Dünyanın ən yumşaq xəzli heyvanı - Anqora dovşanı
Anqora dovşanları - çox yumşaq xəzi ilə fərqlənən bir neçə dovşan növünə verilən ümumi addır. Onların yumşaq xəzi bütün dövrlərdə olduqca dəyərli hesab olunub.
Ən qədim dovşan növü hesab edilən Anqora dovşanlarının vətəni Türkiyədir. Sonralar bu dovşanlar dənizçilər vasitəsilə Avropaya yayılıb. Bu heyvanların (həmçinin Anqora keçilərinin və pişiklərinin) adı tarixən Anqora adlanan Ankara şəhərinin adından götürülüb.
Hələ XVIII əsrin ortalarında Anqora dovşanları fransız zadəgan və kral ailələrində sevimli ev heyvanına çevrilmişdi. Daha sonra bu dovşanlar Fransa və İngiltərədən dünyanın digər ölkələrinə aparılmış və beləliklə XIX əsrdə bütün qitəyə yayılmışdı.
Anqora dovşanının çəkisi təxminən 3-4 kiloqramdır. Uzun tükləri onu zahirən yumşaq ip yumağına bənzədir. Başı kimi, bədəni də girdə və böyükdür. Ayaqları düz və möhkəm, qulaqları xırda və dikdir. Xəzi yumşaq, yüngül və zərifdir. Anqora dovşanları ağ, ağ xallı, aquti (parlaq qəhvəyi), boz və digər rənglərdə olurlar.