Səbahəddin Əli. Qaranquşlar
Şəhərin çıxacağında, kiçik bir dərənin kənarında budaqları suya toxunan qoca bir söyüd ağacı var idi. Baharın əvvəllərində bu ağacın budaqlarına bir dişi qaranquş qondu. Dərənin bu başından o başına ildırım kimi şığıdı, bəyaz sinəsini suya toxunduraraq şəffaf qanadlı kiçik böcəkləri tutub digər qaranquşlara baxmağa başladı. Başını xırda-xırda yelləyirdi. Dərin düşüncələrə daldığı bəlli idi.
Söyüdün budaqları xışıldadı. Bir erkək qaranquş da uçub gəldi, dişi qaranquşun qarşısındakı budağa qondu.
Qaranquşlar arasında təklif ya tanışlıq olmaz, bu quşlar da uzun-uzadı özlərini təqdim etmədən danışmağa başladılar və çox qısa bir vaxtda yoldaş oldular.
Əvvəla, havadan, sudan, ordan-burdan danışdılar. (İki nəfər bir-birini yeni tanıyanda havadan, sudan danışmaq adətdəndir.) Ancaq bir az söhbət edəndən sonra erkək qaranquş iki budaq irəli qondu, dişi qaranquş daha az çəkindi.
Söhbət daha qızğın hal aldı.
“Olə bilər” deməyin, iki qaranquşun yaz ayında – hamı dörd bir tərəfə dağılıb çalışdığı vaxtda söyüd budağında oturaraq dostlaşıb söhbət etməsi tez-tez görünən iş deyil.
Bizim bu qaranquşların ikisi də əntiq idilər, yəni digərlərinə bənzəmirdilər. (Bizim tərəflərdə başqalarına bənzəməyənlərə “əntiq” deyirlər.) Əvvəlcə dişi qaranquş dərin mövzudan söz açdı:
— Siz heç çalışmırsınız…
Başqa qaranquş olsaydı, o saat: “Bəs siz nə üçün burada boş-bikar oturursunuz?” — deyə sualla cavab verib mübahisə edərdi. Ancaq bizimki dərindən bir ah çəkib susdu.
Dişi qaranquş onun söyləmək istədiklərini anlayırmış kimi başını tərpətdi və gözlərini aşağıda şırıltı ilə axan suya dikdi.
Bir müddət beləcə susdular. Birdən erkək qaranquş gözlərini dişi qaranquşa çevirib sözə başladı:
— Bir bunlara baxın… — və aşağıda çarpaz uçan, toxuculuq dəzgahının məkiklərinə oxşayan qaranquşları göstərdi. — Baxın bunlara… Səhər, axşam deməyib, yayı qışdan ayırmayıb hey çalışırlar. Bir dəfə onlardan soruşdum ki: “Nə üçün dayanmadan işləyirsiniz, yoruldum demədən əlləşib-vuruşursunuz?” Cavab vermədilər, çiyinlərini çəkib yanımdan uzaqlaşdılar.
Dişi qaranquş söylədi:
— Bir-birimizə “sən” deyə müraciət edə bilərikmi?
Erkək qaranquş dərin sözlərinə cavab olmayan bu sualı gözləməsə də, təklifdən xoşu gəldi və yenidən sözünə davam etdi:
— Düzünə qalsa, utanıram, — dedi. — Bütün quşları bir sıraya düzsələr, yəqin ki, biz ən axırda olarıq. Hər halda üst-başımız, geyim-keçimimiz yerindədir. Ağıl cəhətdən isə səhərdən-axşama cəh-cəh vurub avazla bağıran bülbüldən, hər halda, üstünük. Qanadımızı bir dəfə çırpanda ən sürətli uçan göyərçindən çox yol qət edirik. Halbuki bütün quşların ən biçarəsi sanki bizik, heç dayanmadan, nəfəs almadan əlləşib-vuruşuruq. Bu əhlikef sərçə belə üç günlük ömrünün dadını çıxardır, biz isə arasından uçduğumuz ağacların fərqinə vara bilmirik.
Bir az susdu, dişi qaranquşa ötəri baxdı:
— Sabah ölüb gedəndən sonra biri bizdən soruşsa ki: “Dünyada nə gördünüz?” Hər halda, cavab verməyə sözümüz olmaz. Ora-bura tələsməkdən görməyə vaxtımız qalar ki?
Dişi qaranquşun gözlərini kədər buludu aldı:
— Ah, sən də eynən mənim kimi düşünürsən.
Erkək qaranquş dedi:
— Doğrusu, səni burada təkbaşına görüncə mənim kimi fikirləşdiyini başa düşmüşdüm. Məgər doğru deyilmi? Bu dünyanı yaxşıca görmədən, həyatın nə olduğunu anlamadan köçüb gedəsiyiksə, onda nə üçün bura gəlmişik? Fərqinə varmadan sonra yaşamağımızın nə mənası var?
Dişi quş onu təsdiq edirmiş kimi başını yellədi:
— Ətrafımıza göz gəzdirdikcə, — dedi, — mən də sənin kimi dörd tərəfə uçuşan qaranquşlardan başqa bir şey görmürəm. Öz-özümdən soruşuram ki, görəsən, mən də onlardanam? Sonra isə “onlardan deyiləm, deyəsən” deyirəm özümə. Onlar da məni sən deyən sevmirlər. Nə edim, mən də burada oturub ətrafıma baxıram. Siz də… şey… sən də gəlməsən, bu yayı təklikdə başa vuracaqdım.
Axşamtərəfi quşların söhbəti daha da dərinləşdi… Sonra ayrıldılar və bundan sonra hər gün görüşməyə başladılar.
Aman Allahım, bu quşlar daha nədən danışmırdılar?! Əgər qaranquşların yazmaq adəti olsaydı, bunların kitablarını, əlbəttə ki, universitetlərdə tədris edərdilər.
Getdikcə bir-birinə daha çox öyrəşdilər. Çox vaxt dişi qaranquş daha əvvəl gəlib gözlərini suya dikərək erkək qaranquşu gözləyərdi.
Bir gün çiçəklərdən, bir gün ulduzlardan, bir gün də digər qaranquşlardan bəhs edirdilər. Hər düşüncələri, hər fikirləri bir-birini tamamlayırdı.
Ancaq hər ikisinin qəlbində gizli-gizli böyüyən bir qorxu var idi – bir gün ayrılmaq qorxusu.
Heç biri bu qorxunu digərinə söyləməyə cəsarət etmirdi. Kim bilir, bəlkə də, yoldaşının yanlış anlayacağından çəkinirdi. (Çünki daxili, dərin duyğular həmişə səhv anlaşılır.)
Daxilən böyüyən ayrılıq qorxusu bütünlüklə onların düşüncələrinə hakim kəsilincə bunu münasib şəkildə qarşı tərəfə söyləmək üçün yollar axtardılar.
Məsələn: “Heç ayrılmasaq, olmaz?” — deyə bilərdilər, ancaq bu, dərinmənalı və anlaşılmaz idi. “Necə edək ki, ayrılmayaq?” “Bir yuva quraq”, — desələr, bu da çox bayağı səslənərdi və bu zaman digər qaranquşlar kimi bəsit həyat sürəcəklərinə inanırdılar.
Dünyanın faniliyindən, göy üzünün sonsuzluğundan, sulardan və digər quşların yaşayış tərzindən söhbət edərkən gözləri bir-birinə həsrətlə baxır, sanki “bir-birimizdən necə ayrılacağıq?” demək istəyirdilər.
Onlar bilirdilər ki, təsadüf o qədər də mərhəmətli deyil və bir-birinə qəlbən yaxın olanları ikinci dəfə qarşı-qarşıya gətirmir. Fəqət danışdıqları dil digər qaranquşların dili idi və bu dildə söyləmək istədikləri şeyləri deməkdən utanırdılar. Bu dil onların qəlbindəki təlatümlərə uyğun gəlmirdi.
Yavaş-yavaş, getdikcə gözlərinə və baxışlarına bir kədər çökdü. Dostluqdan-filan bəhs edərkən sanki səsləri titrəyirdi, bəlkə də, onlara elə gəlirdi. Ancaq bu zaman dərhal ikisindən biri qəhqəhə çəkir və söhbəti zarafata salıb aranı yumşaldırdı. Qəlbi incik olsa da… Nəhayət, bir gün ikisi də işin bu cür davam etməyəcəyini başa düşdü. Hər iki qaranquş ürəyini yoldaşına açmağa qərar verdi.
Səhər açılar-açılmaz, üz-üzə gələn kimi dişi qaranquş ürəyindən keçənləri gözləri ilə çatdırmaq istədi. Elə bu an qonduqları söyüd ağacından sarı bir yarpaq düşdü. Gah o yana, gah bu yana yellənərək aralarından keçdi və həmin vaxt mənalı-mənalı baxan dişi qaranquşun gözlərinin qabağını kəsdi.
Erkək qaranquş bu baxışları nə görə bildi, nə duya bildi. Ancaq ikisi də sarı yarpağı çox yaxşı gördü. Erkək qaranquş sözə başladı:
— Səndən heç ayrılmaq istəmirəm, — demişdi ki, bu dəm də vıyıltı ilə bir külək əsdi və dişi qaranquş yoldaşının sözlərini eşidə bilmədi.
Ancaq ikisi də soyuq küləyin səsini çox yaxşı eşitdi.
Bir-birinin gözlərinə baxdılar, artıq yuva qurmaq vaxtının keçdiyini, payızın gəldiyini, ayrılacaqlarını anlayırdılar.
İkisi də dərindən bir ah çəkdi. Başları üzərindən qaranquşlar uçub-gedir, isti yerlərə köç edirdilər.
Ayrıldılar və bir daha bir-birini görmədilər. Ancaq ikisi də kiçik dərənin kənarındakı söyüdü, orada keçirdikləri gözəl baharı və həmin yayı heç vaxt unutmadı. Və ikisi də belə bir yay keçirməyən digər qaranquşlara yuxarıdan aşağı baxdı… (Çünki nədənsə azlıqlar çoxluqlara yuxarıdan baxarlar.)
30.07.2026