Dyula İyeş. Şəkil albomu
Atam
Süd dişim ağrımağa başlamışdı, çəkilməli idi. Atam ip tapıb bir ucunu ağrıyan dişimə, digər ucunu isə atelyenin dəmir qapısındakı toxmağa bağladı. Qapını aralayıb: “Qəfil itələmək slənlikdir”, – dedi. Əlimdən yapışıb qapının kənarından tutmağa məcbur etdi. Qorxulu baxışlarla atamı başdan-ayağa süzdüm. Ancaq o, arxasını çevirib gözləməyə başladı. Bütün cəsarətimi toplayıb sürətlə qapını çırpdım. Diş yerindən çıxdı, ağzımı qan götürdü. İndi də ağzımı açıb danışa bilmirdim. Atam: “Get, tüpür, ağzını yaxala”, – deyə qulağıma pıçıldadı.
Bunu bir kişilik əlaməti sayıb özümlə qürur duydum…
…Atamla birlikdə araba ilə fermadan çıxdıq. Vam üzüm bağlarının yaxınlığında sakit bir yeməkxana var idi, qarşısında dayandıq. Giriş qapısının üstündəki yazını qamçısının ucu ilə mənə göstərib dedi: “Mən içəri gedirəm, gələnəcən bu yazını oxu. Nədə çətinlik çəksən, məni çağırarsan”. Başqa bir söz demədən də oraya daxil oldu. Dərhal yazını oxumağa başladım. Qısa vaxt ərzində oxuyub qurtarandan sonra xəbər vermək üçün içəri – atamın yanına qaçdım.
“Sənə fürsət vermişəm, onu lazımınca dəyərləndir. Di get, mən gələnə qədər oxumağa davam elə”, – deyib məni bayıra yolladı…
Başqa bir dükanın qapısında da lövhə asılmışdı, biz onun qarşısından keçərkən atam cilovu dartıb: “Bunu da oxumağa çalış”, – dedi. O vaxt qapının qabağına çıxıb bizi yuxarıdan-aşağı süzən dükan sahibinə tərəf çönüb: “Təbii ki, sizə maneçiliyi yoxdursa”, – deyə sözünü bitirdi.
Alçaq səslə lövhədəki yazıları oxumağa başladım. Bu dəfə səhvsiz oxumağı bacara bilmişdim. Oxuyub qurtarandan sonra dükan sahibi ilə salamlaşıb yolumuza davam etdik. Bu arada, atam mənim görməyəcəyim şəkildə dükan sahibinə göz-qaşla işarə edirdi: “Nə deyirsiniz? Necədir?”
Atam azdanışan, çox dostu olmayan bir adam idi. Bəlkə də, elə buna görə araba ilə gəzib-dolaşmağı çox sevərdi. Əlinə fürsət düşən kimi arabaya minib fermadan uzaqlaşmaq istəyərdi.
Günlərin bir günü arabaya minib: “Gəl, yanımda otur, – deyə məni çağırdı, – ancaq səsin çıxmasın”.
Əslində, çox sakit bir uşaq idim.
Yola çıxandan sonra dağınıq, qarışıq bir döngəyə girdik. Çoban dəyənəyi düzəltmək üçün yaxşı bir ağac budağı axtardığımdan xəbərdar idi. Birdən atları dayandırıb bütün meşəliyi səssizcə gözdən keçirdi. Bir müddət onun baxışlarını izləyəndən sonra cib bıçağımı götürüb arabadan düşdüm. İstədiyim kimi ağac budağı gözümün qabağında sallanırdı.
Arabaya yenidən minəndə atam birdən-birə atları qamçıladı, yola düşəndə gülümsəyərək üzümə baxdı.
Zarafat etdiyini başa düşəndə arxasınca qaçmağa başladım: əslində, zarafatlaşmaqdan o qədər də xoşu gəlməzdi.
Atlar dördnala çapırdılar. Bir qədər sonra nəfəsimin kəsildiyini hiss etdim. Dayandım. Araba əməlli-başlı gözdən uzaqlaşmışdı. Artıq bir nöqtə kimi görünürdü.
Bələd olmadığım, kimsəsiz meşənin ortasında təkbaşına qalmışdım. Getdikcə qorxmağa başladım. Evimizi necə tapacaqdım? Ayaqqabılarım yırtılmış, ayaqlarım yaralanmışdı.
İrəli gələ-gələ qarşıdakı təpələrin birində arabanı güc-bəla ilə seçə bildim. Ora çatanacan xeyli vaxt keçdi. Nəhayət, tullana-tullana atamın yanında oturdum.
Babam
“Kimin oğlusan sən?”
Bu, çox xoşagəlməz bir sualdır. Adətən, davaya qarışanda ya da tutulanda verilir bu sual. Əgər kimsə sırf öyrənmək xətrinə soruşursa, həm atanın, həm də ananın adını demək bizim tərəflərdə adət halını alıb. Bir gün eyni sualı babam mənə verdi.
Babam haqqında deyirdilər ki: “Bir divdən fərqi yoxdur”. Düzü, reallıqda balaca olmasına baxmayaraq, onu bu sözə görə gözümdə çox böyütmüşdüm. Qarşılaşanda ayağındakı çəkmələr daim diqqətimi cəlb edərdi. Nağıllarda divlərin geyindiyi çəkmələri xatırladardı mənə. Babam diqqətçəkən bir kürsüdə əyləşərdi – yayda evin qarşısındakı çəmənliyə, qışda da sobanın yanına qoyardılar.
Babamı ildə ancaq iki dəfə – Pasxada və Yeni ildə görərdim. Həmin illər Boniqəddə yuxarı sinifdə oxuyurdum. Məktəbə gedib-gələrkən yolum Dombovardan keçirdi. Babamın orada – kəndin lap mərkəzində bağçalı-bağlı, geniş həyətli, böyük, iki evi var idi. Ziyarətinə gələn hər qohum-əqrəba uşağına bir kuron cibxərcliyi verərdi. Bunu ilk dəfə məktəbə gedəndə böyük qardaşımdan öyrənmişdim.
Nənəm dünyasını dəyişən gündən illər ötmüşdü. Buna görə də babam evin bir küncündə – gəlinlərinin təmizlədiyi bir otaqda həyatının son günlərini keçirməyə çalışırdı.
Otağına daxil olanda bütün qayğılardan uzaq dərin bir yuxuda gördüm onu. Yanındakı pəncərənin eşiyində – əlinin çata biləcəyi bir yerdə içində nə olduğunu sezə bilmədiyim bir şüşə qab var idi. Oyananda bığ kimi aşağı sallanan qaşlarının altından acıqlı halda üzümə baxdı. Yuxulu-yuxulu dikəldi, gözü stolun üstündəki mahnı kitabına sataşdı.
— Mən bu saatlarda mahnı oxuyuram, – dedi.
Mən də:
— Ancaq yatmışdınız, babacan, – deyə cavab verdim.
Gözlərini ovxalayıb boğazını arıtlayandan sonra yenə məni süzməyə başladı. Özünü saxlaya bilməyib soruşdu:
— Nəsə istəməyə gəlmisən?
Bu adam uşaqlığımda məni uzunqulağa mindirmiş, kürəyində gəzdirmişdi… İndi isə tanımamağı mənə çox təsir etdi.
— Sizə baş çəkməyi tapşırmışdılar, ona görə gəlmişəm.
— Kimə? Mənə?
— Atamın atasına.
Belə danışmağımın qəribə səsləndiyinin fərqinə vardım. Bu sözlərimə qarşılıq olaraq kifayət qədər soyuq şəkildə soruşdu:
— Sən kimin oğlusan?
— Atamın oğluyam, – deyə əsəbi halda cavab verdim.
Gözlərini bir də maraqla mənə dikdi, bir xeyli süzəndən sonra:
— Başa düşmədim, sən kimin oğlusan? – deyə yenə soruşdu.
Adəti yerinə yetirib atamın və anamın adlarını söyləmək məcburiyyətində qaldım. Bu dəfə də:
— Axı hansı oğlusan? – deyə soruşmadımı…
O vaxtlar uşaqların xaç adını söyləməyi heç sevmədiyi bir yaşda idim. Özümə yad bir şəkildə – qəzəb və kinlə o adı başıma vururmuş kimi dodaqlarımın arasından güclə çıxardım.
Babam:
— O səndən daha balaca olmalı idi, – dedi.
— İnanmırsınızsa, buyurun, baxın, – deyə gündəliyimi çantamdan çıxarıb onun qabağına qoydum. – Baxın, görün burada nə yazır?
Əvvəllər qiymətləri yaxşı olan bir gündəliyə görə bir kuron verərdi. Bir neçə sinif oxuyub məktəbi atan qohumların uşaqlarının çoxu gündəlik göstərmədiklərindən indi o qədər də buna fikir vermirdi.
Eynəyi qarşısında idi. Birdən əlini ona uzatmaq istədi, ancaq nə oldusa, cibinə saldı. Cibindən dəbdəndüşmüş, köhnə bir pulqabı çıxardı. Bir qədər içini eşələdikdən sonra bir kuronu pəncərənin eşiyinə qoyub dedi:
— Al, qoy cibinə.
Ancaq mən götürmədim, çünki pulu mənim əlimə verməmişdi, odur ki olduğu yerdə qaldı.
Bir müddət heç tərpənmədən ayaq üstə dayandım.
— Yaxınlaş mənə! – dedi.
Hələ də tərpənmədiyimi görən babam ayağa qalxdı. Çəkmələri cığıldaya-cığıldaya stolun başına gəlib çekmecəni açdı.
— Bəlkə, sənə Sobrisin bıçağını hədiyyə edim?
Onu da nəzərə çatdırım ki, Sobris yaşadığımız yerdə, yəni Lapaföldə qəhrəmancasına vuruşduğu bir döyüşdən sonra gözlərini əbədi yuman igid idi. Onun bıçağının yanında Atillanın qılıncı belə dəyərsiz görünərdi.
Parlaq, təptəzə bir cib bıçağını mənə uzatdı. Cib bıçağını nəzərdən keçirərkən bir anlıq başımı qaldıranda babamın gülümsədiyini gördüm. O vaxtlar bıçağı qurur və həvəslə gəzdirəsi yaşda idim. Az qala sevincdən göyə uçacaqdım.
Qoca mənimlə yaxşı zarafatlaşmışdı.
Nə yalan deyim, mənim də çox xoşuma gəlmişdi.
Mənim şəklim
Təsirləndiyim duyğuların, hisslərin, etdiyim müşahidələrin artıq mənim üçün heç bir mənası yox idi. Bəzi xüsusi günlər, tarixlər qalmışdı xatirimdə… Ancaq onlar…
…On dörd yaşım vardı. Yoldaşlarımla məktəbdən evə qayıdarkən B. və Sz. küçələrinin kəsişdiyi yerdə bir qədər dayanıb boşboğazlıq edərdik.
Bir gün qızların şanssızlığından söz açmışdıq. Sırğa taxmaq üçün yazıqların qulaqlarını deşirdilər. Qulaq məməsində heç bir sinir olmadığını söyləyəndə yoldaşlarım B. və T. mənə inanmadılar.
Elə buna görə də S. yaxalığından bir sancaq çıxarıb mənə verdi: “Özündə yoxla, biz də görək”.
Heç qorxmadan sancağın iynəsini qulağımın məməsinə batırdım.
— Ağrıyırmı? — deyə soyuqqanlı halda soruşdular.
— Xeyr, — dedim.
— Baxaq görək o biri qulağın ağrıyacaqmı? — deyib başqa bir sancağı da mənə uzatdı.
O biri qulağımı da deşdim.
İndi qalibiyyətin verdiyi sevinclə qulağımda iynəli sancaqlar, yolun ortasında dimdik dayanmışdım…
…Budur, daha bir dəyərli şəkil. Bu mənim ilk şəklim idi. Ailəmlə idim. Bir məhsul bayramı vaxtı anam, qardaşlarım, əmiuşaqlarım və qonaqlar çəkdirmişdilər. Mən də bunların arasında gənc və gözəl bir qadının qucağında oturmuşdum. Əlimdə göbəyimdən diziməcən sallanan üzüm salxımı var idi. Şəkildəkilərin hamısının gözləri kameraya baxdığı halda, mənimkilər bağlı idi. Yəqin, yenə xəyallara dalmışdım… Qucağında oturduğum gözəl qadının əlində də bir üzüm salxımı var idi. O mənim əvəzimə də inam və cəsarətlə baxırdı gələcəyə…
30.07.2026