Nağıllar, hekayələr

Əziz Sultan. Tülkü ilə kirpinin dostluğu

Tülkü ilə kirpi dost olmuşdu. Hər gün bir yerdə gəzər, söhbət edir, birgə oyun oynayırdılar. Kirpi hər dəfə əllərini açıb tullananda tülkü onun bədəninə diqqət yetirirdi. Bu iynəli kürkün altında gizlənmiş yumşaq bədəni ləzzətli yağlı tikə kimi təsəvvür edirdi. Əlinə keçən ilk fürsətdə onu yeməyin yolunu fikirləşirdi.

 

Günlərin bir günü tülkü kirpiyə dedi:

 

– Gəl o dağın başına çıxaq. Sonra yarışaq. Görək kim oradan aşağı birinci gəlib çatar?

 

Kirpi sevinclə onunla razılaşdı. Dostu ilə oynadığı hər oyun onun üçün maraqlı idi.

 

İki dost birlikdə dağa dırmaşmağa başladılar. Nəhayət, gəlib dağın başına çatdılar. Bu dağın bir tərəfi yastı yamac, o biri tərəfi isə hündür qayalıq idi. Buradan uzaqdakı göllər, yastı təpələr və geniş, yaşıl meşələr görünürdü. Qayanın aşağısından isə şırıl-şırıl çay axırdı. Kirpi heyrətlə mənzərəni seyr etməyə başladı. Onu bura gətirdiyi üçün dostuna təşəkkür etdi:

 

– Çox sağ ol, dostum! Dünyanın bu qədər gözəl, bu qədər böyük olduğunu bilmirdim. Yaxşı ki səninlə dost olmuşam.

 

Tülkü isə hiyləgərcəsinə ona baxıb altdan-altdan gülümsədi, sonra belə dedi:

 

– Mən dünyanın hər yanını gəzmişəm, hər üzünü görmüşəm. Mən də şadam ki, sənin kimi saf, təmiz, gözəl ürəkli dostum var.

 

Tülkü buraları çox yaxşı tanıyırdı. Kirpini dağın başına qəsdən gətirmişdi. Onu qayadan aşağıdakı çaya atmaq, sonra isə rahatlıqla yemək istəyirdi. Yoxsa ona əl vuran kimi qıdıqlanaraq dərhal qıvrılar, iynəli kürkünə bürünərdi. Belə halda ona toxunmaq mümkün deyildi.

 

İndi iki dost təpədəki qayanın ən hündür yerinə çıxmışdı. Kirpi gözləyirdi ki, bir azdan yarışa başlayacaqlar. Birdən tülkü özünü elə apardı ki, sanki ayağı sürüşdü. Qayadan düşməmək üçün uzanıb yerə yatdı. Bu zaman guya sürüşməsin deyə pəncəsini uzadıb kirpinin ayağından tutdu. Məqsədi cəld bir hərəkətlə onu çəkib aşağı tullamaq idi. Bir az ləng tərpənsə, kirpi yenə qıvrılacaq, iynəli topa çevriləcəkdi.

 

Dostunun ayağının sürüşdüyünü görəndə kirpi heç də tülkünün fikirləşdiyi kimi hərəkət etmədi. O düşündü ki, tülkü qayadan aşağı düşə bilər, tez ona kömək etmək lazımdır. Cəld tərpənib tülkünün ona uzanan pəncəsindən ikiəlli yapışdı. İstədi ki, onu çəkib bu təhlükədən xilas etsin.

 

Tülkü hələ də onu qayadan aşağı atmaq fikrində idi. Çoxdandır gözlədiyi bu fürsəti əldən verə bilməzdi. Bu yağlı tikə üçün neçə-neçə oyunları istəmədən oynamış, neçə-neçə göbələyi canı çəkmədən yeməli olmuşdu. İndi kirpini tələyə salmağın əsl vaxtı idi. Kirpi isə ayaqlarını sıxıb sanki yerə yapışmışdı.

 

Buradakı – dağın başındakı ağacın kökləri torpağın üzünə çıxmışdı. Yağış torpağı yuyub apardığına görə qayalıqdakı ağacların çoxu belə idi. Kirpi ağıllı iş görüb vaxtında bu möhkəm köklərdən tutmuşdu. O, tülkünü möhkəm saxlamaq və qayalıqdan çıxarmaq istəyirdi. Tülkü o tərəfə çəkirdi, kirpi bu tərəfə, tülkü o tərəfə çəkirdi, kirpi bu tərəfə…

 

Nəhayət, kirpinin iynələri tülkünün pəncəsinə batdı. Bu ağrıya daha çox dözə bilməyən tülkü kirpini dartmaqdan vaz keçib onun olduğu tərəfə atıldı. Var gücü ilə yapışan kirpi hələ də onun pəncəsini buraxmadığına görə bir-birinə dolaşıb arxaya tərəf yıxıldılar. İndi ikisi birlikdə gəldikləri yamacdan üzüaşağı yumalanmağa başlamışdılar. Kirpi hələ də onun əlini – pəncəsini tuturdu. Onlar diyirləndikcə gah biri altda qalırdı, gah da o birisi. Hər dəfə kirpi altda düşəndə tülkünün acı səslə çığırtısı eşidilirdi:

 

– Ay, of, aman, ax!..

 

Dağın ətəyinə çatanda tülkü başa düşdü ki, kirpi ilə başa çıxa bilməyəcək. Ondan əl çəkib ayrı bir ov axtarmaq qərarına gəldi. Axsaya-axsaya ondan uzaqlaşdı. Kirpi də tülkünün bəd niyyətini başa düşdü. Axı dost dostuna xəyanət etməz. Beləcə, onların “dost”luğu sona çatdı.