Bu maraqlıdır!

Atom - bölünməz hissəcik

Müasir dövrümüzdə “atom” sözünü eşitməyən adam çətin tapılar. Axı, biz atom elektrik stansiyalarının, atom sualtı gəmilərinin, atom bombasının mövcud olduğu bir əsrdə yaşayırıq. Lakin bir vaxtlar atom  barədə heç kəs heç nə bilmirdi.

 

Atomun mövcudluğu barədə ilk təsəvvür eramızdan əvvəl IV-V əsrlərdə qədim yunan filosofu Demokrit tərəfindən irəli sürülüb.  O, təxminən belə düşünürdü: biz təbaşir parçasını iki yerə bölürük, sonra onun yarısını,  daha sonra dörddə bir hissəsini ayırırıq. Maddəni nə qədər xırdalamaq mümkündür?  Bu prosesin sonu varmı? Alim təxmin edirdi ki, sonda o dərəcədə  xırda hissəcik alınır ki, daha onu bölmək mümkün olmur. Bax elə bu bölünməz hissəciyi Demokrik “atom” (atomos yunan sözü olub bölünməz deməkdir) adlandırıb. Lakin bütün cisimlərin xırda və bölünməz hissəciklərdən ibarət olmasına insanları inandırmaq çox çətin idi.  Çox əsrlər sonra alimlərin tədqiqat əsərləri sayəsində atomun varlığı sübuta yetiridi.

 

Zəmanəmizdə yüz milyonlarla dəfə böyüdən çox güclü mikroskoplar yaradılıb.  Onların köməyi ilə hətta bəzi atomların fotoşəkli çəkilib.  Məsələn,  1990-cı ildə Yaponiya alimləri  hidrogen və oksigen  atomlarının fotoşəklini çəkiblər.

 

Hələ 1910-cu ildə  ingilis fiziki Ernest Rezerford  atomun planetar  modelini təklif edib.  Atomun sadələşdirilmiş modeli belədir:  mərkəzdə həcmi çox kiçik olan müsbət yüklü ağır nüvə yerləşir, nüvənin ətrafında mənfi yüklü kiçik və yüngül elektronlar  hərəkət edir.  Nüvə iki tip  hissəcikdən  - yüksüz protonlardan ibarətdir.  Təbiətdə təsüdüf edilən  ən sadə atom hidrogen atomudur. Onun atomu bir protondan  və ətrafında dolanan  bir elektrondan  ibarətdir. Helium atomu mürəkkəbliyinə görə ikinci yerdədir. Quruluşuna görə ən mürəkkəb atom urana məxsusdur.

 

İndi artıq  atomun ölçüləri də məlumdur: bir santimetrin təxminən  yüz milyonda  biri (10̄̄̄̄̄̄̄̄ 8 sm) qədər. Atomun nüvəsi isə atomun özündən on minlərlə dəfə kiçikdir. Atomun və nüvəsinin ölçülərində fərqi hiss etmək üçün hidrogen atomunun nüvəsinin  diametrini xəyalımızda 1 santimetrə qədər artıraq. Atomun özünün ölçüsü  100.000 dəfə  çoxdur, ona görə də gətirdiyimiz misalda atomun diametri 100.000 santimetr, yaxud  1 kilometr olmalıdır.

 

Daha bir yaddaqalan misal gətirək: insan bədənini təşkil edən atomlarda  elektronların hamısı öz  nüvələrinə sıx yaxınlaşsaydı,  insan, həcmi  bir kubmillimetrin   milyonda bir hissəsindən çox olmayan balaca bir  varlığa çevrilərdi.

 

Adi şəraitdə  atom  yüksüzdür (elektrik cəhətdən neytraldır). Nüvəsinin müsbət, ətrafındakı  elektronların mənfi yüklü olmasına baxmayaraq, onların yükü kəmiyyətcə   bərabərdir (məsələn, hidrogen nüvəsinin  yükü +1, ətrafında dolanan elektronun yükü isə -1-dir. Toplayanda sıfır yük  alınır).

 

Atomlar müxtəlif səbəblərdən bir və ya bir neçə elektron itirə bilər. Onda belə atomlar müsbət yüklənir və müsbət ionlar adlanır. Əksinə də olur. Atomlar artıq elektron əldə edərək mənfi  ionlara çevrilir.

 

Yəqin ki, bütün deyilənlərdən başa düşdünüz: Demokritin “bölünməz” hissəcikləri  çox mürəkkəb çıxdı.  Alimlər hələ də atomu tədqiq edirlər. Elm və texnikanın gələcək inkişafını belə tədqiqatlarsız təsəvvür etmək mümkün deyil. Atomların və hissəciklərin  quruluşunu və xassələrini bilməsəydik, indi nəinki televizor və kompyuterlərimiz,   elektrik və atom enerjisi ilə bağlı  heç nəyimiz olmazdı.