağışlayacaqdır?
Za l x a . Şəksiz bağışlayacaqdır!
Namaz. Ağlım kəsmir, Bayrama əlli qızıl mənim yanımda sanadılar, kürd atını satmadı. Onu mənə peşkəş elərmi?
Za l x a . Pərzaddan ötrü o indi canından keçər; at, mal nə şeydir?
Namaz. Bəlkə allada, sonra verməyə?
Za l x a . Aldatmaz, Bayramı tanımırsan? Onun kimi gözəl, sözü bütün oğlan tamam obada varmı?
Namaz. Yaxşı oldu, mən özüm də istirdim ki, Tarverdini bir xataya salam. Atası Məşədi Qurban mənə borc verdiyi pulunu üstümə yasavul
qoydurub aldı, mən də ona bir hayıf çəkməsəm ürəyim dincəlməz.
Za l x a . Dəxi niyə durursan? Belə fürsət olurmu? Həmi at alarsan, həmi hayıf çəkərsən. Tarverdi yaxındadır, get çağır gəlsin bizdə çörək yeməyə, sonra mən hamı işi düzəldərəm.
Namaz. Əcəb deyirsən. Vallah gedirəm (Gedir).
Zalxa (yalqız). Vallah, əgər Tarverdi mənim sözlərimdən quldurluğa getsə, biçarənin heç təqsiri yoxdur. O neyləsin ki, bu viran olmuş ölkənin qızları quldurluq, oğurluq bacarmayanı sevmirlər.
Divanbəyinə deyən gərək ki, biçarə gədələri niyə oğurluqdan quldurluqdan ötrü incidirsən? Bacarırsan ölkəmizin qızlarına qadağan elə ki,
quldur olmayan oğlanlardan zəhlələri getməsin. Onda mən zamın ki, qurd qoyun ilə otlaya!
Bu halda Namaz Tarverdi ilə içəri girir.
Namaz. Ay arvad, nəyin var, gətir görək, acmışıq!
Za l x a . Bıy, nəyim olacaq? Acmışdınız, niyə Tarverdigildə gedib çörək yemədiniz, mənim üstümə gəldiniz?
Namaz. Hər nəyin var, gətir, uzun danışma! (Gedir, evin bucağında yarağlarına baxmağa məşğul olur).
Za l x a . Axşama dəxi bir zad qalmayacaqdır.
T a r v e r d i . Ay Zalxa, nə qayım olubsan?!
Za l x a . Niyə qayım olmayım? Səndən mən nə xeyir görmüşəm? Barı bir dilinə gətirəsən ki, toyumda sənə bir zad bağışlaram.
T a r v e r d i . Necə toy?
Za l x a . Toy bilmirsən? Toyunda de görüm mənə nə bağışlayacaqsan?
T a r v e r d i . Yaxşı, onda sənə bir cüt başmaq bağışlaram; görürəm çoxdan ayaqyalın gəzirsən. Zalxa (üzün kənara tutub). Necə mırdar, saqqat adamdır! (Qaim səslə) Sağ ol, çox razıyam! Toyun tezmi başlanacaq?
T a r v e r d i . Payızda.
Za l x a . Niyə belə gec?
T a r v e r d i . Pərzad yubandırır; deyir, hələ cehizi hazır deyil.
Za l x a . Doğrudanmı? Bəlkə başqa səbəb var?
T a r v e r d i . Nə başqa səbəb olacaq?
Za l x a . Bəlkə qız səni sevmir? Ürəyi özgəsinə bağlıdır?
T a r v e r d i . Eh, bu nə danışır! Qız məni sevmir, qəribə söyləyirsən! Necə qız məni sevməz!
Za l x a . Yəni sən deyəndə, çox zadsan! Niyə gərək səni sevə? Sən ömründə nə bir iş tutubsan, nə ad çıxarıbsan ki, qızlar səni sevsinlər?
T a r v e r d i . Nə ad çıxarmışam?
Namaz. Arvad, nə danışırsan, nə işin var?
Za l x a . Səsin kəs, sənlik zad yoxdur!
T a r v e r d i . Namaz, sənlik zad yoxdur, doğru deyir. Yaxşı, Zalxa, söylə görək, mən nə ad çıxarmışam, yəni nə ad çıxardacağam?
Za l x a . Heç oğurluğa gedibsənmi?
T a r v e r d i . Xeyr, oğurluğa getdiyim yoxdur. Nədən ötrü oğurluğa gedəcəyəm? Özümün dövlətim, malım azdırmı?
Za l x a . Dövlətin çoxdur, amma qoçaqlığın yoxdur. Heç bir adam soyubsanmı, heç bir adam vurubsanmı?
T a r v e r d i . Xeyr, nə adam soymuşam, nə adam vurmuşam. Sibirə gedənləri, dara çəkilənləri gözüm görmür?
Za l x a . Qoçaq adam heç zaddan qorxmaz! Çəkinmək qorxaq adamın işidir. Axır odur ki, Pərzad bacarmır sənə gedə. Hamı deyir: sən qorxaqsan, taciksən!
T a r v e r d i . Kim deyir?
Za l x a . Hamı deyir. Arvadlar, qızlar, kişilər, hətta balaca uşaqlar da! Hamı hayıfsılanırlar ki, Tarverdi necə gözəl oğlandır, heç tayı
yoxdur, amma çifayda, qorxaqdır, yassardır!
T a r v e r d i . Kim deyir mən qorxağam? Heç vaxt qorxaq deyiləm.
Bir az çəkinən, ehtiyatlı adamam... yoxsa məndə qorxaqlıq harda idi?
Namaz. Ay arvad, bəsdir, az danış!
Za l x a . Sən kəs səsini, işin yoxdur!
T a r v e r d i . A kişi, sənlik nə var? Dinməsənə, görüm bu arvad nə danışır? Bəs belə, hə? Pərzad onun üçün mənə gəlmək istərmir? Deyirlər
ki, mən qorxağam? Vallah, acığım elə tutur ki, istirəm bu saatda yola düşəm, gedəm, adam soyam; hamıya bildirəm ki, mənim haqqımda
nahaq güman ediblər.
Za l x a . Hünərini göstər görək, adam dilində çox zad deyər.
T a r v e r d i . Sən bir yer nişan ver, mən bu saatda yola düşüm.
Za l x a . Düş Şamaxı yoluna, beş yüz sövdəgər gəlib-gedir, birin, ikisin soy, malın gətir, görək ki, doğrudan qoçaqsan, ya lovğalıq edirsən?
T a r v e r d i . Görəsən sövdəgər tayfası yaraqlı-əsbablı yola çıxır, ya elə bomboş?
Za l x a . Belə tutaq ki, yaraqlı-əsbablı olarlar, sən ki ağacla qabaqlarına çıxmayacaqsan? Əlbəttə, sənin də yaraq-əsbabın olacaq.
T a r v e r d i . Məlum ki, olacaq. Amma tək getmək bir az çətin deyilmi?
Za l x a . Sən də yoldaş götür. Bizdə azmı qoçaq oğlan var. Eh, sən hara, belə iş hara?!
T a r v e r d i . Mən hara, belə iş hara? Vallah, görərsən ki, doğru deyirəm. Namaz, bura gəl! Sən allah, mənə yoldaş tap!
Namaz. Yoldaşı neyliyirsən?
T a r v e r d i . Gəzməyə gedəcəyəm.
Namaz. A kişi, boş-boş danışma, səndən karvan vuran olmaz!
T a r v e r d i . Vallah, doğru sözümdür, yoldaş tap!
Namaz. Sarsaq söyləmə! Mən səlah görmürəm; sənin işin deyil!
T a r v e r d i . A kişi, nə tövr adamsan? Sənin nə vecinə? Sən mənə yoldaş ver, sonra gör ki, işimdir, ya yox?
Namaz. Çünki əl çəkmirsən. Bəli Xatun oğlunu, Oruc Nəsib oğlunu çağırrıq apararsan.
T a r v e r d i . Elə ikicəsini?
Namaz. Ikisi bəsdir.
T a r v e r d i . Doğrudan bəsdir. Olsun. Di adam göndər, onları çağırsın!
Namaz. Zalxa, get oları bura çağır!
Za l x a . A kişi, sən onun sözünə nə inanırsan? Tamam o lovğalıq eləyir.
Namaz. Kəs səsin. Tarvedi kimdən əskik igiddir? Əli-qolumu özgələrindən kiçikdir?
Za l x a . Mən onu tanıyıram, o heç vaxt bu işə girişməz.
T a r v e r d i . Mən girişmənəm? Görərsən, necə girişərəm! Get oları tez çağır, sonra məlum olar.
Za l x a . Yaxşı gedirəm. (Üzün kənara tutb) Axmaq, hamı sözümüzə inandı. Inşallah gedəcək. (Gedir).
Namaz (ahəstə). Bax, Tarvedi, əgər bəxtin yar olsa, hər nə gətirsən gərək özün bərabəri mənə də pay verəsən ha! Ayıbdır məndən
gizləmək! Gətirdiyiniz şeylərin başın batırmaq, izin itirmək mənim boynuma, bəşərti ki, hər zaddan mənə yarı pay olsun.
T a r v e r d i . Eh, məçit tikilməmiş kor əsasın dayadı. Hələ qoy görək nə olur!
Namaz. A kişi, sənin əlindən nə gəlməz? Mən axmaq arvad tayfası deyiləm ki, səni tanımayam. Məgər sən ayı qıran Əmiraslanın
nəvəsi deyilsən?
T a r v e r d i . Namaz, sən allah onun işlərindən eşidibsən ki, nələr edibdir?
Namaz. Necə eşitməmişəm? Səfər dayım onun dostu deyildi idi?
Onun işlərin birbəbir mənə nağıl etməyibdirmi? Inşallah biz də olar kimi bir-birimizi sevəcəyik. Ümidim budur ki, əlinə düşən ovu məndən
gizləməyəsən.
T a r v e r d i . Olsun, təki bir para adamlar mənim haqqımda çürük sözlər danışmasınlar. Mən elə hamısını sənə verrəm, mən ki, pul, mal
dərdində deyiləm.
Namaz. Hamısını mənə verərsən? Vallah əcəb deyirsən! Barakallah!
Indi bildim ki, damarında Əmiraslan qanı var. Vədini unutmayasan!
T a r v e r d i . A kişi, sən yoldaş ver, axırına bax!
Namaz. Odur, yoldaşların gəlirlər.
Bu halda Zalxa, Vəli Xatun oğlu və Oruc Nəsib oğlu daxil olurlar.
V ə l i v ə O r u c . Səlam-əleyk!
Namaz. Əleyk-səlam!
Və l i . Namaz, nə var, xeyir ola, bizi əcəb çağırdıbsan?
Namaz. Tarverdi təvəqqə edir ki, onunla gəzməyə gedəsiniz.
Oruc. Necə gəzməyə?
Namaz. Dəxi nə soruşmaq? Gəzmək deyəndə özün bilmirsən?
Və l i . Mən ömrümdə gəzməyə getdiyim yoxdur. Qoyun-quzu oğurluğundan başqa mənim əlimdən bir zad gəlməz. Orucu bilmirəm.
Oruc. Mənciyəz... yeyərəm. Mənim havaxt quldurluğa getdiyim var? Mən heç qoyun-quzu oğurluğu da bacarmanam.
Namaz. Olan, nə danışırsınız? Məgər igid deyilsiniz? Tüfəng atmaq bilmirsiniz?
Və l i . Tüfəng atmaq bilirik o da ova, quşa. Adama tüfəng atmaq nə bizim işimizdir?
Namaz. Kim sizə deyir ki, adama tüfəng atın?
Atlanarsınız, çıxarsınız gəzməyə, düşərsiniz poşt yoluna; Birdən qabağınıza dəvə karvanı, ya erməni bəzirganları rast gələr, guya qorxutmaq
üçün başlarının üstündən tüfəng boşaldarsınız. Bunda heç bir zərər yoxdur, olar qorxub hərə bir tərəfə qaçacaq. Malları, pulları
tökülüb qalacaq, yığışdırıb, götürüb qayıdarsınız. Nə çətin işdir?
Və l i . Eh, biz hara, belə iş hara? Biz bir çoban adamıq, bizə quldurluq nə yaraşar?
T a r v e r d i . Namaz, bura gəl, bilirsənmi, cəbr eləmə. Görürsən ki, qorxurlar, dəxi niyə qısnıyırsan? Hamı mənim kimi ki, olmayacaqdır?
Burax getsinlər!
Namaz. Xeyr, qoy görüm. Vəli, ayıb deyil baş qaçırırsınız? Artıq tikə məgər baş yarar? Əvvələn, malıınz, pulunuz artar, ikinci ad-san
çıxardarsınız.
Oruc. Mənciyəz... yeyərəm! Mənim nəyimə gərəkdir ad-san?
Və l i . Bəli, bu keçəl Oruca ad-san çox lazımdır!
Namaz. A gədə, nə qeyrətsiz adamsınız! Tarverdi ilə duz-çörək dadmıyıbsınızmı? Məgər siz bilmirsiniz ki, bizim obamızda bundan
dövlətli adam yoxdur? Sizin həmişə vecinizə gəlməzmi? Az adammı ondan xeyir görüb?
T a r v e r d i . Namaz, niyə qısnıyırsan? Qoy görək, mən özüm də hələ bir az fikir eləmək istəyirəm.
Namaz. Xeyr, nəməkbəhramlıq edirlər. Kiçik olan gərək böyüyün sözünə baxa!
Və l i . Oruc, nə deyirsən? Gedəkmi?
Oruc. Nə bilim, vallah, gedirsən, gedək!
Və l i . A kişi, olar ki, bir at bahası əlimizə düşə. Iki ildir ki, at istəyirəm alam, pul tapmıram.
Namaz. Əlbəttə, at bahası da əlinizə düşər! Belə xeyirdən adam qaçarmı?
Və l i . Dəxi nə eyləmək, çünki Tarverdi çarəsiz xahiş edir, onun sözü sınınca, düşmənin boynu sınsın. Mən hazıram!
Oruc. Mən də hazıram! Yoldaşdan ayrılmaq ki, olmaz.
T a r v e r d i . Amma bir dürüst fikir edin...
Namaz (onun sözün kəsib). Tarverdi sizdən razılıq edir və təvəqqe edir ki, fürsəti fövtə verməyib, gedib yaraqlanıb gələsiniz. Gəzmək
üçün belə yaxşı vaxt ələ düşməz.
Və l i . Oruc, gedək!
Gedirlər
T a r v e r d i . Namaz, bilirsənmi, bu zadı lap unutduq. Mənim atam bir məşədi kişidir. Heç razı olarmı ki, mən quldurluğa gedəm?
Namaz. A kişi, atandan rüsxət al, get!
T a r v e r d i . Əcəb danışırsan? Atama deyim ki, mənə rüsxət ver, quldurluğa gedim?
Namaz. Elə niyə deyirsən? De ki, aranda taxıl sulamağa gedirəm.
Əlbəttə, rüsxət verəcəkdir; sonra çıx poşt yoluna. Dəxi nə var bunda?
T a r v e r d i . Necə bunda nə var?
Namaz. Yəni bundan asan nə var?!
T a r v e r d i . Əcəb asan zad tapmısan? Mən, vallah, ancaq atamdan qorxuram, o cəhətdən bu iş mənə çox çətin gəlir.
Namaz. Adam ki, qorxaq oldu, bu tövr ilə bəhanə gətirər. Getmirsən, özün bil.
Bu halda Zalxa daxil olur.
Namaz. Zalxa, get uşaqlara de ki, dəxi cəfa çəkməsinlər, Tarverdi gerilədi.
T a r v e r d i . Mən ki, demədim geriləyirəm.
Za l x a . Mən bu saatda Pərzad ilə görüşdüm. Hamı işi qulağına pıçıldadım. Necə sevindi, necə sevindi!.. Dedi ki, indi Allaha şükür,
dəxi deməzlər ki, Tarverdi qorxaqdır. Bundan sonra mən utanmanam deyim ki, onu sevirəm. Bu vaxtadək tamam qızlar mənə tənə edirdi,
hər birisini görəndə başımı aşağı salırdım.
Namaz. Aşkar zaddır ki, bizim qızlarımız heç bir oğlanı sevməzlər ki, adam soymamış, yol kəsməmiş ola, elə birisi bu Zalxa! Axır bu
da gözəl sayılırdı!
Za l x a . Allahı sevirsən, ətimizi tökmə, az danış!
Namaz. Vallah, doğru deyirəm, eləbirisi bu Zalxa! Məgər mənə əvvəldən gələrdi, əgər quldurluğa əl qoymasaydım? Arvad, belədirmi?
Za l x a . Yaxşı, bəsdir, keçən işi indi çürükçülük eyləyib danışmaq sənə qalıbdır?
T a r v e r d i . Mən getməyə müzayiqə eləmirəm, amma üstümdə heç bir yaraq yoxdur. Bilmirəm necə edim. Yaraq üçün evə getsəm
atam duyacaqdır.
Namaz. Evə niyə gedirsən! Mənim qılıncımı, tüfəngimi, tapancamı götür, xançal da ki, öz belində var. Qoy mən səni geyindirim,
yaraqlandırım. (Başlayır yaraqları onun üstünə taxmağa).
T a r v e r d i . Dəxi başqa nə götürüm?
Namaz. Olan, bəsdir, bular ilə bir qoşun qırmaq olar, dəxi artıq nəyinə gərəkdir?
Za l x a . Vay amanTarverdi, necə heybətli oldun? Səni görən kimi adamlar qaçacaqlar.
Bu halda Vəli və Oruc daxil olurlar Oruc. Biz də hazırıq.
T a r v e r d i . Gedəkmi?
Namaz. Gedin, gedin, uğurunuz xeyir olsun! Əlidolu qayıdasınız!
Za l x a . Tarverdi, Pərzad ilə qoşa qarıyasan! Çoxlu oğul-qız görəsən!
Oğlanların da sənin kimi qoçaq olsun!
T a r v e r d i . Qəm eləmə, olacaqlar, şəksiz olacaqlar! Ya saf adımı batırram, ya adam soymamış qayıtmayacağam!
Gedirlər.
Namaz. Zalxa, bilirsənmi, mən şərtləşdim ki, Tarverdi hər nə gətirsə, yarısın mənə versin.
Za l x a . Tarverdi yəni bir zad gətirəcəkdirmi ki, yarısın sənə verə?
Sən niyə belə xam xəyal olursan? Şək yoxdur ki, onun qol-qıçını əzib yola salacaqlar.
Namaz. Xeyir, kim bilir, olur ki, uğuruna bir xeyir gələ. Qorxaq həmişə özündən qorxağa rast gələr. Axırda iş necə qurtarsa, bizim
xeyrimizdir; bir tərəfdən at, bir tərəfdən də pul! (Gedir əlin ovuşduraovuşdura).
Pərdə salınır
İKİMCİ MƏCLİS
Vaqe olur Şəmsəddin mahalında, dərənin içində ki, bir tərəfində təpə dəxi zahirdir.
Bayram (yalqız). A kişi, ov da ələ düşmür; nə bir ceyran var, nə bir turac var; bir dovşan da barı rast gəlmir ki, bir tüfəng atam. Ürəyim
darıxır. Nə yaman bəxtim var imiş, mənim! Tutalım ki, Pərzad məni sevir, əlindən nə gələcək? Əmisinin əmrindən çıxamı biləcək, tamam
obanın öhdəsindən gələmi biləcək? Qız tayfasının xahişinə məgər bizlərdə qulaqmı asarlar? Ümid yoxdur, iqbalım gətirməyəcək. Zalxa
etdiyi vədini bitirməyə cürət edə bilməyəcək. Namaz bir tamahkar, şeytanfikir adamdır. Heç vaxtda Tarverdi kimi dövlətli adamı ələ salmaq
istəməyəcək.
Pərvərdigara, necə edim, bu dərdə necə tablaşım.
Nə tövr səbr edim, necə aram tutum, necə bu qüssədən dincələ bilim?
Ax, nə xışıltı səsi gəlir?! Gərək ki, bu kolun dalısındadır. Canavar
olacaq, gedim bəlkə güllə ilə vura bilim, elə bilim ki, Tarverdinin böyrəyinə güllə vururam (Gedir).
Bir az sonra Tarverdi yoldaşları ilə yetişib, bellərini əyib, sinə-sinə o yana-bu yana baxırlar.
T a r v e r d i . Tss... tss... ehtiyatlı olun, gərək ki, yoldan gələn var!
Oruc. Var, var. At ayağının tappıltısı gəlir. Vəli, tüfəngin çaxmağın yuxarı ayağa qovza ki, hamımız birdən tüfəngləri boşaldaq!
T a r v e r d i . Dayanın, dayanın! Belə bilirəm ki, tüfəng atmasaq yaxşıdır.
Və l i . Necə tüfəng atmasaq yaxşıdır? Onda necə soymaq olar?
Sonra gərək əliboş obaya qayıdaq, tamam xalqı üstümüzə güldürək!
T a r v e r d i . Nə səbəbə xalq üstümüzə güləcək? Deyərik ki, yola çıxdıq, çox gözlədik, heç kəsə rast gəlmədik.
Və l i . Buna heç kəs inanmaz. Mən bunu edə bilmənəm.
T a r v e r d i . Edə bilməzsən, bəs mən də köməksiz fəqir-füqəranın üstünə tökülə bilmənəm! Mən belə günah işə qoşulmayacağam!
Adamda rəhm, mürüvvət yaxşı şeydir. Doğrusu budur ki, mən qayıdacağam.
Mən qalmıram, gedirəm!
Və l i . Yavaş, əzizim, çox gec başa düşübsən. Allaha and olsun, əgər ayaq geri qoyasan, şeytanını çəkib qarnını tüstü ilə doldurram.
Sarsaq balası, sarsaq özün yalvarıb bizi bura gətirmisən, indi bizi qoyub getmək istəyirsən?
T a r v e r d i . Mən ki, sizi qoyub getmək istəmirəm. Mən sizin xeyriniz üçün deyirəm ki, geri dönək; Bəlkə yol adamı bizdən çox oldular,
bəlkə bizim kimi qoçaq adamlar oldular; tükümüzü töküb qolqanadımızı qırarlar.
Və l i . Quşdan qorxan darı əkməz. Indi bu fikirləri eləmək vaxtı deyil! Yoldan ötənləri gərək əyliyək. Sən də bizim ilə gərək bir yerdə
olasan; yoxsa, görərsən! Istirsən sabah aləmi bizə güldürəsən? Ayaq geri qoysan, bütün tüfəngi sənə boşaldacağam. (Tüfəngi ona sarı çevirir).
T a r v e r d i . Allahu əkbər, bizə qorxaq deməsinlər deyin, gərək özümüzü bəlaya salaq?! A qardaş, bircə qulaq as mənə, gör nə deyirəm;
sən qoçaqlığı lap qələt anlayırsan, heç bilirsənmi qoçaqlıq, igidlik nədir? Igidlərin başçısı Koroğlu deyibdir ki, igidlik ondur, doqquzu
qaçmaqdır, birisi heç gözə görünməmək. Mən deyirəm ki, bu iki işin hansına əməl edirsiniz edin.
Və l i . Bəsdir, çox vəz vermə! Görürsənmi yuxarıda bir zad qaralır?
O, yoldan gələn olacaqdır.
T a r v e r d i (əyilib baxır). Doğrudan gələn var. Görəsən kimdir?
Vallah gəlir! Bilirsinizmi, siz qabağa gedin, mən sizin dalınızı saxlıyım.
Və l i . Bəli, sənə çox ümid bağlamaq olar. Oruc, qabağa gedək görək, kimdir gələn. Ey, Tarverdi, vallah əgər qaçasan, obanın içində də haqqına fikir çəkərəm, özün bil!
Tarverdi və sonra nemsə Fok.
T a r v e r d i . Di gör, sevgililiyin axırı belə olar! Heç fikrimdən keçərdi ki, quldur olacağam, yol kəsəcəyəm, aləmə zəlzələ, vəlvələ salacağam? Pərvərdigara, sevgi nə yaman olurmuş?
F o k . Mən çox yaxşı elədim ki, arabadan düşdüm, bir az piyada yeridim, çiçək dərdim. Nə yaxşı çiçəkdir, nə gözəl qoxusu var. Bunu Mariya Adamovnaya peşkəş edəcəyəm. (Qəflətən gözü Tarverdiyə
sataşıb) Ax, dədəm vay! Bu kimdir? Vay aman! Allah, sən saxla!
T a r v e r d i . Heç bilmirəm nə qayırırlar; orda arabanın atını əyliyiblər;
kuçer3 qaçıb özün kolluğa saldı. Barakallah, qoçaqlarım, necə iş gördük! (Qəflətən gözü Foka sataşıb). Ey vay, tarı! Yaman yerdə gün axşam oldu! Bu kimdir görəsən? Fok. Ey vay bu quldur olacaqdır!
Yəqin məni öldürəcək! (Başlayır titrəməyə).
T a r v e r d i . Ey, yəqin bu adam da quldurluğa çıxıbdır, çiynində tüfəngi də var. Vay aman, atsa mənim işim xarabdır. (O da başlayır titrəməyə).
F o k . Mariya Adamovna, Mariya Adamovna. Sən hardasan!
T a r v e r d i . Yaxşı Pərzadı aldıq, yaxşı toy elədik, farağat, rahat duracağımız yerdə özümüzə iş qayırdıq!
F o k . Allah, necə heybətlidir!
T a r v e r d i . Allah, tüfəngi necə uzundur! Heç bir belə uzun tüfəng görməmişəm.
F o k . Yaxşısı odur ki, bir tərəfə qaçam!
T a r v e r d i . Barı qaçım, bəlkə evi yıxılmış tüfəngi mənə düzəldib atdı. Vaxt ikən bir tərəfə yayınım.
Hər ikisi birdən qaçırlar. Qəflətən bir-birilə toqquşurlar. Hər ikisi kisəsini çıxarıb bir-birinə uzadır.
T a r v e r d i . Vallah, mənim var-yoxum budur, al, məndən əl çək!
F o k . Vallah bundan artıq tamam səfərimdə bir zad qazanmamışam; al, məni burax!
T a r v e r d i . Allahı sevirsən, məni qoy obaya qayıdım.
F o k . Amandır, məni öldürmə, yazığam!
T a r v e r d i . Bəs sən quldur deyilsən?
F o k . Mən bir fəqir nemsəyəm. Sən kimsən?
T a r v e r d i . Mən kiməm? Qurumsaq? Görmürsən ki, mən qulduram!
Mənim kolluğun içində iki yüz yoldaşım yatır! Siz necəsiniz?
F o k . Mən bircəyəm!
T a r v e r d i . Di bəs tez qaç, yoxsa bu saatda səni öldürrəm!
F o k . Doğrumu deyirsən ki, sən yalqız deyilsən?
T a r v e r d i . Eşitmirsən ki, mənim yoldaşlarımın qalmaqalı gəlir?
F o k . Ax, tarı, tamam var-yoxum qarət olacaq! Ax, Mariya Adamovna!
Mariya Adamovna! Bu necə bədbəxtlik idi üz verdi. Biz bundan sonra necə edəcəyik? (Ağlayır).
T a r v e r d i . Yoldaşlarım yaxınlaşırlar, di itil cəhənnəmə, tez qaç, yoxsa bu saatda qarnını tüstü ilə doldurram!
F o k . Ax, Allahı sevirsən, dayan, bu saatda qaçım. (Başlayır qaçmağa).
T a r v e r d i (yalqız). Necə qorxutdum! Mənim kimi zalım olarmı?
Əgər Pərzad məni bu halda görə bilsəydi, qorxudan bağrı çatlardı.
Bu halda Vəli və Oruc arabaya qoşulan atı cilovundan çəkirlər, arabada iki sandıq var.
T a r v e r d i . Ay uşaqlar hamısı qaçdılarmı?
Və l i . Xatircəm ol, hamısı qaçdılar!
T a r v e r d i (gülə-gülə). Necə qorxaq imişlər. Belə adamlar da var dünyada? Yaxşı, kəsbimiz nədir? Arabada nə şey var?
Və l i . Arabada iki böyük sandıq var ki, heç tərpətmək olmaz. Sən, Tarverdi, tez oları sındır, içinin şeyin bir yerə yığ. Mən, Oruc gedək,
arabanın atlarının birinə güllə dəyib, iki yaxşısı kolluğa qaçdı tutaq gətirək, şeyləri yükləyək aparaq.
T a r v e r d i . Çox yaxşı, siz gedib atları qaytarın, mən bu saatda sandıqları sındırıb, şeyləri bir yerə yığaram; amma tez qayıdın, burada
çox dayanmaq olmaz, qorxuram üstümə adam tökülə, əlimdən nahaq qan çıxa.
Və l i . Axmaq danışma, sarsaq! Sən bir toyuq öldürə bilməzsən.
Tək özün qaçma; adam öldürməyini sənə bağışladıq!
Oruc. Bu saatda qayıdarıq, fikir eləmə, sandıqları aç!
T a r v e r d i . Baş üstə.
Vəli, Oruc cəld uzaqlaşırlar.
T a r v e r d i (yalqız). Genə mən yalqız qaldım. Zərəri yoxdur.
Kimdən qorxacağam? Mal yiyələrini qaçırmışıq. A gədə, nə böyük sandıqlardır! Yəqin içindəki tamam taftadır. Pərzad elə yaşı olduqca
tafta tuman-köynək geysin. Qurumsaq Namaz yarısını indi məndən istəyəcək. Qələt eləyir! Nə qayırıbdır ki, yarısını ona verim! Bəlkə
sandıqların içindəki tirmə şaldır ya padşahlıq puludur? Tez bir baxım, görüm nə var? (Yavuqlaşır sandıqlara). Sandıqda deyəsən bir zad
təpənir. (Sandığın qapağın qalxızır, birdən bir meymun sandıqdan dişqarı sıçrayır). Allahu əkbər, bu nədir? Sandıqda meymun nə qayırır?
Belə də sövdəgər malı olurmu? Belə zibil ilə alış-veriş edən sövdəgərlər də dünyada varmış? (Meymun ona dişin qıcıdır). Ax köpək
oğlunun malı, nə mənə dişin qıcıdırsan? (Meymun onun təqlidin gətirir).
Bax, bax mənim təqlidimi gətirir! Yaxşı oldu, bunu Pərzada peşkəş aparram. Qoy bunu görsün, sevinsin. Necə tutum? Ey, meymun,
qorxma, yaxın gəl! (Yeriyir meymuna sarı; meymun qabağından tullanır).
Bax, bax, köpək oğlunun malı, az qalmışdı mənə toxuna! Yavaş, mən gör necə səni tuturam! (Qaçır meymunun dalısınca; meymun
qabağından o yana-bu yana tullanır; sonra ağaca çıxır; başlayır onun təqlidini gətirməyə). Bax, bax, fikri budur ki, mən onun dalısınca aqaca
çıxam. Necə şeytan meymundur! Of, qəribə yoruldum, bu necə sarsaq sövdəgər imiş ki, meymunu arabaya qoyub gəzdirir? Mən elə bildim,bu evi yıxılmış ağıllı-başlı mal aparır satmağa, üstünə düşüb soyduq.
Mən nə bilim ki, o belə nadürüst imiş ki, bizim oxumuzu boşa çıxartdı.
Necə ürəyim darıxır! Amma əliboş evə qayıtmaq olmaz. Görüm o birisi sandıqda nə var. Amma böyük sandıqdır, yəqin ki, bunun içində
ağıllı-başlı mal var. Qapağı da nə yekədir? (Qapağın sındırır) Ax, pərvərdigara, nə xırıltı gəlir! (Qapağı qalxızır, bir ayı çıxıb, onu süpürrəyir).
Ey vay, ayı! Ay Namaz! Ay Zalxa! Ay Pərzad! Evim yıxıldı! Ay haray, ay aman! Kömək edin, ay Allahı sevən, dadıma yetişin! Vay aman,
qələt elərəm, quldurluğa dəxi çıxmanam, heç kimi soymanam! Tövbə olsun, tövbə, tövbə! Of, Alalh, sən qurtar! Allah, sən dada yetiş! Heç
vaxt belə yola dəxi getmənəm.
Ayı onun üzün cırıb yıxır yerə, sıçrayır, belinə, başlayır övkələməyə, boğmağa.
Bu halda Bayram təpənin üstündə zahir olur.
Bayram. Nə səs gəlir? Yəqin ayı adam boğur.
T a r v e r d i (qaim səslə). Ay Allahı sevən, kömək elə, məni qurtar!!
Bayram tüfəngi üzünə götürüb ayını nişana edir, atır. Tüfəng boşalanda güllə ayını Tarverdinin üstündən tullayır. Ayı tez qalxıb tüstü sarı yüyürür, girir kola, gözdən itir.
T a r v e r d i (yerdə yıxılmış). Ay Allah, görəsən güllə mənə dəymədi ki? Xeyr, inşallah dəyməyibdir. Durum qaçım. (Tez qalxıb qaçır).
Bayram (enib, arabaya yaxın gəlir). Bu nə arabadır? Bu ayı, bu adam bura haradan düşmüşdür? Mən belə bilirəm ki, ayını yaraladım, qan
iz salıbdır. Ayı görəsən hara getdi? Bəs o qurtardığım adam necə oldu?
Bu halda divanbəyi, kazaklar və dilmanc hazır olurlar.
D i v a n b ə y i . Genə quldurluğa başlayıblar. Ay kazaklar, ikiniz bu yerlərə baxın, ikiniz atları tutun! O qalanınız bu qoçağı bağlasın!
Bayram. Məni bağlasınlar! Allahı sevirsən, belə buyurma, mənim nə təqsirim var?!
Divanbəyi. Necə təqsirin yoxdur? Bəs bu sınmış sandıqlar, soyulmuş araba, tüfəng atılmaq təqsir deyil? Nə vaxtadək zakona müxalifət
edəcəksiniz, ümənayi-dövlətin əmrindən çıxacaqsınız? Nə qədər ağlınız və fikriniz az olsa da, barı başa düşün ki, rus dövləti sizi ləzgidən
və qaçaqlardan mühafizat edir.4 Barı bu işin şükranəsinə nizama tabe olun, əgərçi heç nizamı və zabitəni anlamırsınız? Eh, səninlə danışmağın
nə faydası var! Hanı sənin yoldaşların?
Bayram. Mənim heç yoldaşım yoxdur!
D i v a n b ə y i . Bu arabanın atları hanı?
Bayram. Bilmirəm.
D i v a n b ə y i . Köhnə peşənizdir; bilmirəm, görməmişəm! Sən belə xəyal edirsən ki, “bilmirəm” deməklə canını qurtaracaqsan?
Bayram. Ağa, bir sözümə qulaq as! Mən bu yaxınlıqda ov gəzirdim.
Gördüm ki, bir çığırtı gəlir, yalvarır, kömək istəyir. Yüyürdüm yaxına, gördüm ki, bir ayı bir adamı boğur, tüfəng atıb ayını vurdum,
yaraladım. Mən bundan başqa bir zad etməmişəm.
D i v a n b ə y i . Bəli, yaxşı danışırsan. Istəyirsən ki, bu sözlər ilə məni başdan çıxarasan? Iş aşikardır, sən tutulubsan təqsir vaqe olan
yerdə. Yaxşısı budur ki, yoldaşlarını mənə deyəsən!
Bayram. Mən həqiqəti ərz elədim.
D i v a n b ə y i . Oğlan, mənim sənə yazığım gəlir. Görükür ki, bir cavan, xoşsurət oğlansan. Bilirsən ki, yaraq və əsbabla tutulan quldura
nə tənbih, nə nəsəq var?
Bayram. Əlbəttə, bilirəm? Tənbihi dar ağacıdır.
D i v a n b ə y i . Bəli, dar ağacıdır. Əgər özünə yazığın gəlmir, barı ata və anana yazığın gəlsin. Heç bir adamı dünyada sevirsənmi?
Bayram. Ancaq elə ondan ötrü təşvişdəyəm, ağa ki, bir sevgilim var.
D i v a n b ə y i . Bəs boynuna götürürsən?
Bayram. Mənim heç təqsirim yoxdur ki, boynuma götürüm.
D i v a n b ə y i . Mən belə munkir adam görməmişəm. Uşaqlar, bunun qollarını bərk dalısında bağlayın! Muğayat olun ki, qaçmasın,
yoxsa siz cavab verəcəksiniz! Oğlan, obanız burdan nə qədər olar?
Bayram. Bir ağac.
D i v a n b ə y i . Biz ora gedirik. Gərəkdir tez işi isti ikən həqiqət eləmək; amma hələ gərək bir dəftərxanaya getmək. Allaha şükür, iş o
qədər var ki, bilmirsən hansını qurtarasan. Dilmanc hardadır?
Di lma n c . Burdayam, ağa!
D i v a n b ə y i . Gedək. Allah, bu necə qulluqdur? Gərək hamı zada cavab verəsən. Hər gün canından keçəsən. Amma bu axmaqlar genə
anlamırlar ki, bulardan ötrü bu əzabı çəkirik. Yasavullar, gətirin bu oğlanı mənim dalımca!
Hamısı gedirlər. Bundan sonra məclis xali qalır. Meymun ağacdan enir, başlayır tullanmağa, bir azdan gözdən itir.
Pərdə salınır
24.01.2019