Kaktuslar: tikanlı möcüzə
Quraqlıq hər bir canlı üçün böyük fəlakətdir. Kaktuslardan başqa. Kaktus sukkulent bitkidir. Su ehtiyatı toplayan bitkilər belə adlanır. Dözümlü kaktuslar isti yarımsəhralarda, çöllərdə və hətta tropik meşələrdə bitir.
Kaktus tikanları və ya altında tikanlar gizlənən yumşaq tükcükləri sayəsində o dəqiqə tanınır. Tikanları kaktusu heyvanlardan qoruyur. Lakin bu, kaktusun tikanlarının yeganə xidməti deyil.
Tikanlar günəş şüalarını səpələyir, bitkini istidən qoruyur, suyun sürətlə buxarlanmasına imkan vermir. Kaktusun qalın yuxarı təbəqəsi – kutikula da suyu saxlamağa kömək edir.
Kaktus xüsusi toxuması sayəsində su ehtiyatı toplayır. Bu toxuma o qədər su toplayır ki, bitki 90 faiz sudan ibarət olur. Bu qədər su bir il ərzində kaktusa kifayət edir.
Kaktuslar müxtəlif olur. Bəziləri bir çay qaşığına yerləşir, digərlərinin isə ağaclarda olduğu kimi gövdəsində və yuvalarında quşlar yaşayır.
Ən böyük kaktusun vətəni Meksikadır. Sereus adlı kaktus yavaş-yavaş böyüyür, amma 200 il yaşayır. O qədər böyüyür ki, beşmərtəbəli ev boyda olur. Sereus bir neçə qolu olan şamdana bənzəyir. Kəpənəklər, yarasalar və quşlar onun boşqab boyda çiçəklərinə qonub, nektarı ilə qidalanır.
Ən məşhur kaktuslardan biri opunsiyadır. Nə vaxtsa onun zoğunu Avstraliyaya gətirirlər. Tez bir vaxtda Avstraliya şəraitinə uyğunlaşan opunsiya sürətlə yayılaraq otlaqları bürüyür. Heyvanlar onun tikanlarına ilişərək ölür. Çobanlara kömək etmək üçün təyyarələrdən kaktusların üstünə qızılkəpənəklər səpələmək lazım gəlir. Qızılkəpənəklər opunsiya “zəmilərini” məhv edir. Buna görə qızılkəpənəyə abidə qoyurlar.
Maxero adlı başqa bir kaktus yerdə sürünür. Onun quruyan hissələri yeni kök verir. Maxero çiçəkləyən zaman çox böyük əlvan xalıya bənzəyir. Lakin bu xalının üstündə gəzmək mümkün deyil. Tikanlar aman vermir!
Exinokaktus suyu süngər kimi özünə çəkir və elə şişir ki, kökləri davam gətirmir. “Yaşıl çəllək” böyrü üstə çevrilir və .... yenidən kök verir. Elə böyrü üstə uzandığı vəziyyətdə böyüyür, üstəlik, “zümzümə” də edir, çünki onun tikanlarında toplanan elektrik yükü çırtıldamağa başlayır.
Kaktuslardan paltar və adyal üçün lif, kağız, içki, şəkər, dərman, boya istehsal edir, hasar çəkirlər. Kaktuslar heyvanlar üçün yemdir. Elə insanlar da bu “ətiacı” tikanlı bitkidən növbənöv yeməklər hazırlamağı öyrəniblər.
25.11.2013